Alternativ enerji mənbələri: Milyonlar ayrılsa da, nəticə yoxdur
31-03-2019, 18:28

Dünya ölkələrində alternativ enerji mənbələrindən məişət səviyyəsində istifadə olunsa da, Azərbaycanda bu sahənin inkişafı geri qalır.Bu sahəyə ayrılan milyonlarla vəsait səmərə vermir.
Amma son vaxtlarda bu sahədə yenilik hiss olunur. Belə ki, ölkəmizin regionlarında qurulan, illərdir ki, fəaliyyət göstərməyən külək enerji stansiyalarının fəaliyyətə başladığı müşahidə olunur.
Qeyd edək ki, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” hazırlanıb.Mütəxəssislər ölkəmizdə alternativ enerji potensialının böyük olduğunu qeyd edirlər.Amma hələ ki, həmin potensialdan lazimi səviyyədə isifadə olunmur. Qarşıya qoyulan məqsədlər həyata keçirilmədiyindən bu il prezidentin fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ləğv edilidi, onun səlahiyyətləri Energetika Nazirliyinə verildi.
Bəs, ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində yeniliklər varmı?Ümumuiyyətlə günəş, yoxsa külək enerjisi stansiyaları daha səmərəli hesab olunur?
Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, texnika elmləri doktoru Fəqan Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bu sahəyə dövlət tərəfindən göstərilməsinə, böyük məbləğlərdə vəsaitin ayrılmasına baxmayaraq, səmərəli nəticələr əldə edilməyib:

“Bu işləri nə Alternativ və Bərpa olunan Enerji Agentliyi, nə də Energetika Nazirliyi axıra çatdırmadılar. Ona görə ki, orda işləyənlər bu sahənin mütəxəssisi deyildilər.Dövlətin qoyduğu maliyyənin müqabilində gözlənilən nəticəni ala bilmədik.Bu gün Şimali Afrikadakı Mərakeş dövləti dünyaya səs salır ki, bunu bacardı.Hazırda bu ölkəyə böyük investisiyalar yatırılır, burada inkişaf qəbul olunur.Amma biz bunu edə bilmədik”.
Mütəxəssis bu baxımdan da adıçəkilən Agentliyin ləğvini alqışlayır:
“O formada ki, həmin Agentlik fəaliyyət göstərirdi, onu bağlamaqdan başqa yol yox idi. Bu sahədə əsas problem mütəxəssislərin olmaması və maliyyənin düzgün xərclənməməsidir. Dövlət başçısı Avropa İttifaqı ilə memorandum imzaladı, Azərbaycana 13 milyon avro pul verildi, onun müqabilində qanunvericilik bazasının, böyük laboratoriyaların yaradılması və pilot layihələrin həyata keçirilməsinə nail ola və Avropa İttifaqı qarşısında götürdüyümüz öhdəliyi yerinə yetirə bilmədik. Bu sadəcə ayıbdır. Hazırda da heç nəyə nail ola bilmirik. Qanunvericiliyin hazırlanmasına maliyyə ayrılıb, bu işlənilib, 19 Avropa eksperti bunun hazırlanmasında iştirak edib, indi yenidən Energetika Nazirliyi qanunvericiliyin hazırlanmasına pul ayırıb. Yenidən pul xərclənməsinə nə ehtiyac var?Bəs, Makedoniyalı İsgəndər yürüşə çıxanda niyə alimləri də özü ilə aparırdı, çünki, onların məsləhətlərinə ehtiyacı var idi.Bu cür adamların orda olmaması bizi Avropa ölkələri, Ümümdünya Bərpaolunan Enerji Təşkilatı qarşısında çıxılmaz vəziyyətdə qoyur”.
Fəqan Əliyev Azərbaycanın bu sahədə böyük potensialının olduğunu bildirdi:
“Ölkəmizin təbii enerji, alternativ bərpa olunan enerji sərvəti böyükdür. Günəşi, küləyi, çayları, dənizi, heyvandaqlıq var deyə biokütləsi var. Sadəcə olaraq bunları rassional istifadə etmək, işlətmək lazımdır”.
Mütəxəssisin sözlərinə görə, alternativ enerji mənbələri içərisində bütün dünyada daha çox günəş enerjisi daha effektli hesab olunur:
“Çünki biz Günəş sistemində yaşayırıq. İkinci yerdə külək enerjisi, daha sonra kiçik çaylardan və biokütlədən alınan enerji tutur”