Ənvər Seyidəliyevlə bağlı prezidentə şok şikayət... - Başçı sahibkara deyir ki, get pulunu prezidentdən istə...

28-12-2015, 11:08           
Ənvər Seyidəliyevlə bağlı prezidentə şok şikayət... - Başçı sahibkara deyir ki, get pulunu prezidentdən istə...
Ağsu şəhəri, Xətai küçəsi, 5 nömrəli evin sakini Oruclu Adil Aydın oğlu rayonun icra başçısı Ənvər Seyidəliyev haqda ölkə başçısına şikayət məktubu göndərib. Surəti cumhuriyyet.az-a təqdim olunan həmin məktubu bəzi ixtisarlarla təqdim edirik:
“Mən iki dəfə Ağsu rayon icra hakimiyyətinin başçısı Ə. Seyidəliyev haqqında, onun rayon əhalisini incitməsi və çatışmazlıqları barəsində yazdığım şikayət ərizəsi prezident administrasiyasının ümumi şöbəsi tərəfindən şikayətçi olduğum, Ə. Seyidəliyevin üzərinə göndərildi. O, da heç bir tədbir görmədən, özü istədiyi kimi cavab yazıb yuxarı instansiyalara göndərdi. Mənə isə heç bir cavab verilmir. Bu halın nə dərəcədə qanuna müvafiq olduğu mənim üçün günü bu gün də qaranlıq olaraq qalır.
Ə. Seyidəliyev rayonda o qədər narazılıqlara səbəb olub ki, artıq Ağsu sakinləri kütləvi şəkildə yığışıb prezident adminstrasiyasının qarşısına etiraza gəlmək niyyətindədirlər. Bu işdə Ə. Seyidəliyevin arxasında bacanağı, bacısı oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dayanır. Dayı-bacıoğlu əl-ələ verərək Ağsunu viran qoyublar. Onlar rayonun demək olar ki, 95%-ni özəlləşdiriblər. Rayonu aşağıda göstərdiyim faktlarla zəbt ediblər.
1. Ağsu şəhərində vərəm dispanserinin taxta binası yandırıldı. Onun 5 ha-dan yuxarı olan torpaq sahəsi özəlləşdirildi və hündür hasarla əhatəyə alındı. Hətta gözləri doymadı, ona yaxın olan C. Cabbarlı küçəsinə 4 metr girərək küçəni daraltdılar.
2. Rayonda olan maşın və traktorların birliyini (köhnə MTC) özəlləşdirdilər, 100-lərlə maşın, konbayın, traktorları, tokar dəzgahlarını, böyük sənaye tipli təmir emalatxanalarını söküb satdılar. Həmin pullardan vergi orqanlarına 1 manat da olsa pul ödəmədilər. Həmin MTC 5 ha-dan yuxarı torpaq sahəsində hazırda istilikxana (parnik)inşa edirlər. Hər hektarına 1 milyon manatdan yuxarı pul qoyulur. Sual olunur, bu pulların mənbəyi haradandır?Həmin yerlərdə yerli Ağsulular heç fəhlə kimi də işləyə bilməz. Bu yerlərdə öz qohumlarını və ya ətrafdan gətirdikləri adamları işlədirlər.
3. Səlim Müslümov və Ənvər Seyidəliyev rayon istehlak cəmiyyətinin köməkçisi idman salonunu, eyni zamanda 3 ha yaxın torpaq sahəsini qohumlarının adına alaraq özəlləşdirmişlər.
4. ”Ağsu çörək MMC” Səlim Müslümovun atası, Yanvar Müslümovun adına özəlləşdirilmiş və keyfiyyətsiz çörək məhsulları istehsal etməklə fəaliyyətdədir.
5. Köhnə yanğın söndürmə idarəsinin və kübrə idarəsinin torpaq sahələri bu oliqarxlar tərəfindən alınmışdır.
6. Hal-hazırda Ağsu şəhər ərazisində 25 ha artıq torpaq sahələrini özəlləşdirib götürmüşlər.
7. 2014-2015 ci dərs ilində Muradlı, Dilman, Keçdiməz kəndlərində yeni məktəb tikintisi üçün ayrılan maliyyə vəsaitləri on dəfələrlə şişirdilib pulları mənimsənilmişdir.
8. Bico kəndində uşaq baxçası tikilmək üçün ayrılmış vəsait mənimsənilərək heç bir iş görülməmişdir.
9. Rayon mərkəzi xəstəxanasının yanındakı yarımçıq tikili olan bina S. Müslümov və Ə. Seyidəliyev özəlləşdirərək götürüblər.
10. Məmurlar biznes ilə məşğul ola bilməzlər. Bunu mövcud qanunlar ehtiva edir. Ancaq bu oliqarxların xeyli sayda restoranlar şəbəkəsi, supermarketləri, tikinti satış bazarları vardır. Ağsu-Göyçay yolu üzərində yol boyu olan obyektlərin xeyli hissəsi bunlara məxsusdur.
11. Ağsuda Ənvər Seyidəliyev tərəfindən, saxta dərmanlar istehsal olunur, rayonun apteklərində və qonşu rayonlarda satılır.
12. Ənvər Seyidəliyev rayon icra hakimiyyətinin başçısı olan kimi, arxası S. Müslümovun göstərişi ilə Ağsu rayonunun 16-kəndinin sovet dövründə qurulmuş, melorasiya borularını 2 metr 2. 5 metr dərinlikdən torpaqdan çıxararaq satmışlar. Həmin kəndlərin torpaq sahələri heç bir şeyə yaramadığı üçün, şoranlaşdığı üçün istifadəsiz qalıb.
13. Ənvər Seyidəliyevin Ağsu şəhəri üçün Quzey kəndindən çəkdirdiyi deyilən bulağın boruları Hacıqədirli və Ərəbmehdibəy kəndlərindən sökülmüş melorasiya borularıdır ki, həmin boruların əvəzində dövlət büdcəsindən 1500000 (bir milyon beş yüz min)manat pulu mənimsədi. Həmin çəkilən bulağın suyu texniki su olduğu üçün heç nəyə yaramır.
14. Hər il Ağsuda 100 hektarlarla torpaq sahəsi Ə. Seyidəliyev tərəfindən əkilir ya əkilmir, amma supsidiyalar mənimsənilir.
15. Səlim Müslümov və Ənvər Seyidəliyev tərəfindən 700 ha torpaq sahəsi Ağsu şəhərində və ona bitişik Navahı, Qaraməmmədli, Pirhəsənli, Ülgüc, və Qaraqaşlı kəndlərində mənzil tikintisinə bələdiyyələr adından satılmış və pulu mənimsənilmişdir.
16. Bico kəndində, 120 ha torpaq sahəsi, Qaraməmmədli və Navahı kəndlərində isə 300 ha əhalinin pay torpaqları S. Müslümov və Ə. Seyidəliyev tərəfindən 1 ha 2100 manata alınmışdır. Burada torpaq alqısı hələ də davam etməkdədir.
17. Girdiman çayında S. Müslümovun və Ə. Seyidəliyevin gün ərzində 350-400 ton daş-çınqıl istehsal edən daş karxanası vardır. Bu məhsullar rayona, qonşu rayonlara, hətta Bakı şəhərinə satılır, ancaq dövlətə 1 manat da olsa vergi verilmir.
18. Ağsu şəhərində bardiyar sexi, üzdaşı sexi, tamet sexləri vardır. Bu adamların gözü doymur, gördükləri işlərin də hamısı görünüş xatirinədir. Hər il rayonun mərkəzi küçələrini sökdürür və özünə məxsus keyfiyyətsiz üz daşı, bardiyar və tametləri dəyişib, xeyli pul mənimsəyirlər.
19. Rayonda olan bütün vəzifələr öz qohumlarının əlindədir. Kənar adamları yaxın qoymurlar.
20. Cənab prezidentin bu ilin sentyabr ayında Ağsuya səfəri zamanı 5-dağ kəndinə su çəkildiyini və həmin kəndlərdə evlərə paylandığı, artıq istifadə olunduğunu deyərək cənab prezidentə yalan məlumat verərək onu aldatmışlar. Ağsuda dayı bacıoğlunun hər işi belədir.
21. Bu oliqarxlar öz cinayət əməllərindən əl çəkmir, istədikləri adamı öldürtdürə və şərləyə bilərlər. Ə. Seyidəliyevin vəzifədə olduğu dövrdə 11 nəfər Ağsulu müəmmalı şəkildə ölmüşdür. Ə. Seyidəliyevin oğlu Dəyanət “cip”maşını ilə Şamaxı rayonunun Məlhəm kəndində uşaq vurub öldürdü. Cinayət işi necə bağlandısa, indi də səsi-sorağı yoxdur.
22. Bu ilin geridə qalan aylarında “Aqrolizinq” yolu ilə fermerlərə və ailə kəndli təssərrüfatlarına güya 750-800 ton mineral gübrə satılıb. Həqiqətən həmin gübrələr Kürdəmir dəmir yolu stansiyasında Ə. Seyidəliyev tərəfindən satılıb və pulu mənimsənilib. Bələdiyyə sədrləri və icra nümayəndələri vasitəsi ilə güya gübrə kəndlilərə satılıb deyə sənədləşdirilib.
23. Ağsu rayonunun sağ sahilində salınan mərhum Zərifə xanım Əliyeva adına parkda mənim kafem var idi. Ə. Seyidəliyev mənə dedi ki, genişlənmə ilə əlaqədar obyekt sökülməlidir. Əvəzində sökülməsinə görə 80. 000(səksən min manat) verəcəyini dedi. O, vaxtdan bu günə kimi 1000 (1 min manat)pul verib, indi isə pulumu tələb edəndə deyir ki, get pulunu Prezident İlham Əliyevdən istə. Qoy pulunu o versin. Görün bu adam nə qədər harınlayıb ki, belə bir söz işlədir.
24. Curuğlu kənd sakini, mərhum şəhid atası Heydərov Ələkbər Xeyrulla oğlunun ürəyini partladıb, öldürdülər. Belə ki, şəhid Müşviqin ailəsi ev tikilməsi adı ilə 83. 000 (səksən üç min manat) sənədləşdirib, pulunu götürüblər. Faktiki olaraq evi yarımçıq qoyaraq, cəmi 3500 (üç min beş yüz manat) pul veriblər. Ələkbər kişi bunu biləndə rayon icra hakimiyyətinə gəlib, araşdırma aparanda ürəyi partlayıb dünyasını dəyişdi. Mərhumu Ə. Seyidəliyev iki il imiş ki, get-gələ salıblarmış.
25. Yalandan 6-ay bundan əvvəl xəbər verirlər ki, Gəgəli, Rəhmalı, Kəndoba kəndlərinə qaz verildi. Ancaq indi Gəgəli kəndində yoxlanış üçün yanır, o biri kəndlərə hələ yenicə qaz xəttləri çəkilir. Hesablamalara görə, S. Müslümovun 7-10 (yeddi-on milyard manat) daşınmaz əmlakı və xarici banklarda pulu vardır. Onun bacanağı və dayısı Ənvər Seyidəliyevin, 80-100 (səksən-yüz milyon) manat daşınmaz əmlakı və xarici banklarda pulu vardır. Bu da öz növbəsində onu deməyə əsas verir ki, bu adamlar ciddi şəkildə korrupsiya ilə məşğuldurlar.
Dövlər başçısı məmurlardan vəzifələrini düzgün yerinə yetirməsini tələb edir. Buna əməl etməyənlər, sui-istifadə edənlər, öz şəxsi maraqlarını güdənlər isə ifşa olunaraq qanun qarşısında cavab verməli olacaqlar. Azərbaycan hakimiyyəti işində nöqsanlara yol verən məmurlara qarşı barışmazdır və onlar törətdikləri əməllərə görə layiqli cəzalarını alacaqlar. Varlı nazir və məmurlar dövlət və xalq üçün təhlükəlidir. S. Müslümov və Ə. Seyidəliyevin hektarlarla torpaq sahələri, yüzlərlə biznes obyektləri vardır. Bu ölkədə adət halını almış bir fakt da vardır ki, əgər kimsə məmurdursa, yaxınları da mütləq məmur olmalıdır və bütün biznes sahələri də bu məmur və ailələrinə məxsus olmalıdır. Ömründə bir kitab oxumayıb, fikrini sözlə ifadə edə bilməyənlər, onun-bunun hesabına taxta çıxanlar, min bir hoqqa ilə kiməsə torba tikməklə vəzifə sahibi olan Ə, Seyidəliyev hər fürsətdə Ağsuluları alçaldır, aşağılayır. Vəzifələrə dövlətə, millətə sədaqətli olan şəxslər gətirilməlidir. Bu oliqarxların vəzifəsindən sui-istifadə edərək özü və ya ailə üzvüləri üçün şəxsi biznes qurduğu barədə yazıb danışdıqca, bu oliqarxların biznesi daha da inkişaf edib böyüyür. Elə bil dövlət orqanları bu məlumatları eşitdikcə, bizlərə acıq verirmiş kimi belə oliqarxların biznesinin inkişafına daha çox təkan verirlər.
Azərbaycan respublikasının prezidenti dövlət qurumlarının rəhbərləri tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsiplərinə əməl olunması ilə bağlı müntəzəm çıxışlar edib, tapşırıqlar verir. Ancaq çox təəssüflər olsun ki, prezidentin bu sözlərinə qulaq asıb əməl edənlər yoxdur.
Mən ümid etmək istərdim ki, mənim üçüncü dəfə etdiyim şikayətim, şikayətçi olduğum şəxsin üzərinə deyil, daha yuxarı instansiyaların nümayəndələrinə göndəriləcək.
Mən sonda AXCP sədri hörmətli Əli bəyə müraciət edərək bildirirəm ki, onun ölkə reallığı haqqında dediklərinə qəti şüphəm yoxdur. Mənim kimi vətəndaşların başına açılan min bir oyunları qoy müxalifət düşərgəsi və mətbuatı mütəmadi işıqlandırsınlar. Bəlkə onda ölkə məmurlarının vicdanı oyandı.
İmza:__________ A. Oruclu.
Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxsləri və tərəfləri dinləyib, fikirlərini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.