Paşinyanın hədəsi dünyada böyük risk kimi qəbul edilir

14-09-2018, 08:37           
Paşinyanın hədəsi dünyada böyük risk kimi qəbul edilir
Ermənistanda baş verən naqolay proseslər və son olaraq Nikol Paşinyanın Azərbaycana qarşı hədələri artıq bütün dünyada böyük risk kimi qəbul olunur.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə Paşinyanın Qarabağa dair son bəyanatları ilə bağlı səsləndirdiyi fikirləri şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, Ermənistan məntiqə sığmayan bir siyasət yürüdür:

“Ermənistan Azərbaycana təhdidlər törədərək və bölgədə vəziyyəti gərginləşdirərək yeni müharibələrin meydana gəlməsinə şərait yaradır. Fikir verirsinizsə, bu proses sistemli şəkildə davam edir. Bunu artıq dünya birliyi də anlayır. Prezident İlham Əliyevin ATƏT-in baş katibi ilə görüşdə səsləndirdiyi bütün imperativlər və çağırışlar mühüm mətləblərdən xəbər verir. Bu baxımdan da ATƏT həyəcan doğuran məqamları layiqincə qiymətləndirib, Ermənistanla bağlı tədbirlər görməlidir. Bölgədə vəziyyəti gərginləşdirən yeganə dövlət Ermənistandır, Azərbaycan region üçün heç bir risk törətmir. İşğalçı Ermənistan Azərbaycana təcavüzlə kifayətlənməyib, indi də yeni ərazi iddiaları irəli sürür. Ermənilər Türkiyə, İran, Gürcüstan, hətta Rusiyaya qarşı da ərazi iddialarını gizlətmirlər. Bu ondan xəbər verir ki, ümumiyyətlə Ermənistan dünya xalqları və dövlətlər ailəsində öz yerini tapa bilmir. Bu da Ermənistan siyasi elitasının natamam düşüncə mexanizmlərinə malik olmasından xəbər verir. Məhz bu səbəblə də Azərbaycan prezidenti Qarabağın müqəddaratı ilə bağlı ATƏT-n baş katibi ilə söhbətində Ermənistan siyasi dairələrinin hərəkətlərinə göz yummamağa çağırdı. Hesab edirəm ki, Ermənistan rəhbərliyi və bu ölkənin siyasi institutlarının başında oturan adamlar mənfur davranışlara son qoymalıdırlar”.

Politoloq hesab edir ki, beynəlxalq birlik Ermənistana öz münasibətini bildirməlidir:

“Qarşıda BMT Assambleyasının növbəti sammiti keçiriləcək və fövqəldövlətlər, Minsk Qrupunun həmsədrləri Qarabağ problemini müzakirə edəcəklər. Tədbir çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Əgər beynəlxalq təsisatlar, xüsusilə Minsk Qrupu problemin həllində irəliləyiş istəyirsə, Ermənistanı intizama çağırmalı, BMT-nin 4 qətnaməsinin həyata keçirilməsi ilə bağlı konkret tədbirlər görməlidirlər. Problemin mərhələli həlli yalnız bu şəkildə mümkündür. Bu prosesdə bir və ya iki ölkənin iştirakı kifayət deyil. Beynəlxalq birlik ümumi şəkildə Ermənistana öz münasibətini bildirməlidir ki, rəsmi İrəvan bundan lazımı nəticəni çıxarsın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.