Bakıda doğulan dördəm əkizlərin ailəsi: “Bizə kömək edin!” - REPORTAJ
9-04-2015, 11:16

Novruz bayramı günlərində, 24 martda Bakıda yaşayan Abbasovlar ailəsi sevinc üstünə sevinc yaşadı. 3 qız, 1 oğlan olmaqla dünyaya gələn dördəmlər ailəyə xoşbəxtlik bəxş etsələr də, çoxlu qayğı da gətirdilər.
Bu yazıda sizə “varım-dövlətim 5 övladımdır” deyən Abbasovlar ailəsindən bəhs etmək istəyirik. Modern.az saytının əməkdaşları dördəmlərin köməyə ehtiyac duyduğunu eşidib, ailəyə baş çəkmək qərarına gəldi.
Əvvəldən danışdığımız kimi, 5 uşaq atası Rəşad Abbasov bizi “Nərimanov” metrostansiyasının yaxınlığında qarşıladı. Evə doğru irəliləyərkən ata bildirdi ki, hər gün bir neçə şəxs onlara kömək məqsədilə baş çəkir: “İnanın, hər gün bizə neçə-neçə insan gəlir, sağ olsunlar. Jurnalistlər, xeyriyyə cəmiyyətlərindən olanlar gücləri çatandan kömək edirlər. Elə indi də evdə xeyriyyə cəmiyyətindən gələn gənclər var”.
Mənzilə daxil olan kimi bu ailənin həqiqətən də köməyə ehtiyac duyduğunu görmək olar . Təsəvvür edin, dar bir otaq, 5 uşaq, 2 valideyn... Dördəmlər hələ ki bir çarpayını bölüşsələr də, yaxın gələcəkdə hərəsi üçün ayrıca yataq lazım gəldiyini düşünəndə vəziyyətin nə qədər çətin olduğunu təsəvvür etmək çətin deyil. Həm də nəzərə alaq ki, dördəm olduqlarından bağçaya, orta məktəbə eyni vaxtda başlayacaqlar. Bir uşağın təlim-tərbiyəsində çətinlik çəkdiyimiz bir vaxtda, eyni yaşda dörd uşaqla məşğul olmaq həqiqətən müşkül məsələdir...
Biz mənzilə daxil olanda xeyriyyə cəmiyyənin nümayəndələri oranı tərk edirdi.
Beləcə bizi dar, birotaqlı evdə nənə Pərvanə Abbasova, ana Həyat Abbasova, qohumlar, dördəmlər və böyük bacıları - 4 yaşlı Pərihan qarşıladı. Bu gün həm də dördəmlərin ongünlüyü olduğundan, nənə onları çimizdirmişdi. Elə ona görə də qapı-pəncərəni bərk-bərk bağlamışdılar ki, körpələrə soyuq dəyməsin.
Nənə bildirdi ki, gəlini Həyat onun bacısı qızıdır. Xala erkən yaşlarında valideynlərini itirmiş bacısı qızını oğlu Rəşada alıb, el adəti ilə toy çaldırıb. Onlar əslən Salyan rayonundandırlar və qeydiyyatları da oradır.
Rəşad və Həyatın ilk övladları Pərihan məzh Salyanda doğulub. Bir müddət sonra “el elə sığar, ev evə sığmaz” prinsipilə Rəşad kiçik ailəsini götürüb paytaxt Bakıya üz tutub. Nərimanov rayonunda elə metroya yaxın bir ərazidə mənzil kirayələyiblər. Günəmuzd işləməklə ayda 400-500 manat gəlir əldə edən ailə başçısı kirayə üçün hər ay 300 manat ödəməli olur.
Rəşad Abbasov deyir ki, ailə 3 nəfərdən ibarət olanda dolanmaq indikindən asan olurmuş: “Əvvəl bir uşaq idi, birtəhər dolanırdıq. Baxmayaraq ki, evimiz birotaqlıdır, keçinirdik. Amma dördəmlər doğulandan çətinliklərimiz başlayıb. Həm ev kiçikdir, həm də onların gündəlik xərcləri həddindən artıq çoxdur. Əlavə qida, “pampers”ə nə qdər pul gedir. Atayam, məsuliyyətimi dərk edirəm, əlimdən gələni də edirəm, amma çatdıra bilmirəm, çox çətindir”.
Rəşadın anası Pərvanə Abbasova bildirir ki, gəlini Həyatın müayinəsi zamanı həkim dörd uşağın doğulacağını deyəndə bilməyiblər sevinsinlər, yoxsa üzülsünlər: “Həkim UZİ-də baxdı, gəlinə dedi ki, 4 uşağın olacaq. Gəlinlə bir-birimizə baxdıq. Bilmədik sevinək, yoxsa üzülək. Həyata dedim ki, “qızım, əgər sən bu uşaqları dünyaya gətirmək istəyirsənsə, arxanda dayanacam”. O da uşaqları saxlamaq istədiyini bildirdi. Bundan sonra biz ölkənin birinci xanımı Mehriban Əliyevaya məktub göndərdik. Məhz ondan sonra uşaqların dünyaya gəlməsi, xəstəxana xərcləri dövlət hesabına baş tutdu. Bir daha cənab prezidentə, xanımına dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda 7 saylı qadın məsələhətxanası, Perinetal Mərkəzin həkim kollektivinə minnətdarıq”.
Nadir görünən dördəmlərlə bağlı müxtəlif fikirlər sölənilir, sullar səsləndirilir. Nənə bunlara belə aydınlıq gətirdi: “Bunu çox adam deyir. Şükür Allaha, bir övladı var idi. Həm də süni mayalanma üçün böyük xərc tələb olunur, bizim imkanımız isə yoxdur. Təbii ki, hamiləlik təbii yolla baş verib. Həmçinin, uşaqlar vaxtında da doğulub. Həyatın doğuş sancıları tutanda xəstəxanaya getdik, həkim müayinə edib dedi ki, uşaqlar tərs gəlir, ona görə də qeysəriyyə əməliyyatı ilə götürdülər”.
Qaynana Pərvanə Abbasova körpələrə görə hər dəqiqə şükür etsə də, çətin durumda olduqlarını və dövlətdən kömək istədiklərini dilə gətirdi: “Çətindir, bir otaq - yeddi nəfər. İnanın gecələr yuxu nədir, bilmirik. Uşaqların dördü də birdən başalayır ağlamağa, gəlin-qaynana bilmirik hansını götürək. Səbətə qoyub yelləyəndə sakitləşirlər. Həkimdə deyir qucağa öyrətməyin. Mən əməliyyatdan çıxmış, təzyiqli adamam. Evim Salyandadır, hər dəqiqə Bakıya gəlib-getmək olmur. Amma gəlinimi də tək qoyub gedə bilmirəm. Çox xahiş edirəm, bizə imkan daxilində köməklik edilsin”.
4 yaşlı Pərihan boy-boya düzülən körpələrdən soldan ikincini göstərib ən çox onu istədiyini söylədi. Nənəsinin səsinə səs verib dördəmlərdən yaman gileyləndi: “Gecə olanda hamısı ağlayır, məni yatmağa qoymurlar”.

