Azərbaycanlı oliqarxlar Avropa vətəndaşlığından məhrum ola bilər

10-08-2018, 20:41           
Azərbaycanlı oliqarxlar Avropa vətəndaşlığından məhrum ola bilər
Avropa İttifaqı (Aİ) ölkələrindən birinə investisiya yatırması müqabilində birdəfəlik vətəndaşlıq verilməsi prosedurunda dəyişiklik edilə bilər. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Legat” inteqrasiya mərkəzindən məlumat daxil olub. Məlumatda deyilir ki, Avropa Birliyinin (AB) Ədliyyə Komissarı Vera Zurova birliyə üzv olan dövlətləri çoxmilyonluq investisiya yatırması müqabilində birdəfəlik vətəndaşlıq verilməsi prosedurundan sui-istifadə etməməyə çağırıb.

O bildirib ki, bir çox AB ölkəsi xüsusilə, Cənub və Şərqi Avropa sərmayə əvəzinə öz vətəndaşlığını təklif edir. Keçmiş Sovetlər Birliyindən, Çin və Afrikadan olan zənginlər üçün “qızıl pasportlar”nın bu formada açıq satışı ölkələr üçün çox sərfəli, iş adamlarına isə çirkli pulların yuyulması və digər səbəblərdən faydalıdır.

Brüssel bunu böyük bir təhlükə hesab edir, çünki Malta kimi bir AB ölkəsində vətəndaşlıq əldə etmək, həmin şəxsə Avropa İttifaqına daxil olmaq imkanı verir. Vətəndaşlıq verilən şəxsin ödədiyi məbləğ bir qayda olaraq dərindən araşdırılmır.

Vətəndaşlığın verilməsi birlik dövlətlərinin səlahiyyətinə daxil olsa da, Brüssel hələ də dövlətlərə daha sərt qaydalar tətbiq etməyi tövsiyyə edir. Vera Zurova hesab edir ki, vətəndaşlıq verən dövlət həmin şəxsin Avropaya zərər verməyəcəyinə zəmanət verməlidir.

Məlumat üçün bildiririk ki, Avropa ölkələri bəzi iş adamlarına müəyyən sərmayə müqabilində öz vətəndaşlığını satır. Təkcə Kipr 2016-cı ildə 400 nəfərə yaxın əcnəbiyə öz vətəndaşlığını satıb. Avropada və Türkiyədə ödəniş əsasında vətəndaşlıq alanlar arasında Azərbaycanın oliqarx məmurlarının ailə üzvləri də az deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.