BMT-nin Qarabağa dair daha bir qətnamə qəbul etməsi istənildi

28-07-2018, 08:45           
BMT-nin Qarabağa dair daha bir qətnamə qəbul etməsi istənildi
Politoloq: “Yeni qətnamənin qəbulu nəzəri cəhətdən mümkündür, ancaq...”

Politoloq Eldar Namazov “Amerikanın Səsi” radiosuna müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış durumdan danışıb. O bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni qətnaməsi qəbul olunmalıdır. “Çünki əvvəlki qətnamələrin üzərindən 25 il vaxt keçib. Deməli, 25 il ərzində problem öz həllini tapmayıbsa, BMT-nin Təhlükəsizlik Şurası indi bu məsələyə qayıtmalıdır”, - deyə politoloq qeyd edib.

Yeni sənədin məzmunu haqda danışan E.Namazov bildirib ki, ilk növbədə əvvəlki qətnamələri yenidən dəstəkləmək lazımdır: “Yəni işğal olunmuş ərazilərin azad olunması ilə bağlı verilən qətnamələrin qüvvədə olduğu yenidən dəstəklənməlidir. İkinci vacib məsələ: təzə qətnamədə qeyd olunmalıdır ki, işğal olunmuş ərazilərdə hansısa tikinti işləri aparmaq, başqa ölkələrdən erməniləri gətirib orada məskunlaşdırmaq, işğal olunmuş ərazilərdə coğrafi adları dəyişmək və sair bu tipli əməllər qeyri-qanunidir”.

Bəs belə bir sənədin qəbulu indiki vəziyyətdə mümkündürmü?


Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli bildirdi ki, qətnamə qəbul edilərsə, əvvəlkindən fərqli olmalıdır: “Əvvəlki qətnamələrdə ümumi şəkildə erməni-bandit birləşmələri sözü ifadə edilib. Bu mənada həmin bandit birləşmələrinin kim tərəfindən idarə edilməsi və kimlər tərəfindən maliyyələşdirilməsi yazılmayıb. Yeni sənəddə Ermənistanın adı yazılmalıdır. Çünki Ermənistan işğalçı dövlətdir. Bəzən hətta Minsk Qrupunun həmsədrləri tərəfindən də konkret olaraq işğal edilmiş ərazilərdən danışılsa da onun kim tərəfindən işğal edilməsi bildirilmir. Göstərirlər ki, bu işğal faktını gələcəkdə tarixçilər araşdırmalıdır. Deyirlər ki, biz indiki şəraitdə sülh yaratmaqla məşğuluq. Yəni riyakar bir cavab verirlər. Ancaq işğal və işğalın kim tərəfindən həyata keçirilməsi müəyyən edilmədən məsələnin siyasi həllinin tapılması kifayət qədər çətindir. Üstəlik də işğal faktı qətnaməni qəbul edən BMT üçün müəyyən öhdəliklər yaradır. BMT işğal faktı ilə əlaqədar işğalçının konkret işğala görə məsuliyyətə cəlb edilməsinə görə onu ən azından təhdid etməli və sülhə məcbur etməyə çalışmalıdır. İşğalçı bu məsələlərdən imtina edirsə, ona qarşı əlindəki imkanlardan istifadə etməlidir. Bu imkanlar isə sanksiyalardır. Yaxud BMT-nin sülhməramlı qüvvələrinin yerləşdirilməsinə qədər addımlar ata bilər. Həm də məsələ artıq ATƏT müstəvisindən çıxır, həmsədrlik institutları da aradan qalxır və münaqişənin həlli BMT siyasi müstəvisinə çıxarılmalı olur. Yəni BMT məsələsi indiyə qədər aparılmış danışıqlar prosesinin sıfırdan başlanması, ancaq daha effektiv və səmərəli üsullarla həyata keçirilməsini tələb edir. İşğalçının adı birbaşa çəkilir. Bizim üçün Ermənistanın adının işğalçı dövlət kimi bəyan edilməsi çox əhəmiyyətlidir”.

Politoloq bu xüsusda Paşinyanın tez-tez Dağlıq Qarabağı qoşmaqla bağlı bəyanatlar verməsini təsadüfi saymır: “Oğlunu hərbi xidmət üçün Dağlıq Qarabağa göndərən baş nazir Ermənistanın guya bu əməliyyatlarda iştirak etmədiyi barədə iddialar ortaya atır. Ümumiyyətlə, ermənilər xaricdə bu təbliğatı qurarkən, Dağlıq Qarabağdan azərbaycanlıların qovulmasını, 7 rayonun ələ keçirilməsini Dağlıq Qarabağın şanlı özünümüdafiə qüvvələrinə bağlayırlar. Beləliklə də Ermənistanı siyasi məsuliyyətdən kənarlaşdırmağa çalışırlar. Ancaq məsələnin tam siyasi anatomiyasının aşkara çıxarılmasına çalışılırsa, yeni qətnamədə hər şey öz adı ilə çağırılmalıdır. Yəni Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, təcavüzkar olması və buna görə də BMT-nin nizamnaməsinə uyğun olaraq məsuliyyət daşıdığı birmənalı şəkildə vurğulanmalıdır. Danışıqlar prosesində də həmçinin Ermənistana təcavüzkar kimi yanaşılmalıdır. Təcavüzə məruz qalan ölkəyə yanaşma isə tamamilə fərqli olmalıdır. Bunlar danışıqlar prosesinin daha konkret mövqelər üzrə davam etdirilməsinə şərait yaradırdı. İndi bu təşəbbüsü irəli sürmək çətin deyil.

Ancaq bütövlükdə BMT-nin bu addımı ata biləcəyini necə təşkil etmək məsələsi var. BMT, ümumiyyətlə, belə bir qətnamənin qəbul edilməsinə hazırdırmı?

Xüsusilə də bu qətnamə BMT-nin Təhlükəsizlik Şurasında qəbul edilməlidir. Təhlükəsizlik Şurasında Rusiyanın mövqeyini proqnozlaşdırmaq təxminən mümkündür. Zənnimcə, Rusiya bu qətnamənin qəbul edilməsinə veto qoya bilər. Hətta Fransanın, Böyük Britaniyanın, Çinin, ABŞ-ın mövqeyinin necə olacağı ilə bağlı fikirlər söyləmək çox çətindir. Yəni yeni qətnamənin qəbul edilməsi məsələsi nəzəri cəhətdən mümkündür və tarixi ədaləti bərpa etmək istiqamətində mühüm addım ola bilər. Ancaq indiki şəraitdə bunun qəbul edilməsi üçün praktiki imkanlar yetərincə deyil. Zənnimcə, ATƏT-in Minsk prosesində Ermənistanı dəstəkləyən qüvvələr, onu BMT Təhlükəsizlik Şurasında nəzərdə tutulan məlum qətnamənin qəbul edilməsində də dəstəkləyəcək. Beləliklə də qətnaməni qəbul etdirmək mümkünsüz olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.