Avtomobilləri bir dəqiqəyə tam şarj etmək mümkün olacaq
3-06-2025, 10:31
Hazırda Çinin Şençjen şəhərində keçirilən beynəlxalq avtomobil sərgisində elektrik avtomobilləri üçün yeni ultrasürətli enerji doldurma stansiyaları şəbəkəsinin yaradılacağı elan edilib.
Auto.ru xəbər verir ki, layihəni "BYD Auto" təqdim edib.
Elektrik avtomobilləri istehsalçısı Çində 1 meqavata qədər cərəyan verən 15 000 terminal quraşdıracaq ki, bu da son nəsil "Tesla Supercharger V4"dən iki dəfə sürətlidir.
Söhbət martın ortalarında təqdim olunan "BYD Megawatt Flash Charger" adlı yeni şarj stansiyasından gedir. O, 1 saniyəyə elektromobili 2 kilometr səyahət üçün kifayət edən enerji ilə doldurur. Beləliklə, 1 dəqiqəyə 120, 5 dəqiqəyə isə 500 kilometrlik enerji yığmaq mümkündür.
Nəzərə alsaq ki, bu gün Çin istehsalı olan bir sıra avtomobillərin, xüsusilə "plug-in hybrid"lərin elektrik mühərriki ilə gediş məsafəsi 55-125 km arasındadır, cəmi 1 dəqiqəyə tam şarj imkanı bu sahədə əsl inqilab sayıla bilər.