"ToplumTV işi" üzrə həbsdə olan daha 4 nəfərə ittiham elan edilib
3-06-2025, 08:16

ToplumTV internet kanalı ilə bağlı cinayət işi üzrə həbs olunan jurnalist və fəalların məhkəməsində ittiham aktının açıqlanma mərhələsidir. İttihamlar doqquz nəfəri əhatə etdiyindən onun elan edilməsi uzun çəkir.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötən məhkəmə iclasında ToplumTV-nin qurucusu, media hüququ eksperti Ələsgər Məmmədli və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, eləcə də III Respublika Platformasının spikeri Akif Qurbanov haqqında ittiham açıqlanmışdı.
Prokuror Rauf Malışov iyunun 2-də keçirilən məhkəmədə ToplumTV-nin jurnalisti Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, Ramil Babayev və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli haqqında ittihamları elan edib.
R.İzzətli özü haqqında ittiham aktında düzgün yazılmadığını bildirərək bir sıra məsələlərə etirazını dilə gətirib. Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev söz verib ki, onun etiraz etdiyi məsələlər prosesin gedişində araşdırılacaq.
Təqsirləndirilən şəxslərdən daha üç nəfər – jurnalist Fərid İsmayılov, Elmir Abbasov və İlkin Əmrahov haqqında ittihamın elanı isə iyunun 23-də keçiriləcək növbəti məhkəmə iclasına qalıb.
Xatırlatma
"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. O vaxt bu işlə bağlı yeddi nəfər qaçaqmalçılıq ittihamıyla həbs edilsə də, Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilmişdi. Ancaq F.İsmayılov bu ilin yanvarında həbs olundu.
Fevralda həmin işlə bağlı jurnalist Şahnaz Bəylərqızı da həbs edilsə də, elə həmin ayın sonunda ev dustaqlığına buraxıldı və onun haqqında cinayət işi ayrılıb.
"ToplumTV işi" üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onların suçlandığı maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Təqsirləndirilənlər hamısı ittihamları rədd edir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduqlarını deyirlər.
pressklub