Zaxarovanın dönüklüyünün pərdəarxası

2-08-2018, 08:41           
Zaxarovanın dönüklüyünün pərdəarxası
“O və Lavrov açıq-aşkar anti-Azərbaycan mövqeyindədirlər”
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Azərbaycanla bağlı son mövqeyi ciddi rezonansa səbəb olub. Xanım diplomatın iyulun sonlarında Azərbaycana səfəri və ölkəmizi tərk etdikdən sonra erməni mətbuatına ərazi bütövlüyümüzü şübhə altına alan açıqlamalar verməsinə sərt etirazlar var.

Zaxarovanın Bakıda yüksək səviyyədə qarşılanmasına baxmayaraq, ölkəmizi tərk edən kimi növbəti dəfə erməni xislətini nümayiş etdirməsinin əslində Rusiya XİN-in mövqeyi olduğu vurğulanır. Azərbaycan Xarici İşlər Nazirliyinin xanım diplomatın son açıqlamaları qarşısında susqunluq nümayiş etdirməsi ciddi suallar doğurur. Ekspertlər Azərbaycan tərəfin Rusiya rəsmilərinin bu ikiüzlü mövqelərinə sərt münasibət sərgiləməsinin vacibliyindən danışırlar.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, Zaxarova erməni mətbuatına müsahibəsini öncədən planlaşdırıb: “Əgər kimsə Zaxarovanın, yaxud onunla eyni mövqeyi bölüşən başqa birisinin Azərbaycana gəldikdən və aşırı qonaqpərvərliklə qarşılandıqdan sonra ermənipərəst olmayacağını, azərbaycanlılara sevgi etirafında bulunacağını düşünübsə, zənnimcə, ehtimalında yanılıb. Mariya Zaxarova Rusiyanın xarici siyasətinin tipik nümunəsidir və Kremlin soyuq, təkəbbürlü, acgöz, özündən müştəbeh obrazını daşımağa sonunadək haqq edir. Bəzən bütün baş verənlər məndə belə bir təəssürat yaradır: kimlərsə məqsədyönlü şəkildə Azərbaycan xalqının ən azı Dağlıq Qarabağ məsələsi ilə bağlı iradəsini qırmağa çalışır və məqsədyönlü şəkildə bizi qıcıqlandırmağa cəhd edir. Hər halda, Zaxarovanın daxil olduğu prosesdə əsəblərimizi tarıma çəkmək niyyətini görməmək mümkün deyil.


Mənə elə gəlir ki, Mariya Zaxarova, ola bilsin ki, onu yönləndirənlərin göstərişi ilə Azərbaycana səfərindən sonra Ermənistan mətbuatına müsahibəsini öncədən planlaşdırıb. Bu isə daha öncə qeyd etdiyim kimi, məqsədyönlü şəkildə Azərbaycan ictimaiyyətinin müqavimətinin qırılmasına xidmət edən təxribat kampaniyasının tərkib hissəsidir. Düşünürəm ki, Zaxarovaya ilk növbədə, onu Azərbaycana dəvət edənlər cavab verməlidir. Ən azı KİV-ə açıqlama verib Zaxarovanın mövqeyini pisləməlidirlər. Məhz bu zaman Zaxarovanın və digərlərinin dəvətini əsaslandıran mülahizələrin səmimi olduğu öz təsdiqini tapa bilər. Bütün bunların qarşısını almaq üçün reallığı açıq şəkildə ifadə etmək lazımdır. Bu adamların mövqeyinin dəyişməsi Kremlin açıq və birmənalı yanaşmasından asılıdır. Əgər Rusiya da ən yüksək səviyyədə Azərbaycanla bağlı mövqeyini ifadə edərsə, təbii ki, pozitiv notlarla, o zaman Ermənistan mətbuatına bəh-bəhlə müsahibə verənlərin simasının necə dəyişdiyini görəcəksiniz”.


“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli bildirdi ki, rəsmi Bakı Kremlə sərt etirazını bildirməlidir: “Azərbaycan tərəfi həmişə Rusiya qarşısında susqundur. Başqa ölkələr qarşısında ”canavara" çevrilən rəsmi Bakı Kreml qarşısında sakit durur. Bu ən azı təəssüfedici haldır. Lavrov və Zaxarova anti-Azərbaycan mövqeyindədirlər. Zaxarova kimiləri Bakıya gətirmək “hamam suyu ilə dost tutmaq”dır. Yaxşı olar ki, hamam suyu ilə dostluq etməyək. Azərbaycanın düşmənləri Jirinovski, Solovyev, Zaxarova kimiləri ölkəmizə dəvət etmək yolverilməzdir. Bu xoşagəlməz mənzərə davam etdikcə Solovyevlar, Zaxarovalar hələ çox Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alacaqlar. Bunların qarşısını almaq üçün rəsmi Bakı Moskvaya ciddi etirazını bildirməli, Rusiyadakı Azərbaycan lobbisini işə salmalıdır. Moskvada Zaxarovanın oturduğu XİN-in, Solovyevin işlədiyi “Ostankino”nun, Jirinovskinin partiyası LDPR-in qarşısında etiraz aksiyaları keçirilməlidir. Azərbaycan tərəfi Rusiyada yaşayan soydaşlarımızı bu prosesə səfərbər etməlidir. Rusiyadakı iki milyonluq lobbimizi bu ölkədə ciddi silahımıza çevirməliyik. Ruslar anlamalıdılar ki, ölkələrində həm kəmiyyət, həm də keyfiyyət baxımından çox güclü Azərbaycan lobbisi var. Amma bütün bunları həyata keçirmək üçün dişli xarici işlər nazirimiz və Rusiyada güclü səfirimiz olmalıdır. Təəssüf ki, indiki halda bunların heç birinə Azərbaycan malik deyil. Ən azı Rusiyadakı səfirimiz dəyişilməlidir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.