Vasif Talıbovun 25 ili: İyirmi birinci əsrin Naxçıvan Xanlığı

20-12-2020, 13:43           
Vasif Talıbovun 25 ili: İyirmi birinci əsrin Naxçıvan Xanlığı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Muxtar Respublikaya rəhbərliyinin 25 ili tamam olur.

“Yeni Sabah” xəbər verir ki, o 1995-ci il dekabrın 16-dan NMR-na rəhbərlik edir. V. Talıbov bu vəzifəyə təyin olunarkən 35 yaşı vardı, indi isə 60 yaşındadır.

Talıbovun 25 illik hakimiyyəti dövründə onun ən müxtəlif qərarları nəinki Naxçıvanda, bütün Azərbaycanda siyasi mübahisələrə səbəb olub, mediada günlərlə müzakirə edilib. Məsələn onun yas mərasimləri ilə bağlı qadağaları hələ illər öncə böyük səs-küyə səbəb olmuşdu. Amma sonradan həmin prinsiplər şərti olaraq “Naxçıvan modeli” adı aldı və ölkənin digər bölgələrində də tətbiq olundu.

Və yaxud Sovet dövründən yadda qalan iməclik adət-ənənələrinin yaşadılması, ictimai nəqliyyatla bağlı tətbiq olunan qaydalar Talıbovun şəxsi düşüncəsinin məhsulu idi. Xalq üzərində ciddi nəzarətin olması və demokratik təsisatların sıradan çıxarılması, söz azadlığının minimum səviyyədə olması isə Naxçıvanın anklavda olması və yalnız bu yolla bölgədə erməni təxribatlarının qarşısının alınmasının mümkünlüyü ilə izah olunurdu.

V. Talıbov həm də Azərbaycan parlamentinin deputatıdır. Maraqlıdır ki, o hər zaman seçkilərdə ən böyük səs faizi ilə qalib gəlir. Məsələn bu ilin əvvəlində keçirilən parlament seçkilərində 94.6 faiz səslə deputat olub. Heç ölkənin birinci şəxsi İlham Əliyevin bütün seçki tarixi boyunca bu qədər səs üstünlüyü ilə qalib gəldiyi elan olunmayıb.

Bütün bu qeyri-adi və bir sıra hallarda da sərt qərarları Talıbov haqqında “Naxçıvan Xanı” ifadəsini formalaşdırıb.

Onun yaxın zamanlarda vəzifədən uzaqlaşacağı haqda da son vaxtlar mediada xəbərlərə rast gəlinir. Öz yerinə isə kiçik oğlu Seymur Talıbovu varis kimi hazırladığı iddia olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.