Bizim Vaqif müəllim Akademik Vaqif Abbasovun 67 yaşına
5-10-2019, 11:03

Sovet dönəmindən müəllim günü kimi yaddaşlara yazılan 5 oktyabr bu gün də müəllimlərin peşə bayramı kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitunun direktoru, akademik Vaqif Məhərrəm oğlu Abbasov üçün bu gün ikiqat önəmlidir . Böyük alim , əsl müəllim elə müəllim günündə dünyaya gözünü açıb .
67-ci yazını geridə qoyan Vaqif müəllimi hələ onun rəhbərlik etdiyi laboratoriyaya gəlməmişdən tanıyırdım. Tələbəlik dostum , Tərtərin Cəmilli sovetliyinə daxil olan Ağkənddə doğulmuş Şakir Balaca oğlu AMEA -nın gənc alimlər yataqxanasında qaldığımız çağlarda Vaqif müəllim ilə qohum olduğunu demişdi. Sonradan Zahidlə ( hazırda “Azərsu”da mühüm post tutur -M. B.) birlikdə gələcəyin akademikinin rəhbərlik etdiyi laboratoriyaya keçəndə laboratoriya müdirinin əsl müəllim , əsl insan olduğuna şahid olduq. Vaqif müəllim imkan tapdıqca yataqxana otağımıza gəlib bizi ixtisasımızdan sorğu-suala tutardı , heç çağ özünü bizdən üstün tutmurdu. Ən böyük dərsi isə insanlıq dərsi oldu.
Torpaqlarımıza düşmən təcavüzü başlayanda bizim institutdan üç əməkdaş Qarabağ uğrunda savaşa yollandı. Hər üçü -Vaqif müəllimin laboratoriyasından! Bunun özü də bizim Vaqif müəllimin “akademik dərsləri”ndən qaynaqlanır. Bu gün də xeyirxah əməllərini sürdürən akademik döyüşçü əməkdaşlarını unutmur, yeri gələndə hətta şəxsi büdcəsindən onların müalicəsinə yardım ayırır. Nə yaxşı belə insanlar doğulublar, nə yaxşı müəllim olublar və nə yaxşı hələ də dərslərini keçirlər!
Doğum gününüz, peşə bayramınız mübarək, əziz müəllimimiz, böyük alimimiz!
Məğrur Bədəlsoy