İlkin mənzil bazarında qiymətlər bahalaşdı - BÖHRAN
2-01-2016, 12:45
“2016-cı ildə daşınmaz əmlak bazarında qiymətlərə təsir edəcək amillərin sayı o qədər olacaq ki, konkret proqnozun verilməsi çətinlik yaradır”. Bunu Modern.az saytına daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev bildirib.
R.Əliyevin sözlərinə görə, bu amillərin bəziləri qiymət artmasına, digərləri isə qiymətlərin enməsinə təsir göstərəcək: “Dollar qiymətlərinə mənfi təsir edən yeganə səbəb, hazırki makroiqtisadi şəraitin hökm sürməsi olacaq. Şəraitin pisləşməsi bazarda qiymətlərin daha da enməsinə təsir göstərəcək. Makroiqtisadi şərait isə bildiyimiz kimi, dünya bazarlarında neftin qiymətlərindən asılı olacaq. Devalvasiya silsiləsinin davam etməsi də dollar qiymətlərinin azalmasına təsir edəcək.
Qeyd edim ki, böhran dövrlərində vətəndaşlar daha çox likvid aktivlərə üstünlük verirlər və bu bir çox insanı daşınmaz əmlaka investisiya qoymaqdan çəkindirir. Bununla yanaşı qiymətlərin artmasına səbəb olan amillər kifayət qədər çoxdur. Əhalinin sərəncamında (depozitlərdə, yastıq altında, cari hesablarda) böyük məbləğdə sərbəst kapital var. Qiymətlərin aşağı səviyyəyə düşməsi bir sıra alıcıları aktivləşdirəcək.
Bank sektorunda problemlərin dərinləşməsi bank əmanətlərindən daşınmaz əmlak bazarına kapital axınını davam etdirəcək. İpoteka Fondunun bazara qayıdışı da qiymətlərə müsbət təsir göstərəcək”.
Ekspert bildirib ki, vergi qanunvericiliyində həyata keçirilmiş dəyişikliklər bazara müsbət təsir edərək əmlakın investisiya cəlbediciliyini artırıb:
“Bazarın seqmentləri üzrə vəziyyət fərqli olacaq. Tikinti sektorunda maya dəyərinin manat ifadəsində artması qaçılmazdır. Buna görə də dekabr devalvasiyasından sonra ilkin bazarda qiymət artımı qaçılmazdır. Bir sıra şirkətlər artıq qiymətləri artırıb. Buna görədə artıq məntiqi olaraq devalvasiyadan sonra ilkin bazarda qiymətlər manatla qalxacaq, dollar ifadəsində isə azalacaq.
Hazırda paytaxtın ən bahalı səmti, hər zaman olduğu kimi Neftçilər prospektidir. Orada konkret qiymətlər olmur. Aşağı qiymətlə yuxarı arasında bir neçə dəfə fərq var. Təkrar bazarda devalvasiyanın təsirini demək hələ tezdir. Çünki devalvasiyadan hələ 10 gün keçib. Bilinən odur ki, qiymətlər dollarla xeyli enib, sadəcə olaraq bunun həcmini bilmirik. Manat qiymətləri haqda ümumiyyətlə nəsə demək çətindir, çünki milli valyutanın özünün gələcək məzənnəsi hələki qeyri-müəyyəndir”.
R.Əliyev deyib ki, kirayə bazarında qiymət artımının olması hələ gözlənilmir:
“Çünki bu bazar sırf əhalinin gəlirləri ilə bağlı seqmentdir və əhalinin nominal gəlirləri artmayınca kirayələrin artması haqda danışmağa dəyməz. Ümumilikdə isə demək olar ki, makroiqtisadi şərait yaxşılaşmasa, bazarda vəziyyət müsbətə doğru dəyişməyəcək. İstisna etmirik ki, bir sıra amillər qiymət artımına təsirlər göstərsin, ancaq bu təsirlər müvəqqəti olacaq. Çünki həmişə deyildiyi kimi “daşınmaz əmlak iqtisadiyyatın güzgüsüdür”.