Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin dayağına çevrilib
3-06-2025, 09:24

Azərbaycan qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin aradan qaldırılması istiqamətində xüsusi fəallıq göstərən ölkələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım"la bağlıdır. Ölkəmizdə ətraf mühitin qorunması, yaşıllıqların bərpası, su ehtiyatları və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi üçün sanballı layihələr həyata keçirilir. Bu mənada Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimindəki çıxışı, orada səsləndirdiyi fikirlər Azərbaycanın “yaşıl enerji” siyasətinə sadiqliyindən xəbər verir.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Dövlətimizin başçısı, həmçinin bildirib ki, bütün bu yaşıl enerji potensialımız nəticəsində biz Azərbaycanın elektrik enerjisinə artan tələbatını məhz bərpaolunan enerji hesabına təmin edəcəyik.
“Bakı Enerji Həftəsi” Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə bünövrəsi qoyulmuş “Caspian Oil & Gas” sərgisinin məntiqi davamı kimi formalaşaraq enerji sahəsində nüfuzlu beynəlxalq hadisəyə çevrilmişdir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşmüşdür. Dövlətimizin başçısı bildirib ki, ötən illər ərzində bu təşəbbüs enerji sahəsində qlobal meyillərə uyğun şəkildə genişlənmiş və “Bakı Enerji Həftəsi” formatını almışdır. Ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə qədər geniş məzmunda məsələlərin müzakirə edildiyi “Bakı Enerji Həftəsi” artıq yeni yanaşmaların və beynəlxalq enerji dialoqunun formalaşdığı nüfuzlu bir forum kimi tanınır. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan sabit siyasi sistemə malikdir, iqtisadiyyatımız inkişaf etməkdədir. Azərbaycanda genişmiqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlətimizin başçısı xarici borcumuzun ümumdaxili məhsulun 7 faizini təşkil etdiyini vurğulayıb.
Bu gün Azərbaycanın qaz ixracı artır. İxracımız 24 milyard kubmetrdən artıq olacaq. Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib. Təsadüfi deyil ki, ölkəmiz ümum-Avropa qaz təchizatçısı adlandırılır. Bu gün qazımızı idxal edən 8 ölkədən 6-sı Avropa ölkəsidir. Biz öz qazımızın satış coğrafiyasını genişləndirmək üçün yeni ölkələrlə danışıqlar aparırıq. Həm ənənəvi enerji resurslarının, həm də bərpaolunan enerji məhsullarının istehsalını və satışını hədəfləyən Azərbaycan dünya dövlətlərinin artan tələbatlarını öyrənir, yeni trendləri izləyir. Biz öz iqtisadiyyatımızı daim dəyişən dünya bazarının tələblərinə uyğunlaşdırırıq.
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirb ki, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji təchizatının şaxələndirilməsi və yaşıl enerji üzrə davamlı inkişaf bu gün də ölkəmizin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə görülən işlər qlobal enerji bazarında Azərbaycanın etibarlı və məsuliyyətli tərəfdaş mövqeyini daha da gücləndirir. Tədbirin geniş miqyası və beynəlxalq əhatə dairəsi də bunu təsdiq edir. Dünyanın səksən ölkəsindən şirkətlərin iştirak etdiyi “Bakı Enerji Həftəsi” beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın tutduğu yerin göstəricisidir.
Bu gün dünya dövlətləri Azərbaycanı qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri hesab etməsi ölkəmizə verilən dəyərin göstəricisidir. Artıq dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları Azərbaycanın enerji strategiyasının uğurunu etiraf edirlər.
Tufan Məmmədov – iqtisadçı ekspert