“Dişlənmiş alma”nın içindəki milyardlar - “Apple” dünya lideri oldu

21-08-2020, 08:52           
“Dişlənmiş alma”nın içindəki milyardlar - “Apple” dünya lideri oldu
Pandemiyanın üzə çıxardığı gerçəklik: gələcək rəqəmsal texnologiya şirkətlərinindir...
“Apple” hazırda “dünyanın ən dəyərli şirkəti”dir. Bu gün sözün hər iki mənasında insanların cibinə girən “Apple”ın bu qədər böyük dəyər qazanması dünyada rəqəmsal texnologiya şirkətləri arasında bir ilkdir. Belə ki, ABŞ-ın texnologiya nəhəngi “Apple”ın bir səhminin dəyəri çərşənbə günü beynəlxalq birjalarda 1,3% artaraq 468,4 ABŞ dollarına yüksəlib. Beləliklə də bir səhminin dəyəri ilin əvvəlinə görə 57% artan “Apple”ın bazar dəyəri 2 trilyon ABŞ dollarını ötüb.

“Report”un xəbərinə görə, bu ilin aprel-iyun dövrünü əhatə edən III rübdə şirkətin xalis mənfəəti 11,2 milyard ABŞ dolları (illik müqayisədə 12% çox), gəlirləri 59,6 milyard ABŞ dolları (11% çox), şirkətin hər səhm üzrə qazancı 2,58 ABŞ dolları (18,3% çox) təşkil edib.

Hesabat dövründə “Apple”ın smartfon və planşet satışları da artıb. Belə ki, “iPhone” satışları 1,7% artaraq 26,4 milyard ABŞ dollara, “iPad” satışları isə 31% artaraq 6,6 milyard ABŞ dollara, “Mac” satışları isə 21,6% artaraq 7,1 milyard ABŞ dollara çatıb.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, səhmlərin bahalaşması xüsusilə koronavirus infeksiyası şəraitində əksər amerikalıların evdən təhsil alması və işləməsi şəraitində “Apple” məhsullarına yüksək tələbatla əlaqədardır.

Xatırladaq ki, bazar dəyəri ilk dəfə 2 avqust 2018-ci ildə 1 trilyon ABŞ dollara çatan “Apple”, bu ünvanını 2019-cu ilin dekabrında bazar dəyəri 1,7 trilyon ABŞ dollara yüksələn Səudiyyə Ərəbistanın neft nəhəngi “Aramco”ya uduzsa da, bu ilin avqustun əvvəllərində yenidən “dünyanın ən dəyərli şirkəti” olub.

Onu da qeyd edək ki, bu şirkətlər ABŞ iqtisadiyyatında da mühüm rol oynayır və hazırda əsas lokomativ şirkətlərdir. İqtisadçılar hesab edir ki, artıq gələcək İT şirkətlərinindir və perspektivi görən şirkətlər, dövlətlər bu sahəyə yatırım edir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Amerikada artıq trend texnologiya şirkətlərinin xeyrinə dəyişib: “Amerika iqtisadiyyatının təməlini son 10 ilə qədər enerji şirkətləri və avtomobil təşkil edirdi. 2005-ci ildən sonra yeni bir tenensiya başladı və 2010-cu ildən sonra daha da sürətləndi. O tendensiya bu idi ki, texnologiya şirkətləri, internet üzərindən xidmət göstərən şirkətlər önə çıxdı. Bu zaman həm ”Google"un, həm “Amazon”un, həm “Microsoft”un getdikcə daha çox ciddi trendə daxil olduğunun şahidi olduq. Son zamanlar avtomobil şirkəti olan Tesla da trendə daxil oldu. Çünki o da innovasiyalara və texnologiyaya əsaslanan şirkətdir. Bu kimi şirkətlərin səhmlərinin bahalaşmasının əsas səbəbi odur ki, trendi investorlar daha yaxşı görür. Onlar görür ki, dünya daha çox rəqəmsallaşır, rəqəmsal dünyada texnoloji şirkətlərə və onların məhsullarına həmişə tələbat artacaq və bu da onların daha uğurlu şirkət olmasına yol açacaq. Bu cür şirkətlərin səhmlərini əllərində tutan investorlar hər il sonunda, əsasən mart ayında yaxşı dividentlər əldə edirlər. Hər səhm ayrıca divident gətirir".

Ekspertin sözlərinə görə, səhmlərin qiymətinin artdığını da nəzərə alsaq, bu həm də yaxşı bir yatırım alətinə çevrilir: “Son zamanlar Amerikada həm FED, həm də hökumət pandemiyaya qarşı iqtisadiyyatın çarxlarını yenidən işə salmaq üçün 6-7 trilyon dollar yaxın vəsait xərcləməyə qərar verib və bu vəsaiti dövriyyəyə yatırılır. Bu vəsaitin bir qismi də investorlar tərəfindən səhm bazarına yönəldilir. Bunun nəticəsidir ki, ”Apple" şirkəti dünyada ən baha şirkət vəziyyətinə gəldi və dəyəri 2 trilyon dolları keçdi. Bundan öncə, neft bahalaşan zaman “Aramco” şirkəti dünyanın ən baha şirkləti sayılırdı. İndi trend dəyişib, enerji şirkətlərindən daha çox yeni texnologiya şirkətləri bazarda investorların əsas marağını cəlb edir".

Azərbaycana gəlincə, N.Cəfərli bildirdi ki, biz innovativ məhsulların istehsalı baxımından çox geridə qalmışıq: “Bunun üçün alt yapı yoxdur. Təhsil səviyyəsindən tutmuş biznesin marağına qədər bir çox problemlər var. İnnovativ təkliflər o zaman effektiv olur ki, özəl şirkətlər buraya yatırım qoyur, startapları böyük vəsait hesabına alır və bunun hesabına rəqəmsal şirkətlər inkişaf edir. Bunun alt yapısı yoxdur. Təhsilindən tutmuş bazardakı şirkətlərin bu sahəyə marağına qədər ciddi bir boşluq var. Azərbaycan gecikmiş də olsa bununla bağlı müəyyən addımlar atmalıdır. Postsovet məkanında bunu ən tez anlayan Pribaltika ölkələri, əsasən də Estoniya oldu. Estoniyanın rəqəmsal texnologiya ixracı az qala Azərbaycanın neft sektorudan gələn gəlirə bərabərdir. Azərbaycan bu il ən yaxşı halda neftdən 3,2-3,5 milyard dollar pul qazanacaq. Ancaq əhalisi 2 milyona çatmayan Estoniyanın rəqəmsal texnologiyalardan qazancı 5 milyard dollar gözlənilir. Bu gecikməni aradan qaldırmaq üçün bizdə də sürətli və effektiv addımlar atılmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.