Yeni dronlar gəlir - “Ərazilərimiz minalardan təmizlənəcək”

7-01-2021, 17:12           
Yeni dronlar gəlir -
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) işğaldan azad olunmuş torpaqlarımızın təmizlənməsi üçün yeni texnikanın alınmasını planlaşdırır. Bunu “Sputnik Azərbaycan”a ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov söyləyib. “Bizdə beşinci nəsil “Bojena”lardan istifadə olunur. İndi daha müasir analoqunu almağı planlaşdırırıq.
Eləcə də, dronları yoxlamadan keçiririk. İlkin nəticədən razı qalmışıq. Ancaq hələ əməliyyatlara cəlb etməmişik. Dronun istehsalçılarına müraciət edərək, bəzi parametrləri əlavə etmələrini istəmişik”, - İsmayılov deyib.

Qeyd edək ki, PUA-lar ərazinin daha düzgün coğrafi koordinatlarını almağa və axtarış işlərini asanlaşdırmağa imkan verir. Bununla yanaşı, ANAMA əməkdaş sıralarını da genişləndirib, istehkamçıların sayı 400-dən 600-ə çatdırılıb. Ancaq təşkilat bununla kifayətlənmək niyyətində deyil. Çünki yaxın bir neçə il ərzində respublikanın bütün işğaldan azad olunmuş əraziləri minalardan təmizlənməlidir.

Təşəbbüsü dəyərləndirən hərbi ekspert Ramil Məmmədli “Sherg.az”a bildirib ki, minadan təmizləmə işləri humanitar və hərbi xarakterli olmaqla iki növə bölünür:

“Birinci ilə məhz ANAMA əməkdaşları məşğul olur və bu, böyük zəhmət tələb edir. Çünki ən ağlagəlməz yerlərə baxmaq lazım gəlir. Əgər hərbi xarakterli minadan təmizləmə işlərində 20 nəfər iştirak edirsə, digərində bu rəqəm 3-5 dəfə artır. Beşinci nəsil texnologiyanın tətbiqi, o cümlədən sözügedən dronların istifadəsi insan amilinə tələbatı azaldacaq və beləliklə, həm də prosesin təhlükəsizliyini təmin edəcək.
Odur ki, orduda belə bir yeniliyə, həqiqətən, ehtiyac var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.