Bakıdan ABŞ-a uçan təyyarələrdə “ağ toz” qadağası - təfərrüat
6-07-2018, 13:22
Azərbaycandan Amerikaya uçan təyyarələrdə bəzi qadağalar qoyulub. Belə ki, “Azərbaycan Hava Yolları” QSC-nin yaydığı məlumata görə, Nəqliyyatda Təhlükəsizlik İdarəsinin (TSA) sərəncamına əsasən Amerika Birləşmiş Ştatlarına və Amerika Birləşmiş Ştatlarından bütün uçuşlarda sərnişinlərin əl yükündə 350 ml-dən çox tozvari maddələrin daşınmasına qadağa qoyulur.
Məlumata görə, belə maddələrə un, şəkər, qəhvə, ədviyyatlar, quru süd və digər bənzər məhsullar da daxildir. Uçuş zamanı bu cür maddələr sərnişinə lazım olmayacağı təqdirdə onlar qeydiyyatdan keçən baqaja təhvil verilməlidir.
350 ml-dən çox həcmli dərmanlar (tozlar) və uşaq qidası hava gəmisinin salonunda yalnız bağlı şəkildə daşına bilər. Hava limanlarının rüsumsuz zonalarında (Duty Free) alınan məhsullar bağlı şəkildə və alışı təsdiq edən qəbzin mövcud olması şərti ilə daşınmaya qəbul edilir. Məlumatda həmçinin bildirilir ki, qadağa edilmiş maddələrin əl yükündə daşınması məsələsinə Bakı və Nyu-York hava limanlarında aviasiya təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən ciddi nəzarət ediləcək.
Maraqlıdır, Azərbaycandan Amerikaya uçan təyyarələrdə bu qadağalar hansı ölkənin təşəbbüsü ilə qoyulub?
Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski “Yeni Müsavat”a danışıb: “Bu qadağa Amerika tərəfinin şərtidir. Həmçinin Amerikanın bu şərti bütün aviaşirkətlərə aiddir. Bizim aviaşirkət də sərnişinləri maarifləndirmək üçün bu açıqlamanı yayıb. Həmin maddələrin nədən qadağan olunmasına gəldikdə isə internet resuslarında bu barədə kifayət qədər məlumat var”.
Qeyd edək ki, bəzi əşyalar var ki, bütün təyyarələrdə əl yükündə, həmçinin baqajda aparmaq qadağandır. Məsələn, turşuların, qələvinin, civənin (bu tərkibli müxtəlif cihazların) aid olduğu aşındırıcı zəhərli maddələri, eləcə də maye akkumulyator batareyaların təyyarələrdə aparılması qadağandır. Həmçinin tezalışan bərk və ya maye maddələri, məsələn, kibrit, alışqan və s, təyyarəyə su ilə təmas zamanı ayrılan alışa biləcək qazları, öz-özünə alışa bilən maddələri və alışqanları doldurmaq üçün lazım olan maye, peroksid, ağardıcı tozlar və s. bu növ maddələr, partlayıcı və od təhlükəsi olan əşyalar qadağandır.
Əksər aviaşirkətlərdə isə manikür qayçıları, ülgüc, mil və burğular da daxil olmaqla, bütün kəsici əşyalar, spreylər, kremlər, gellər, şampunlar, su və müxtəlif içkilərin aparılması qadağandır. Səbəb isə uçuş zamanı təhlükəsizliyin qorunması ilə bağlıdır.