Rayonlara gediş-gəliş bərpa edilməlidir - MÖVQE
5-08-2020, 07:37

“Bakı-Sumqayıt, Abşeron ərazilərinə giriş-çıxışa qoyulan qadağa ləğv edilməlidir”.
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
A.Hacılı bildirib ki, Azərbaycan əhalisinin təqribən yarısı karantin tətbiq edilən ərazilərdə yaşayır: “Pandemiya şəraitində əsas konsepsiya əhalinin seyrək qalmasına nail olmaqdırsa, milyonlarla əhalini ölkənin 10% ərazisində qapadıb, 90% ərazinin boş saxlanmasının məntiqi nədir? Bu qadağanın epidemiyanın ölkənin regionlarına yayılmasının qarşısını almaqla bağlı olduğu iddiası da əsassızdır. Əvvəla, ölkə ərazisində sərbəst hərəkət hüququ olanların sayı on minlərlədir. İkincisi, istənilən adam taksiyə ya avtobusa əlavə 10-20 manat ödəməklə karantin ərazisindən istənilən yerə gedə və yenidən karantin ərazilərinə qayıda bilir. Effektsiz qapalılıq insanların seyrəlmək, karantin dövrünün fəsadlarını adlatmaq imkanlarını daha da məhdudlaşdırır. Çətinliklərin, məhdudiyyətlərin artması paralel olaraq pandemiya şəraitində insan üçün çox vacib olan immunitetin zəifləməsinə səbəb olur. Bunları nəzərə alsaq ölkə ərazisində hərəkət məhdudiyyətinin ziyanı xeyirindən çoxdur”.