Azərbaycandan fərqli Türkiyədə koronavirus xəstəsinə yanaşma: Səhiyyə Nazirliyindən zəng, poliklinikadan dərman, valilikdən ərzaq…

9-01-2021, 08:32           
Azərbaycandan fərqli Türkiyədə koronavirus xəstəsinə yanaşma:
Azərbaycanda xüsusilə evdə müalicə olunan koronavirus xəstələri müalicənin bahalığından şikayətlənir.

Məlumatlara görə, bir nəfərin evdə müalicəsi 1000-1200 manata başa gəlir və bu vəsait şəxsin özü tərəfindən qarşılanır. Bura antibiotik sistemlər, ativiral və immungücləndirici preparatlar daxildir. Dövlət tərəfindən ancaq koronavirus xəstəsi olduğu testlə təsdiqlənən və evdə müalicə olunan şəxsə bir neçə vitaminin olduğu paket verilir. Bəzi məlumatlara görə, sözügedən paketləri təqdim edən sahə poliklinikaları güzəştli ailələrin bu xidmətdən yararlana biləcəyini deyir və heç də hamıya vitamin paketi verilmir. Təcili tibbi yardımın günlərlə gəlməməsi, test cavablarının günlərlə yubanması, simtomsuz təmaslılardan test götürülməməsi, xəstəxanalarda yer olmaması, özəl xəstəxanalarda testin bahalığı (100-120 manat), apteklərdə dərman qıtlığı və bahalığı problemlər sırasındadır.

Azərbaycanla müqayisədə digər ölkələrdə, o cümlədən Türkiyədə koronavirus xəstələrinə fərqli tibb xidməti göstərilir.



Tanınmış ictimai xadim, yazar Mehriban Vəzir Türkiyədə COVİD -19 xəstələrinə dövlət yanaşması barədə yazıb.

Cebhe.info xəbər verir ki, o, qonşu ölkədə virusa yoluxan şəxs kimi təəssüratlarını bölüşüb: “Hər kəs kimi necə, harda yaxanlandıq, evə kim gətirdi, bilmədik. Gözlə görünən o oldu ki, evdə olan 3 yetkin adam qrip idik. Qızım yoldaşı ilə gedib test verdi, pozitiv çıxdı. Ev karantinə alındı, yəni 10 gün evdən çıxmaq olmaz deyə xəbərdar edildi. Mənim testimi gəlib evdə etdilər, mən də pozitiv oldum. Balacaları test etmədilər, "gərək yoxdur" dedilər”.

O bildiirb ki, elə həmin gün "sağlık ocağı"ndan (poliklinika) tibb bacısı dərman gətirib: “5 günə 40 tablet, 1-ci gün 16 = 8+8 və s. Vitamin qismini isə özümüz təmin etdik... Ötən 10 gün ərzində biz 3 nəfərin hər biri üçün sağlık ocağından, bələdiyyədən, hətta Səhiyyə Nazirliyindən 6-7 zəng gəldi. Ən çox da mənə... Yaş riski ilə əlaqədar. Müxtəlif suallar verirdilər, əlamətləri öyrənirdilər. Səhiyyə Nazirliyi sonda geniş müsahibə-monitorinq apardı, neçə dəfə zəng olub, dərmanları necə içmisiniz, simptomlar nə idi, nədir və s. Sonda da “Bizə vaxt ayırdığınız üçün dərin təşəkkürlər” . Yəni 10 günlük karantini tam nəzarət altında yaşadıq, dövlət bizimlə uğraşdı. Ən maraqlısı isə elə birinci gün valilikdən zəng etdilər. Ünvanı, sayımızı dəqiqləşdirdilər, 2 gün sonra çəkisi təqribən 15-20 kq olan ərzaq qutusu gətirdilər. Qutunun içində təməl qida - yağ, un, şəkər, duz, pendir, noxud, lobya, bulqur, düyü, cem, süd və digər məhsullar, yəni evdən çıxmadan azı 2 həftə idarə edəcəyin qədər yemək vardı. Dostlardan soruşdum ki, Azərbaycanda da yoluxan, karantinə alınan evlərə dövlət pulsuz ərzaq göndərirmi? Gördüm deyən olmadı...

Səhiyyə Nazirliyindən zəng edib tək-tək monitorinq keçirirlərmi, kef-hal edib anket doldururlarmı? Bu suala da "hə" deyən olmadı... Mən Türkiyədə bu pandemiya müddətində istər dövlətin vətəndaşa yanaşmasında, istər qonşunun əməlində bir insanlıq, nəciblik gördüm. Türkiyə ideal ölkə deyil, min dərdi, qüsuru var, amma bizim idarəetmənin və vətəndaşın bu dövlətdən və bu toplumdan öyrənəcəyi çox şey var”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.