DANIŞAN ŞƏKİLLƏR!!!
5-01-2021, 07:42

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində aldığı xəsarətdən sağlamlıq imkanları məhdudlaşan qazilərimizdən birini evlə təmin edib. Bunun reklam olunmasını düzgün hesab etmirəm. Bu bir sıra tərəfləri ilə qazilərimiz və şəhid ailələri arasında haqlı narazıllq yaradır. Hesab edirəm ki, bu şəkilləri paylaşmaq özlərini reklam etmək və ölkə rəhbərini biyabır etməkdir. Müharibə ilə bağlı hakimiyyəti ittiham edənlərin əksəriyyəti heç bir imkanlı ailənin övladının şəhid və qazi olmamasını əsas göstərir. Bu ittihamı Nazirlik internet informasiya resurslarında şəkillərlə təsdiqləyir və xalqı hakimiyyətdən incik salır. Bu cür həssas dönəmdə düşünülməmiş və ya qərəzli hərəkətlər şəhid ailələrinin və qazilərin haqlı narazılığına səbəb olur. Qazilərin və şəhid ailələrinin mənzil təminatı üçün dövlət başçısı tərəfindən çox böyük vəsait ayrılır. Belə ki, 3 min mənzilin alınmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 180 milyon vəsait xərclənib. Qazi və şəhid ailələri üçün verilən 30 min manat dəyərində ev və ya mənzil 60 min manata rəsmiləşdirilir. Özününəməşğulluq proqramı üzrə iki qotur dana və bir miqdar yem biznes adı ilə şəhid və qazi ailələrinə 5 min manatın üzərində aktiv olaraq hesablanır. Hər bir qotur inəyin qiyməti 2088 manata rəsmiləşdirirlər. Şəhid və qazi ailələrinə qarşı bu cür riyakarlıq qəbuledilməzdir. Bu məmurlar özlərini gözə soxsalar da, hakimiyyəti yerin dibinə soxurlar. Öz vəzifə borclarını xüsusi bir fəallıq kimi təqdim etmək istəyən bu şəxslər qulluq keçdikləri dövlət orqanının fəaliyyətini tam anlaya bilməyiblər. Bir qazimizə ev verib reklam etmək həmin şəraitdə yaşayan minlərlə qazimizi incik salır. Bir kilo qənd və 5-10 manatlıq ərzaq verib bu ailələr üzərindən özlərini reklam edir və o ailələrin qüruru ilə oynayırlar. Bunun hamısı ya səriştəsizlik, ya da qərəzlilik əlamətidir. Bu cür həssas məqamda şəhid ailələrini və qazilərimizi istismar edənləri və bundan özünü reklam vasitəsi kimi faydalananları şiddətlə qınayıram.
Alik Mövlayev
Teref.az



