“10 min dollara qədər olan kreditlər...” - Deputatdan təklif
29-12-2015, 13:52
Millət vəkili Vahid Əhmədov parlamentin bugünkü iclasında manatın devalvasiyası ilə bağlı cəmiyyətdə yaranmış gərginliyə toxunub.
“Qafqazinfo” xəbər verir ki, deputat hökuməti bu məsələ ilə bağlı gecə-gündüz işləməyə çağırıb:
“Biz hökumətin müəyyən üzvləri, Mərkəzi Bankla müzakirələr aparmışıq. Təklifimiz odur ki, əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın. Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin. İkincisi, isə əhalinin əmanətlərinin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik morotorium qoyulsun.
Üçüncü təklifim bankların birləşməsi ilə bağlıdır. Gedən proseelər onu göstərir ki, manatın devalvasiyasından sonra problemlər yarana bilər. Bunun üçün hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələr çox görüb və mən əhalini təmkinli omağa çağırırıram”.
Spiker Oqtay Əsədov isə cavabında bunları deyib: “Bu istiqamətdə cənab prezidentin hökumətə ciddi tapşırıqları var. Hazırda tədbirlər planı hazırlanır. Yaxın bir ay ərzində əhalimiz bunu hiss edəcək”.
Millət vəkili Fazil Mustafa qeyd edib ki, keçən dəfəki devalvasiyanın şokundan çıxmamış yenidən 50 faizlik devalvasiya baş verib: “Əhali yoxsullaşandan sonra bunu başa düşür. Amma çıxış yolu ilə bağlı heç nə demirlər. İdxal bərpa olunacaqmı? İnhisarçılıq ləğv ediləcəkmi? Monopoliya aradan götürüləcəkmi? Keçən dəfə manat qalxanda yalnız Zahid Oruc sinəsini qabağa verib bunu dəstəklədi. İndi isə heç kəs bu məsələdə özünü qabağa verərək nəsə demək istəmir. Dövlətin bank sektoru vasitəsilə vətəndaşın götürdükləri krediti qaytarmaq imkanı yoxdur. Vətəndaşın vəziyyətini düşünürək işlər görülməlidir. Dövlət komitələrinin, nazirliklərinin sayı azalmalıdır. İcra hakimiyyətlərinə verilən vəsait azalmalıdır. Bu vətəndaşa çatdırılmalıdır. Çatdırılmadığı üçün əhalidə çaş-baş yaranıb”.