DİQQƏT!! 190 manata imtina alan şəxslər bu şikayət ərizəsi formasından istifadə edə bilərlər
7-05-2020, 10:40

Teref.az xəbər verir ki, 190 manatdan imtina cavabı alanlara kömək məqsədi ilə hüquqşünas Asima Nəsirli şikayət məktubunun formasını da hazırlayıb, Şikayət etmək istəyənlər ərizə formasını götürüb şikayətlərini bu formaya uyğunlaşdırıb göndərə bilərlər.
Aztəminatlılıq meyarına uyğun gəlməməsi (adına nəqliyyat vasitəsi aşkarlandığı üçün) əsasına görə 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina almış şəxslər istəsələr, aşağıdakı formadan istifadə edib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət edə bilərlər.
Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinə
Ərizəçi/şikayətçi: (Burda öz ad, soyad və ata adınızı qeyd edin)
Şəxsiyyət vəsiqəsi: (burda seriya və nömrəsini qeyd edin)
Ünvan: (Burda ünvanınızı qeyd edin)
Telefon: (Burda telefon nömrənizi qeyd edin)
İnzibati Şikayət
İşin faktiki halları: Mən (burda ad soyad və adınızı da qeyd edə bilərsiniz) “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə verilməsi nəzərdə tutulan birdəfəlik ödəmənin alınması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra Nazirlik) müraciət etmişəm.
Nazirlik mənə birdəfəlik ödəmə verilməsindən imtina edib və bu barədə mənə ___.04.2020-ci il tarixdə məlumat verib.
Şikayətin hüquqi əsasları: Aşağıda qeyd edilənlərə əsasən hesab edirəm ki, Nazirliyin mənə 190 manat birdəfəlik ödəmə verilməsindən imtinasına dair qərarı maddi və prosessual hüquqi nöqteyi-nəzərdən əsassız və qanunsuzdur:
1. Prosessual - hüquqi pozuntu: “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu”nun 61-ci maddəsinin 2-ci bəndinə əsasən yazılı formada təsbit olunmuş inzibati aktın əsaslandırılması zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
Mənim işim üzrə isə Nazirliyin imtina aktında həmin imtina aktının qəbul edilməsinə əsas olan qanun və ya digər normativ hüquqi akt göstərilməyib. Yəni, mənə bəlli deyil ki, Nazirlik hansı qanun və ya digər normativ hüquqi akt əsasında mənə birdəfəlik ödəmə verilməsindən imtina edib.
2. Maddi-hüquqi pozuntu: Nazirlik öz qərarında əsas kimi ümumi olaraq qeyd edib ki, adıma nəqliyyat vasitəsi aşkarlandığı üçün aztəminatlılıq meyarına uyğun gəlmirəm.
Bu məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın (bundan sorna Qaydalar) 2-ci bəndinin 3-cü hissəsi birdəfəlik ödəmə verilməsindən imtina olunmalı olan şəxslərin kateqoriyasını müəyyən edib. Həmin normaya görə dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:
1) ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
2) əmək pensiyaçılarına;
3) aylıq müavinət alanlara;
4) aylıq təqaüd alanlara;
5) özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
6) işsizlikdən sığorta ödənişi alanlara;
7) peşə hazırlığına görə təqaüd alanlara;
8) 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
9) əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;
10) əri və ya arvadı yuxarıda qeyd edilən ödəniş alan şəxslərə.
Qanunvericiliyin yuxarıda qeyd edilən müddəasından göründüyü kimi, şəxsin adında nəqliyyat vasitəsinin olması birdəfəlik ödəmə verilməsindən imtinaya əsas olan hal kimi nəzərdə tutulmayıb. Ona görə də, hesab edirəm ki, Nazirliyin mənim müraciətim barədə imtinası qanunsuzdur.
Bundan başqa, mən və arvadım bu Qaydaların 2-ci bəndinin 3-cü hissəsində nəzərdə tutulan hər hansı ödənişi də almırıq.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, adıma olan buraxılış ili: 1999-cu il, markası: _____________, modeli: ___________ olan nəqliyyat vasitəsini mən ___________ü ildə əldə etmişəm. Hal – hazırda isə, Koronavirus (COVID-19) pandemiyası dövründə ölkədə tətbiq edilmiş xüsusi karantin rejiminə görə mən (ailəmiz) işləyə bilmirəm, gündəlik gəlirlərimdən məhrum olmuşam.
Buna görə də hesab edirəm ki, mən 190 manat birdəfəlik ödəmə verilməli olan şəxslər kateqoriyasına aidəm.
Əlavə olaraq bildirmək istəyirəm ki, mən “Məşğulluq haqqında Azərbaycan Respublikası Qanunu”nun 4-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulan məşğul şəxslərin hər hansı kateqoriyasına da aid deyiləm.
Bu səbəbdən də hesab edirəm ki, mənim işsiz kimi qeydiyyata alınmağım və mənə 190 manat birdəfəlik ödəmənin verilməsi üçün üçün əsaslar mövcuddur.
Yuxarıda göstərilənlərə əsasən yazıb sizdən xahiş edirəm ki, mənim işsiz kimi qeydiyyata alınmağım və mənə 190 manat birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edəsiniz. Hüquq münasibətlərinə aydınlıq gətirilməsi üçün Nazirliyin mənə birdəfəlik ödəmənin verilməsindən imtina edilməsinə dair qərarını ləğv edəsiniz.
Tarix: 02.05.2020-ci il
İmza: ___________________ Ad, soyad və ata adınızı qeyd edin.
Teref.az