AQTA Şəkidə etiraz edən qəssablara cavab verdi: - ANCAQ NECƏ?
2-04-2019, 19:58

Xəbər verdiyimiz kimi, 27-28 martda Şəki qəssabları yeni yaradılan qəssabxanaya getməkdən imtina ediblər.
Onlar əlavə xərc çəkməkdən imtina edərək bildiriblər ki, heyvanları qəssabxanaya aparanda əlavə pul ödəməli olurlar. Həmçinin qəssablar növbədən də narazılıq ediblər. Onların iddialarına görə, növbənin çoxluğu satışa vaxtın qalmaması ilə nəticələnir. Onlar belə davam edərsə, ətin qiymətinin 15 manata qədər çatacağını, insanların isə ətdən imtina edə biləcəklərini vurğulayıblar.
Mövzu ilə əlaqədar Cebhe.info-nun sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir. İstehlakçıların heyvan mənşəli qidalar, xüsusilə ətdən keçə biləcək müxtəlif zoonoz xəstəliklərə yoluxmasının qarşısını almaq üçün heyvanlar mütləq kəsimdən əvvəl baytarlıq müayinəsindən, kəsimdən sonra isə baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanları sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görməlidir. Sərəncamın icrasından irəli gələrək Agentlik paytaxt Bakı və respublikanın müxtəlif bölgələrində standartlara uyğun, müasir heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir. Bu məqsəd ilə sahibkarlara zəruri metodiki köməkliklər göstərir.
Standartlara uyğun kəsim məntəqələri özəl sahibkarlıq subyektləri olduğundan orada hər hansı xidmət haqqı tələb edilib-edilməməsi Agentliyin səlahiyyətləri daxilində deyil. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Agentlik heyvan kəsimi sahəsində mövcud tələblərə uyğun fəaliyyət göstərmək istəyən sahibkarları müasir ət kəsimi məntəqələrinin yaradılmasında işitirak etməyə dəvət edir. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə, metodiki köməklik almaq üçün Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.