"Mərcan" toyuq istehsalçıları etiraz etdilər- MÖVQE
20-03-2020, 16:23

Teref.az yazır ki, bu günki nömrəmizdə ""Mərcan" toyuqları belə fırıldaq gəlir... - Çəkisi süni şəkildə artırılır" (http://teref.az/manset/146329-mercan-toyuqlari-bele-firildaq-gelir.html) başlığı altında "vetenxeber.com" istinadən tənqidi yazı dərc etmişik. Çox təqdirəlayıq bir haldır ki, istehsalçı şirkət operativ surətdə yazıya reaksiya verərək, redaksiya ilə əlaqə saxladı. İstehsalçı şirkətin meneceri Günel Əkbər xanım telefonla danışığımız zamanı dedi ki, məqalədə toxunulan faktların dəqiq olmadığını, təhrif edildiyini dedilər və şirkətin mövqeyini təqdim etdilər.
Teref.az olaraq "Mərcan" toyuqlarının istehsalçısı "Azerbaijan Poultry Companynin" şirkətinin mövqeyini oxuculara təqdim edirik:
Sizə daxil olan şikayətlə təəssüflə tanış olduq. Qeyd etməliyik ki, “Mərcan” istehsalşısı hər zaman istehlakçıların sağlamlığı və məmnunluğu üçün çalışır, bütün normativlərə ən yüksək səviyyədə riayət etməyi başlıca vəzifəsi hesab edir. Beynəlxalq standartlara diqqət etdiyimizdən və qarşımıza qoyulan tələbləri yerinə yetirə bildiyimizdəndir ki, Beynəlxalq İSO 22000 və Halallıq sertifikatına sahibik.
Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdı. Sizi və arzu edən hər kəsi istənilən vaxt istehsalatımıza dəvət edirik. Gəlin və şahid olun ki, prosses necə həyata keçirilir.
Şikayətə gəlincə... “Mərcan” istehsalçısı Azərbaycanda ilk dəfə olaraq hava ilə soyutma sistemini tətbiq etdi. Məqsəd məhsulu mikroorqanizmlərdən qorumaq və çəkidə saxtakarlığa yol verməmək idi. İstehsal etdiyimiz toyuqlar hava ilə soyudulduğundan onların içərisinə suyun daxil olması mümkün deyil. Qablaşdırılıb, soyudulan və ya dondurulan toyuqlar GPS izlənməsi olan daşınma nəqliyyatı vasitəsi ilə marketlərə çatdırılır. Soyuq zəncirin qorunması məhsulun xarab olmaması üçün vacibdir. Nəqliyyat vasitələrimizə yerləşdirilən GPS-lər oradakı temperatur durumunu, nəqliyyatın hərəkət trayektoriyasını məlumat şəklində bizə ötürür. Bir sözlə, məhsulun yetişdirilməsindən tutmuş, marketlərə çatdırılmasına qədər nəzarəti güclüdür. Və şəkildə göstərilən vəziyyətin baş verməsi zavodumuzda olan reallığa ziddir. Əlbəttə ki, araşdırma aparıb səbəbin nə olduğunu müəyyən etmək olar. Bununla artıq aidiyyatlı orqanlar məşğul ola bilər.
Teref.az