GÜNÜN SİYASİ XÜLASƏSİ - Dünyanı dəyişdirəcək GÖRÜŞ, təhlükəli planın DETALLARI...

29-06-2018, 00:20           

Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı təlimlər keçirəcək. ABŞ İranı nüvə silahını yaratmaq niyyətindən imtina etməməkdə ittiham edib. İran Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniyanın xarici işlər nazirləri səviyyəsində “beşliyin” görüşünün keçirilməsini təklif edib. Rusiya və ABŞ prezidentləri iyulun 16-da Helsinkidə görüşəcəklər. Vaşinqton Avropada yerüstü raket qurğularının yerləşdirilməsi üçün infrastrukturun praktik bərpasına başlayıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, iyulun 2-dən 6-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçiriləcək. Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.

Suriyadan son bir neçə gün ərzində 13 təyyarə, 14 vertolyot və şəxsi heyətin 1140 üzvü çıxarılıb. Bu haqda Rusiya prezidenti Vladimir Putin Kremldə ali hərbi məktəblərin məzunları ilə görüşündə deyib.

ABŞ qarşımızda diz çökəcək. Bunu jurnalistlərə açıqlamasında İran Prezidenti Həsən Ruhani deyib.

“Heç bir halda ABŞ-ın qarşısından geri çəkilməyəcəyik. Milli, tarixi yüksəkliyimizi qoruyub saxlayacağıq və ABŞ-ı diz çökdürəcəyik”, - o bildirib.

Daha əvvəl isə ABŞ-ın Dövlət katibi Mayk Pompeo İranla bağlı açıqlama yayıb. O, Rusiyanın İranı Suriyadan çıxarmalı olduğunu bildirib:

“Söhbət burada Rusiyanın imkanlarından gedir. Əgər Rusiya iranlıların Suriyadan getməsinə nail olsa, o zaman mən bunu alqışlayacağam”.

ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi təmsilçisi Nikki Heyli İranla bağlı növbəti açıqlama verib. N. Heyli İranı Yaxın Şərqə silah göndərmək, səyahət qadağalarına meydan oxumaq və terror təşkilatlarına dəstək verib bölgənin sabitliyi pozmaqda ittiham edib.

“Birləşmiş Ştatlar İrana təzyiq göstərməyə davam edəcək və hesab edir ki, başqa ölkələr də bu istiqamətdə Vaşinqtonu dəstəkləyəcək”. Bu haqda Nyu-Dehlidə “Observer Research Foundation” tədqiqat mərkəzində çıxışında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

Onun sözlərinə görə, Birləşdirilmiş Ştatlar hesab edir ki, İran nüvə silahını yaratmaq niyyətindən imtina etməyib.

Amerika diplomatı Donald Tramp administrasiyasının İranla nüvə sazişindən çıxışı haqqında qərarın səbəbini izah edib. Heylinin sözlərinə görə, ABŞ İranda təhdid mənbəyi görür və belə fikir gümanlarla deyil, sübutlarla əsaslandırılıb.

“İranla sazişə baxmayaraq, biz görürük ki, ölkə rəhbərliyi BMT Təhlükəsizlik Şurasının qətnaməsini pozmağa davam edirlər. Onlar ballistik raketlərin hazırlanmasına davam edirlər. Onlar Yəməndə üsyançılara silah satmağa davam edərək terrorizmi dəstəkləyirlər. Yaxın Şərqdə hər münaqişənin arxasında İranı görürük”, - ABŞ-ın daimi nümayəndəsi iddia edib.

O təsdiqləyib ki, Birləşdirilmiş Ştatlar siyasi və iqtisadi təzyiqin köməyi ilə İranı danışıqlar stoluna oturmağa, güzəştə getməyə və nüvə proqramı haqqında dəyişikliklərə məcbur etmək niyyətindədir.

“Biz İrana təzyiq göstərməyə davam etmək niyyətindəyik və ümid edirik ki, bizə başqa ölkələr də bizə qoşulacaq. Çünki, İran bizim gözlərimizdə daha bir Şimali Koreyadır”, - amerikalı diplomat deyib.

İran Rusiya, Böyük Britaniya, Fransa, Çin və Almaniyanın xarici işlər nazirləri səviyyəsində “beşliyin” görüşünün keçirilməsini təklif edib. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp iyulun 16-da Helsinkidə görüşəcəklər. Bu haqda Kremldən bildiriblər.

Rusiya və ABŞ liderlərinin görüşünün keçirilməsi haqqında son razılaçma Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun iyunun 27-də Moskvaya səfər zamanı əldə edilib.

Hada əvvəl ABŞ prezidenti bildirib ki, Rusiya prezidenti ilə Suriya və Ukrayna məsələlərini müzakirə etmək niyyətindədir.

“London ehtiyat edir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin mümkün razılaşmaları NATO-da böhran yarada bilər”. Bu haqda “The Times” qəzeti yazıb.

Qeyd edilir ki, Britaniya hökumətinin üzvləri qorxularını ifadə edirlər ki, Putin Trampı ABŞ-ın Avropa qarşısında hərbi sahə üzrə öz öhdəliklərinin həcmini azaltmağa inandıra bilər.

Vaşinqton Avropada yerüstü raket qurğularının yerləşdirilməsi üçün infrastrukturun praktik bərpasına başlayıb. Bunu Federasiya Şurasında çıxış edən zaman Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözlərinə görə, Moskva ABŞ-ın bu addımını cavabsız qoymayacaq:

“Zamanında ABŞ yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma çərçivəsində "Tomaqavk" ailəsinə aid raketlər üçün nəzərdə tutulan yerüstü infrastrukturu ləğv etmişdi. Bu imkan verdi ki, bu tip silahların quruda yerləşdirilməsi potensialını etibarlı şəkildə ləğv edə bilək. Lakin üstündən bir neçə onil keçdikdən sonra ABŞ bu cür infrastrukturu quruda bərpa etməyə başlayır və bununla da imzaladığı razılaşma çərçivəsində üzərinə götürdüyü öhdəliyi pozmağa çalışır. Söhbət xüsusilə Avropada yerləşdirilən "Aegis Ashore" hava hücumundan müdafiə kompleksləri, eləcə də çoxfunksiyalı Mk-41 qurğularının genişləndirilməsindən gedir. Bu qurğular orta mənzilli raketlərin buraxılması üçün istifadə edilə bilər. Destabilizasiya yaradan bu addımı biz cavabsız qoya bilmərik”.

Bu gün Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası”na (“DXR”) Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) 78-ci humanitar konvoyu çatır. Bu barədə “DXR”dən bildiriblər. Vurğulanıb ki, söhbət 288 ton yükdən gedir. Ukrayna tərəfi də humanitar yardım adı altında Donbasa növbəti silah partiyasının çatdırıldığını iddia ediblər.

Ukraynanın “Obozrevatel” nəşrinə danışan ekspertlər Rusiyada futbol üzrə dünya çempionatının tamamlanmasından sonra Donbasda münaqişənin eskalasiyası ssenarisini tamamilə ehtimal hesab edilər.

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin inkişafının Avropa və avroatlantik kursu haqqında Konstitusiyaya dəyişikliklərini yaxın vaxtlarda Ali Radasının müzakirəsinə daxil edəcək. Bu haqda dövlət başçısı Ukraynanın Konstitusiya günü münasibəti ilə təntənəli tədbirdə çıxış zamanı bildirib.

“Yaxın vaxtlarda Konstitusiyaya dəyişikliklər üzrə layihəni Ali Radanın müzakirəsinə təqdim edəcəm. Dəyişikliklər bir-biri ilə sıx bağlı olan iki strateji hədəfimizi möhkəmləndirəcək. Bunlar Ukraynanın Avropa İttifaqı və NATO-ya girişidir”, - Poroşenko vurğulayıb.

Prezident əminliyini ifadə edib ki, parlamentdə bu dəyişikliklərin səsverməsi üçün 300 səs toplamaq imkanıp var.

Poroşenko həmçinin bildirib ki, Kiyevin Krım üzrə mövqeyi ölkənin əsas qanununda əksini tapmalıdır.

O, Konstitusiya komissiyasını layihənin hazırlanması üzrə işi aktivləşdirməyə çağırıb.

Ukrayna prezidenti iyunun 15-də bildirib ki, Konstitusiya komissiyası layihə üzərində işi başa çatdırmaq üzrədir. \\publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.