Almaniyada sığınacaq axtaran şəxslərlə bağlı yeni və ciddi QAYDALAR
4-07-2018, 01:37
Angela Merkel və Horst Zeehofer / Foto © AP/dpa
Almaniyada sığınacaq axtaran şəxslərlə bağlı yeni və ciddi qaydalar qəbul edilib. Bu barədə AzEuroNews.com-a “Legat” inteqrasiya mərkəzindən məlumat veriblər. Məlumatda deyilir ki, Almaniya kansleri Angela Merkel daxili işlər naziri Horst Zeehoferlə razılaşmadığı üçün onun miqrasiya ilə bağlı bəzi təkliflərini dəstəkləmirdi. Buna görə də liderlər arasında mübahisələr son bir ayda səngimədən davam edirdi.
Merkel bir neçə gün öncə Avropa liderləri ilə miqrasiya böhranından xilas olmaq üçün ümumi razılıq əldə etsə də, bu razılaşma daxili işlər naziri H. Zeehoferi qane etməmişdi. H.Zeefofer hətta bazar günü hökümətdən istefa ərizəsini Xristian Sosial Birlik (CSU) partiyasına təqdim etmişdi. Lakin partiyanın məclisi onun ərizəsini qəbul etməyərək bir qədər gözləməsini xahiş etmişdi.
Ötən gün axşam saatlarında Daxili İşlər Naziri, 68 yaşlı Horst Seehoferlə Merkel arasında bu problemlə bağlı hələ ki, sonuncu olan görüş keçirildi. Saatlarla davam edən görüşdən sonra sığınacaq axtaran şəxslərlə bağlı siyasətin müəyyən olunmasında kompromis əldə olundu. Bu razılaşma həm də XDC / XCC ittifaqının qorunub saxlanılmasına səbəb oldu.
Berlində baş tutan müzakirədən sonra Zeehofer mətbuata “biz razılaşa bildik” açıqlamasını verdi. Zeehofer həmçinin nazir vəzifəsində qalmaq istədiyini də bildirdi: “Bu dəqiq razılaşma mənə daxili işlər naziri vəzifəsində qalmaq imkanını verir”.
Merkel də “gərgin müzakirələrdən sonra yaxşı kompromisin tapıldığını bildirib”.
Razılaşmaya görə Avstriya ilə sərhəddə qanunsuz miqrasiyanın qarşısının alınması üçün yoxlamalara start veriləcək. Eyni zamanda Alman-Avstriya sərhədlərində tranzit mərkəzlər tikiləcək və həmin mərkəzlərdə Avropa İttifaqına üzv olan başqa ölkələrdə əvvəllər qaçqın statusu almaq üçün müraciət etmiş şəxslər yerləşdiriləcək. O mərkəzlərdə saxlanılan, sığınacaq axtaran şəxslər ilkin olaraq qeydiyyatdan keçdiyi ölkələrə qaytarılacaq.
Razılaşmada o da əks olunub ki, müvafiq razılaşmalara və sazişlərin tələblərinə uyğun olaraq Almaniya sığınacaq axtaran şəxsləri aidiyyəti üzrə müvafiq ölkələrə göndərilməsini təmin edəcək.
Uzun müüddətdir ki, Merkellə Zeehofer arasında əsas mübahisə və onların kompromisə gəlməklərini əngəlləyən bu sahə idi.