“Sürüşmə ərazisinin üzərinə çıxmaq təhlükəlidir” - rəsmi qurumdan əhaliyə xəbərdarlıq
11-01-2020, 10:17

Bayılda kompensasiyadan narazı qalan 12 ailə hələ də ərazidən köçməyib; ölkə üzrə bir neçə sürüşmə zonasında da aktivlik müşahidə edilir...
Bakıda sürüşmə zonaları yenidən aktivləşib. Yanvarın 9-da Badamdar ərazisində baş verən sürüşmə nəticəsində ərazidən keçən avtomobil yolu tamamilə bağlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb ki, həmin ərazidə aktivlik davam edir.
Lakin Badamdar tək deyil, digər ərazilərdə də vəziyyət ürəkaçan deyil. Məlumat üçün bildirək ki, Coğrafiya İnstitutunun mütəxəssislərinin apardıqları tədqiqatlara əsasən Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib.
Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.
Sürüşməyə təbii amillərlə yanaşı su, kanalizasiya borularının köhnəlməsi və həmin ərazilərdə çoxsaylı iritonnajlı maşınların hərəkəti səbəb olur.
“Yeni Müsavat”a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Zığ, Nübar qəsəbəsində həmişə olduğu kimi nisbi aktivlik müşahidə edilir: “Həmin ərazilərdə ciddi sürüşmə olmasa da müəyyən aktivlik müşahidə edilir. Eyni zamanda, bölgələrdəki sürüşmə zonalarında da müəyyən aktivlik var. Buna misal olaraq Astara, Lerik, Şamaxı, Ağsu və İsmayıllını göstərə bilərik. Orada nisbi gərginliklər mövcuddur”.
Ə. Qaralov bildirib ki, Badamdarla “20-ci sahə” arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir: “Gərginlik hələ də qalmaqdadır. Sürüşmə sahəsində xırda uçqunlar baş verir. Hazırda sürüşmə sahəsinin ölçülərində dəyişiklik yoxdur. Müəyyən çatlar var idi, artıq həmin çatlarda gözlə görünən artımlar müşahidə olunur”.
Ə. Qaralov bildirib ki, hazırda sürüşmənin qarşısının alınması üçün hansısa təklif vermək mümkün deyil: “Hazırda sürüşmə kütləsinin üzərinə çıxmaq mümkün deyil, bu, təhlükəlidir. Proses tam başa çatmalı, sürüşmə stabilləşməlidir. Bundan sonra komissiya əraziyə baxış keçirməli və müəyyən təkliflər irəli sürülməlidir”.
Bayıl yamacında sürüşmə baş verən ərazidə isə əhali hələ də tam köçürülməyib. Bu barədə “Yeni Müsavat”a danışan Bayıl sakini Elməddin Muradlı bildirib ki, kompensasiyadan narazı qalan 12 ailə hələ də ərazidən köçməyiblər: “Səbayel rayon İcra Hakimiyyətinin nümayəndələri bu ailələri köçməyə məcbur etmirlər. Sadəcə olaraq yollar bərbad vəziyyətdədir. Köçən evlərin hamısını söküblər. Ərazidə kanalizasiya xətlərinin də durumu bərbaddır. Buna baxmayaraq 12 ailə orada yaşamağa davam edirlər. Bundan əlavə Bayılda Dövlət Dəniz Agentliyinin arxa hissəsinə düşən bir neçə evin də köçürülməsinə başlanılıb. Həmin evlər artıq nömrələnib, qeydiyyata alınıb. Növbəti mərhələdə bu evlərin köçürülməsi nəzərdə tutulub. Bu evlərin də sayı təxminən 100-ə yaxındır. Həm Azər Nəsirov küçəsindən, həm də Cənub Dərə küçəsindən bir neçə ev nömrələnib. 12 ailə kompensasiyadan narazıdırlar. Konkret olaraq kompensasiyanı evin kvadratına görə ödəyirdilər. İcra hakimiyyətinin nümayəndələri mətbəxi, hamam otağını, yataq otağını başqa qiymətə hesablayırlar. Min manat deyirlər, ancaq evin içərisində ayrı-ayrı məbləğlər deyirlər. Axırda elə bir məbləğ ortaya çıxarırlar ki, evin kvadratı 700-800 manat olur. Bununla da həmin ailələr razılaşmır. Çünki bu evlərdən 200-300 metr aralıda inşa edilən binalarda mənzillərin 1 kvadratını 2500-3000 manata satırlar. Bu ailələrin sonunun necə olacağı bilinmir. Orada yaşamaq çox çətin məsələdir. Su tez-tez kəsilir, qaz da yoxdur. Ətraf sanki xarabalığı xatırladır. Belə bir vəziyyətdə bu ailələr nə zamana qədər dözəcəklərsə, bilinmir. Ümumilikdə ərazinin tamamilə köçürülməsi nəzərdə tutulub. İlkin olaraq orada ancaq yaşıllaşdırılma nəzərdə tutulur. Ancaq bilinmir ki, sonradan başqa hansı qərarlar veriləcək. Bizim sökülən evlərimizin yerində hazırda ağaclar əkilib. Bunu əraziyə gedib özüm də görmüşəm”.
Ötən ilin mayında yayılan rəsmi məlumata görə, Azərbaycan Nazirlər Kabineti Bakının Səbayel rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 533 manat vəsait ayırıb. Qeyd olunub ki, həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan 6-sı 2018-ci ildə köçürülüb, 92 ailədən 27-si məcburi köçkün ailəsidir:
“Maddi yardım hər bir ailəyə 35 min manatdan az olmayaraq ödəniləcək. Vəsait ailələrin bank hesablarına köçürüləcək. Evlərin sökülməsi, abadlıq işlərinin aparılması üçün də 250 min manat vəsait nəzərdə tutulub. Maddi yardım alan məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək ki, nəzərə alınsın. Gələcəkdə ərazidə tikinti işlərinin aparılmasına ciddi nəzarət olunacaq, bu cür hallara yol verilməyəcək”, - məlumatda bildirilib.
Yaxın aylarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bayılda sürüşmə zonasında hər hansı aktivliyin baş verməsi ilə bağlı heç bir məlumat yayılmayıb. Köçürülən sakinlər də iddia edirlər ki, ərazini tərk etsələr də, evləri sökülənə qədər hansısa yeni çat, sürüşməyə aid əlamət görməyiblər.
Əli RAİS,
“Yeni Müsavat”