Nazirliyin yarıtmaz məşğulluq siyasəti: - Kurs iştirakçısından ciddi ittihamlar

4-04-2019, 11:49           
Nazirliyin yarıtmaz məşğulluq siyasəti: - Kurs iştirakçısından ciddi ittihamlar
“Cümhuriyət” qəzetinin ötən sayında (19 mart 2019-cu il tarixli sayı - müəl.) Bakı Regional Peşə Tədris Mərkəzində “Dərzi” ixtisası üzrə keçirilən kursda şikayətlərin olması haqqında “İşsizliyin ləğvinə ayrılan milyonlar: HARADA “İTİR”? başlıqlı yazı dərc olunub. Qeyd edək ki, Bakı Regional Peşə Tədris Mərkəzinin direktoru Nazim Eminovdur.

“Dərzi” ixtisası üzrə kursun müəlliməsi isə Leyla Qurbanovadır. Sözügedən yazıda kursu bitirən tələbələrdən biri ilə müsahibə götürəcəyimizi qeyd etmişdik. “Cümhuriyət” qəzetinin suallarını Bakı Regional Peşə Tədris Mərkəzində “Dərzi” ixtisası üzrə keçirilən kursu III dərəcəli (Ən yüksək dərəcə hesab olunur - müəl.) diplomla bitirən Almaz Məmmədova cavablandırıb.

- Almaz xanım, 28 noyabr (2018) -27 fevral (2019) aralığında Bakı Regional Peşə Tədris Mərkəzinində “Dərzi” ixtisası üzrə keçirilən kursu yüksək dərəcə ilə bitirmisiz. Sizə dərzi demək olarmı?

- Təbii ki, yox! Dərzi kursunda bizə demək olar ki, heç nə öyrətmədilər. Ancaq düz tikiş, bir də gəlincik paltarları tikirdik. “Müdavim kitabçası” var idi, orada göstərilirdi ki, bizə əl işləri, maşın və xüsusi maşın işləri, nəmlənib-isidilmə işləri, detalların ilkin işlənməsi, üst ciblərin, tikiş xəttində yerləşən ciblərin, kəsik ciblərin, bortların işlənməsi, düymələnmə yerinin işlənməsi, əsas detalların montajı, boyun yerinin yaxalıqsız, qol yerinin işlənməsi, bir qat yaxalıqların işlənməsi və boyun yerinə birləşdirilməsi, qolun işlənməsi və məmulata birləşdirilməsi, məmulatın ətəyinin işlənməsi, məmulatın son bəzək işləri, alt geyim və yataq dəstlərinin işlənməsi, ətəyin işlənməsi, jaket, koftanın işlənməsi, donun hazırlanması, yüngül geyimin təmiri və təzələnməsi, qadın şalvarının hazırlanmasını öyrədəcəklər. Təbii ki, bunları öyrətsəydilər, sizin dediyiniz kimi bizə dərzi demək olardı, amma öyrətmədilər.

“3 aylıq kursun 2 aya yaxınını ancaq yazı yazmışıq”

- Niyə öyrətmirdilər? Səbəb olaraq nə göstərirdilər?

- Müəlliməmiz Leyla Qurbanova deyirdi ki, mən proqram üzrə hər şeyi keçirəm. Mənə deyiblər ki, bunları keç, mən də elə edirəm. 3 aylıq kursun 2 aya yaxınını ancaq yazı yazmışıq. Müəllim kitabdan oxuyurdu, biz də yazırdıq. Yazmaqla dərzilik öyrənmək olar?

Qalan 1 ayı da guya praktikaya ayırmışdılar, onda da balaca parçalarla gəlincik paltarları tikirdik. Dərzi olmaq üçün biçməyi, tikməyi hər şeyi bacarmaq lazımdır. Amma həmin kursu bitirən digər tələbələrdən də soruşsaq, dərziliklə bağlı heç nə bilmirlər. Mən o kursa böyük ümidlərlə getmişdim. Ümid edirdim ki, öyrənib dərzi, ömürlük çörək sahibi olacam. Amma Bakı Regional Peşə Tədris Mərkəzində təşkil olunan kurs bütün ümidlərimi məhv etdi.

“Kursda texniki avadanlıqlar çatışmırdı, olanlar da yararsız idi”

- Kurs müddətində şikayət etmədiniz ki, sizə “müdavim kitabçası”nda olanları öyrətsinlər?

- Demək olar ki, hər gün bununla bağlı şikayət edirdim. Şikayət edən kimi Bakı Regional Peşə Tədris Mərkəzində Sifadə adında müəllim- deyəsən, sədr Nazim Eminovun köməkçisi idi- gəlirdi, danışırdı, problemlərinizi həll edəcəm, deyirdi, gedirdi. Amma heç nə dəyişmirdi. Kursda texniki avadanlıqlar çatışmırdı, olanlar da yararsız idi.

- Siz o kursa yazılmaq üçün özünüz müraciət etmişdiniz?

- Bir neçə il əvvəl iş üçün Suraxanı rayon Məşğulluq Mərkəzinə müraciət etmişdim. Orada mənə kursa getməyi təklif etdilər. Birinci dəfə kompüter kursuna yönləndirdilər. Həmin kurs da Bakı Regional Peşə Tədris Mərkəzində keçirilirdi. Onda da 3 aylıq kurs idi, bizə “Word” və “Excel” proqramlarını öyrədəcəkdilər. Amma “Exel”ə cəmi 3 dərs ayırmışdılar. Yəqin ki, sizə də bəlli oldu. Həmin kurs da bir işə yaramadı. Ardınca yenə Suraxanı rayon Məşğulluq Mərkəzinə iş üçün müraciət etdim. Bu dəfə “dərzi” kursuna göndərdilər. Bu kursdan sonra ümidlərim məhv oldu.

“Şikayət etdim, dedilər bizlik deyil”

- Kurs necə təşkil edilmişdi? Kursa gələn tələbələrə nəsə ödənilirdi?

- Bəli, 130 manat müavinət və əlavə olaraq yol pullarımızı verirdilər. Onları da düzgün hesablamırdılar. Məsələn, dərzi kursunda mənim və digər bir tələbənin yol pulu düzgün hesablanmamışdı. Kursa gəlmək üçün 2 marşrut dəyişirdim, biri 0.30, digəri isə 0.40 manat idi. Amma hər ikisi 0.30 hesablanmışdı. Ümumi olaraq 15 manat az idi. Digər tələbədə isə 30 manat az idi. Bununla bağlı şikayət etmişdim, amma dedilər, bizlik deyil. Bakı Regional Peşə Tədris Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindədir. Onların da köməyi olmadı.

“Özləri ən bahalı avtomobillər sürürlər, tələbələrə isə heç nə öyrətmirlər”

- Kursun maliyyəsini hansı qurum verirdi? Bu haqda məlumatınız varmı?

- Bununla bağlı dəqiq məlumatım yoxdur. Amma əvvəllər deyirdilər ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Nümayəndəliyinin maliyyə dəstəyi ilə təşkil olunub, amma sonradan biz soruşanda bunu təsdiqləmədilər. Ümumiyyətlə, maliyyə məsələləri ilə bağlı tələbələrə heç bir məlumat verilmirdi. Hansı avadanlığa, hansı xidmətə görə maliyyə ayrıldığı haqqında məlumatsızam. Amma Bakı Regional Peşə Tədris Mərkəzinin rəhbərliyində təmsil olunanların sürdüyü avtomobillərə baxdıqda onların əziyyət çəkdiyini demək çətindir. Özləri ən bahalı avtomobillər sürürlər, tələbələrə isə heç nə öyrətmirlər, ümidlərini məhv edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.