Ramiz Yediyarovun təqiblərinə məruz qalan ailə dövlət başçısına müraciət etdi - ŞİKAYƏT VAR

8-01-2016, 16:25           
Ramiz Yediyarovun təqiblərinə məruz qalan ailə dövlət başçısına müraciət etdi - ŞİKAYƏT VAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Surəti: Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri, cənab Ramiz Mehdiyevə

Gədəbəy şəhər sakini Əliyeva Aybəniz Ramazan qızının

Müraciəti

Çox hörmətli cənab Prezident!

Bu, mənim sizə 27-ci müraciətimdir. Biz gədəbəylilər yerli hakimiyyətin blokadası şəraitində yaşayırıq. Demək olar ki, səsimizi heç bir dövlət orqanına çatdıra bilmirik. Yazdığımız məktub və teleqramları ünvanına yetişdirə bilmirik. Məktub yazırıq, teleqram vururuq heç bir cavab ala bilmirik. İki ildən çoxdur ki, bu vəziyyətdə yaşayırıq. Yalançı abadlıq adı ilə 40-dan çox xırda sahibkarlıqla məşğul olan insanların obyektləri dağıdıldı, hansı ki, həmin dağıdılan obyektlərdən 200-ə yaxın ailəyə çörək pulu qazanılırdı. Nəyə lazim idi bu yalançı abadlıq? Bunun sadə insanlara heç bir xeyiri yox idi. Xeyiri ancaq yerli hakimiyyətin bir qrupuna idi ki, bu ad altında dövlətin külli miqdarda vəsaitini mənimsəsinlər. Elə də oldu. Əgər dəqiq yoxlanılsa, bu vəsaitin kimlərin cibinə axdığı məlum olar. Əgər bu sökülən obyektlərin yerində dövlət əhəmiyyətli nəsə bir tikinti işləri aparılarsa, hamının gözü önündə olar. Deməyə sözümüz olmaz. Dağıdılan obyektlərin yerində söküntü daşlar ilə nə tikirlər baş açılmır. İnsanların dolanışıq səviyyəsi yaxşı olsa, Gədəbəyin hər yeri gəzməlidir. Bizim bu yerli məmurlar insanların istirahətini fikirləşsə idi, Əliyev Oqtay İbrahim oğlunun tikdirdiyi istirahət mərkəzini düşmən malı kimi darmadağın etdirməzdilər. Həmin obyekt Gədəbəydə turizmin inkişafına böyük təkan idi. Obyekti dağıdılan sahibkarlardan biri də mənim həyat yoldaşım Səfərov Vaqif Qara oğludur. Qeyd edim ki, Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının 1998-ci il 16 iyun tarixli 143 saylı sərəncamı ilə həyat yoldaşım Səfərov Vaqif Qara oğluna 26 sot torpaq sahəsi ayrılmışdı. Bu torpaq sahəsindən 100-lərlə maşın bəlkə də, tonlarla zibil daşıtdırmışdıq. Daş, qum tökdürmüşdük. Ətrafında 1m 70 sm hündürlükdə hasar çəkdirmişdik. İcərisində 150 kv.m-lik obyekt tikdirmişdik. Bizimlə bərabər burada 8 ailə çörək pulu qazanırdı. 2013-cü ilin oktyabr ayında bizə xəbər gəldi ki, rayonun başçısı cənab Ramiz Yediyarov və onun pullu əlaltılarının xəyalına bizim torpaq sahəsində özlərinə ticarət mərkəzi tikmək düşüb. Biz inanmadıq, çünki bizim bu torpaq sahısinə aid olan bütün sənədlərimiz yerbəyer qaydasında idi. Amma bizim başçını bu sənədlər qane etmədi. Nə qədər çalışdıq, cənab Yediyarovun qəbuluna düşə bilmədik ki, sənədlərlə tanış olsun, alınmadı. Məcbur olduq sənədləri poçt vasitəsi ilə göndərdik. Baxan olmadı. Torpağımız əlimizdən alındı, içərisində tikdirdiyimiz obyektimiz bütün avadanlıqları ilə birlikdə darmadağın edildi. Biz bu qanunsuzluqlar haqqında bütün aidiyyatı orqanlara məktub və teleqram vasitəsi ilə müraciət etdik. Bundan sonra başladılar bizim ailəni hədələməyə, təhdid etməyə. Mən qorxudan oğlumu Gədəbəydən çıxartdım. Sonra hədəf gəlinim oldu. Gəlinim 4 uşaq anasıdır. Övladlarından biri hal-hazırda ordu sıralarındadır, digəri ödənişli əsaslarla ali təhsil alır. İkisi isə, azyaşlı əkiz qızlardır. Rayon rəhbərlərinin əsil qanunsuzluqları bundan sonra başladı. Gəlinim 1 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyirdi. Aylıq məvacibi 180 manat idi. 8 nəfərlik ailədə işləyən yalnız gəlinim idi. Körpə qızlardan biri xəstələnir, xəstəxanada yatmalı olur. Gəlinim isə bir ana kimi övladına baxmalı olur. 29 mart 2015-ci il tarixdən 30 aprel 2015-ci il tarixə qədər. İşə çıxarkən həkimin verdiyi xəstəlik vərəqəsini məktəbin direktoruna təqdim edir. May ayının 13-də direktor gəlinimə bu gündən işə çıxma, sən həmkarlar təşkilatının qərarı ilə işdən azad olunursan – deyir. Səbəbini xəbər alanda, sən üzürsüz səbəbdən 1 ay işə çıxmamısan, deyə cavab verir. Bəs mən sizə xəstəlik vərəqəsi verdim, bu üzürlü səbəb deyilmi?

Sənin bülletenin saxtadır. Bu necə ola bilər, axı bu nömrəli dövlət səbədidir. Mən bilmirəm, get baş həkimdən xəbər al. Baş həkiminsə cavabı belə olub, bülleten saxta deyil, bunu başçı Ramiz Yediyarov belə istəyir. Gedin onunla razlaşın. Başçının bizə göndərdiyi cavab: şikayətinizi geri götürün, gəlininizi işinə bərpa edək. Yoxsa hara gedirsiniz gedin, hara şikayət edirsiniz edin. Bu rayonun ağası odur, o deyən də olmalıdır. Həqiqətən də belə oldu. Nə torpağımızı qaytara bildik, nə gəlinimi işinə bərpa edə bildik. Artıq iki ildən çoxdur ki, yazırıq-poşuruq, amma heç bir nəticə əldə edə bilməmişik.

Çox hörmətli cənab Prezident!

Bir rayonun daxilində bu qədər qanunsuzluqlar, özbaşınalıqlar baş verir, əhali bu qədər incidilir və bunları biz heç kimə çatdira bilmiriksə, bu blokada deyil bəs nədir? Biz sizə arxalanırıq, güvənirik, inanırıq, bu inamı itirmirik və itirmək istəmirik. Bu qanunsuzluqlara, özbaşınalıqlara bir son qoydurmağınızı çox artıq dərəcədə xahiş edirik. Elə edin ki, başqalarına dərs olsun.

İmza: Əliyeva Aybəniz Ramazan qızı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.