“AXC-nin uğursuz bir kadrı kimi, çox təəssüf ki, indiki iqtidar Elman Rüstəmovu uzun illər bu postda saxladı” - deputat
29-12-2015, 15:40
Milli Məclisin hazırda davam edən iclasında ölkə vətəndaşlarını narahat edən manat və neftin qiyməti ilə bağlı müzakirələr gedir.
Deputat Fazil Mustafa deyib ki, dünyada gedən proseslər təbii olaraq Azərbaycana da təsir göstərir: “Ancaq 10 il ərzində gələn gəlirlərin xərclənməsində israfçılıq olduğu üçün belə vəziyyətlə üzləşmişik. Hökumətin iqtisadçı komandasının nə qədər zəif və hazırlıqsız olmasını devalvasiya bir daha üzə çıxartdı. 21 fevral devalvasiyasında da əhaliyə heç bir normal izahat verilmədi. Xatırlayıram, Milli məclisdə Zahid Oruc sinəsini qabağa verib bunun haqlı qərar olduğunu sübuit etməyə çalışdı. Bu gün yoxsul-varlı təbəqənin olmasından asılı olmayaraq hamı 50 faiz yoxsullaşdı. Bu gün konkret demir ki, inhisarçılıq ləğv olunacaqmı?
“Naxçıvanbank”da 1 milyon dollar kredit köhnə kursla hesablanır. Ancaq Mərkəzi Bank ölkə üzrə bunu tətbiq etməyi mümkün saymır. Bu gün sahibkarları günahkar çıxarmaq olmaz. “Sədərək”də, “Binə”də çarəsiz qalan vətəndaşların taleyini düşünərək addımlar atılmalıdır. Müəyyən islahatlar həyata keçirilməlidir, qənaət birinci dövlətdən, yuxarı eşalondan başlanmalıdır ki, aşağılar da bu rejimə öyrəşə bilsin”.
Spiker bir daha deyib ki, bu istiqamətdə bütün tədbirlər görülməyə başlanılıb: “Yaxın günlərdə bunun təsirini görəcəksiniz”.
Deputat Əli Məsimli hökuməti təcili tədbirlər görməyə, xüsusən bayram günləri ehtiyatlı olmağa çağırıb. Deyib ki, əks halda “qara bazar” formalaşacaq: “50 fazi devalvasiya olubsa, bu ağırlığı tam olaraq əhalinin üzərinə atmaq düzgün deyil. Ya əhaliyə möhlət verilməsi, ya faizlərin aşağı salınması, ya köhnə qiymətlərin tətbiqi həyata keçirilməlidir. Xüsusən aşağı və orta təbəqənin əmək haqları və təqaüdləri müvafiq olaraq qaldırılmalıdır. Neftin 25-30 dollar olmasına da hazır olmalıyıq, hökumət qabaqlayıcı tədbirlər görməlidir. İnhisarçılıq, məmur özbaşınalığı və korrupsiyanı aradan qaldırmaq şərtilə sahibkarlığın inkişafına geniş meydan versək, bir müddət sonra ölkə yenə sabit yolu ilə həyatına davam edəcək”.
Deputat Qüdrət Həsənquliyev də iqtisadi vəziyyətlə bağlı fikirlərini bölüşüb: “Dünyanın heç yerində Azərbaycandakı qədər yüksək bank faizləri yoxdur. 42 bankın hərəsi “Naxçıvanbank” kimi 370 vətəndaşa güzəşt etsə, vəziyyət dəyişər”.
Q.Həsənquliyev ardınca sensasion fikir söyləyib: “AXC-nin uğursuz bir kadrı kimi, çox təəssüf ki, indiki iqtidar Elman Rüstəmovu uzun illər bu postda saxladı”.
Spiker isə etiraz etdi və şəxsiyyət haqqında danışarkən ehtiyatlı olmağa çağırıb: “Xalq Cəbhəsindən gələnlər çoxdur, nə olsun, deputat da olmaq olmaz?”
Siyavuş Novruzov isə Azərbaycanın neft pullarından ən gözəl formada istifadə etdiyini deyib və israfçılığın olmadığını bildirib: “Biz də Liviya kimi Neft Fonduna yığsaydıq, başqa-başqa ölkələr yığıb aparardılar”.
O da deyib ki, Mərkəzi Bank vətəndaşların kreditləri ilə bağlı sıfırdan başlamalıdır: “Kifayət qədər gəlirlər götürüblər, gətirib ortaya qoysunlar, birdəfəlik bu məsələ qurtarsın. Hər ay 2 milyard manat xərclənib. Qoy Mərkəzi Bank 2 milyardı xərcləsin, bu problem birdəfəlik həll olunsun” (musavat.com).
* * *12:32
Milli Məclisin bu gün keçirilən iclasında manatın devalvasiyası barədə müzakirələr başlayıb.
Trend-in məlumatına görə, millət vəkilləri müxtəlif təkliflər səsləndirib.
Millət vəkili Vahid Əhmədov hökuməti bu məsələ ilə bağlı ciddi tədbirlər görməyə çağırıb: “Biz hökumətin müəyyən üzvləri, Mərkəzi Bankla müzakirələr aparmışıq. Təklifimiz odur ki, əhalinin 10 min dollara qədər kreditləri köhnə məzənnə ilə hesablansın. Xahiş edirəm ki, hökumət Mərkəzi Banka bu istiqamətdə kömək etsin. İkincisi isə, əhalinin əmanətlərinin sığortalanması ilə bağlıdır. Əmanətlərə 3 illik morotorium qoyulsun. Üçüncü təklifim bankların birləşməsi ilə bağlıdır. Gedən proseelər onu göstərir ki, manatın devalvasiyasından sonra problemlər yarana bilər. Bunun üçün hökumət gecə-gündüz işləməlidir. Azərbaycan belə hadisələr çox görüb və mən əhalini təmkinli omağa çağırırıram”.
Spiker Oqtay Əsədov isə cavabında deyib ki, bu istiqamətdə prezident İlham Əliyevin hökumətə ciddi tapşırıqları var: “Hazırda tədbirlər planı hazırlanır. Yaxın bir ay ərzində əhalimiz bunu hiss edəcək”.