Bitkoin 40 min dollara çatdı - Kriptovalyuta bazarında nə baş verir?

9-01-2021, 08:36           
Bitkoin 40 min dollara çatdı -
Beynəlxalq analitik mərkəzlərindən optimist proqnozlar
Dünya virtual valyuta bazarında volatillik son dərəcə yüksəlib. Ötən ilin son aylarından etibarən kriptovalyutaların kəskin bahalaşması müşahidə olunur. 2020-ci ilin oktyabrından bəri bu rəqəmsal valyuta 4 dəfədən çox bahalaşıb.

Yanvarn 8-də bitkoinin qiyməti alış-veriş sessiyasında 8,5 faiz artaraq yenidən ən yüksək həddə çatıb. “CoinDesk” portalının məlumatlarına əsasən, bitkoin 40 min dollara satılıb. Bu isə bitkoinin qiymətində yeni rekordun qeydə alınması deməkdir. Ötən ilin dekabrın ortalarından bəri bitkoin 20 min dollara qədər bahalaşıb. İllik ifadədə isə bahalaşma 6 dəfədən çoxdur. Bitkoinin ardınca digər kriptovalyutalar da bahalaşmaqdadır. Bunun əsas səbəbi kimi dünya mərkəzi banklarının virtual valyuta bazarına böyük həcmdə vəsait yatırması, bazarda böyük oyunçuların meydana çıxması göstərilir.

Bitkoinin tarixinə nəzər salsaq görərik ki, bu virtual valyutanın qiymətində kəskin enişlər dövri olaraq baş verir. 2009-cu ildə “New Liberty Standard” bitkoinə 0,00076 dollar qiymət qoymuşdu. Həmin ilin yayında bu qiymət yüz dəfə artdı, payızda isə 50 sentə çatdı. 2013-cü ilin noyabrında bitkoin artıq 1,2 min dollara satılırdı. Beləliklə, 4 ildə 1 570 800 dəfə bahalaşmış oldu.

2014-2015-ci illərdə kriptovalyuta bazarı qiyməti endirməkdə maraqlı olan investorların nəzarətində oldu - bitkoinin məzənnəsi 300 dollardan yuxarı qalxmadı. Bu azalmanın əsas səbəblərindən biri də bütün bitkoinlərin 90 faizinin ticarətinin reallaşdığı Mt.Gox birjasının iflası idi. Bu, rəqəmsal valyuta bazarında böyük təşvişə və qiymətlərin ucuzlaşmasına gətirib çıxartdı. 2015-ci ilin payızından bitkoin yenidən sürətli bahalaşma dövrünə qədəm qoydu və iri investorların diqqətini cəlb etməyə başladı. 2017-ci il ərzində bitkoin 1274 dollardan 20 min dollara qədər bahalaşdı. Rəqəmsal valyuta bazarının kapitallaşma səviyyəsi 130 milyard dollara çatdı. Bütün dünyanın diqqəti kriptovalyuta bazarına yönəldi, mərkəzi banklar, hökumət başçıları səviyyəsində müzakirələr start götürdü. Eyni zamanda bazara başqa kriptovalyutalar da buraxıldı. Hətta Facebook-un sahibi Mark Zukerberq öz kriptovalyutasını yaradacağını elan etdi. Lakin 2018-ci ilin əvvəlindən yenidən bazarda eniş başlandı, bitkoin 17 min dollardan 4 min dollara qədər dəyərsizləşdi. Kriptovalyuta bazarı kapitallaşmasının 90 faizə qədərini itirdi.

Beləliklə, indiyədək bitkoin iki dəfə klassik sikl yaşadı: sürətli bahalaşma, böyük köpüyün yaranması, eyforiya, daha sonra köpüyün partlaması və qiymət enişi. Bu enişlər fırıldaqçıların bazardan çəkilməsi, yerini daha böyük oyunçuların tutması ilə nəticələndi. Onların ehtiyatlı davranışlarının təsiri ilə 2019-cu il kriptovalyuta bazarında sükut və cüzi artımla yadda qaldı, dünyanın bu bazara marağı kəskin azaldı. Lakin 2020-ci ildə hər şey dəyişdi, sürətlə dəyər qazanan bitkoin digər kriptovalyutaları da arxasınca çəkdi. Pandemiya başlayana qədər müşahidə olunan bahalaşma onun təsiri ilə nəinki dayanmadı, hətta daha da sürətləndi. Əgər oktyabrın əvvəlində bitkoin 11 min dollar idisə, 1 dekabrda artıq 19,9 min dollara, 3 yanvarda 34 min dollara, 7 yanvarda isə 40 min dollara çatdı.

Kriptovalyuta bazarında hazırda davam edən bahalaşmanın əsas səbəblərindən biri pandemiyanın sona çatmasına olan inamın artmasıdır - çoxsaylı və kifayət qədər effektli peyvəndlər yaradılıb, dünya iqtisadiyyatında yaxınmüddətli dövr üçün ciddi canlanma gözləntiləri meydana gəlib. Bu şəraitdə pandemiya dövründə iqtisadiyyata axıdılan ucuz pulların mühüm bir qismi kriptovalyuta bazarına axır. Və bazara axan pulların xeyli hissəsi daha mötəbər hesab olunan bitkoinə yönəlir.

Digər tərəfdən, mərkəzi bankların kriptovalyutalara münasibətdə əvvəlki inamsızlığını maraq əvəz edib. 2020-ci ildə bir neçə böyük mərkəz bank bitkoinə açıq maraq nümayiş etdirdi. Çində isə rəqəmsal yuan tədavülə buraxıldı. Çin Milli Bankının proqnozlarına görə, yaxın gələcəkdə rəqəmsal yuan bütün ənənəvi pulları və kriptovalyutaları əvəz edəcək.

2020-ci ilin oktyabrında Rusiya Mərkəzi Bankı da rəqəmsal rublun yaradılması üzrə işlərə başlandığını elan etdi. Noyabrın 1-də isə Avropa Mərkəzi Bankının rəhbəri Kristin Laqard avropalıların rəqəmsal avronun yaradılmasına münasibətini öyrənmək üçün sorğunun keçiriləcəyini açıqladı.

Bitkoinin bahalaşmasının üçüncü əsas səbəbi bu kriptovalyutaya iri korporasiyaların maraq göstərməsidir. Twitter-in yaradısı Cek Dorsinin rəhbərlik etdiyi “Square” ödəniş sistemi bitkoinə 50 milyon dollar yönəldib. Şirkətin açıqlamasına görə, bu, hələ bitkoinə investisiyaların başlanğıcıdır. Noyabr ayında Böyük Britaniyanın investisiya fondu olan “Ruffer” özünün 27 milyard dollarlıq aktivlərinin 2,5 faizini bitkoinə yatırıb.

Bundan əlavə, PayPal ödəniş sistemi də rəqəmsal bazara marağını açıqlayıb. Bildirib ki, kriptovalyutaları dəstəkləyəcək rəqəmsal pulqabı dövriyyəyə buraxacaq. Bu pulqabı bitkoin, Ethereum, Bitcoin Cash və Litecoin kimi kriptovalyutaları dəstəkləyəcək. Pulqabının istifadəçiləri onun vasitəsilə kriptovalyutaları sərbəst şəkildə alıb-sata, onlarla ödəniş edə biləcəklər.

Nəhayət, bitkoinə marağı artıran daha bir amil ABŞ Qiymətli Kağızlar Komissiyasının “Ripple” kriptovalyuta platformasına qarşı ittihamlarıdır. Platforma özünün XRP tokenləri formasında qeydiyyata alınmamış 1,3 milyard dollarlıq qiymətli kağızlarını satmaqda suçlanır.

Bitkoin və kriptovalyuta bazarında hazırda davam edən yüksəlişin nə qədər uzunmüddətli olacağına dair rəylər fərqlidir. Bir sıra analitik mərkəzlər yaxınmüddətli dövrdə bazarda yenidən eniş tsiklinin başlanacağını proqnozlaşdırırlar. Lakin böyük əksəriyyət hesab edir kibu dəfə yüksəliş prosesinin sürəti bir qədər zəifləsə də, artım davam edəcək. Xüsusilə ABŞ analitikləri bu məsələdə daha optimistdirlər. Bloomberg Intelligence-nin analitiki Maykl Makqloun bildirir ki, bitkoin və kriptovalyuta bazarında fırıldaqçı oyunçuları uzunmüddətli strateji planlar əsasında fəaliyyət göstərən nəhəng korporasiyalar əvəz edir. Bu isə bazarla bağlı daha uzunmüddətli gözləntilərin formalaşması, onun təsadüfi oyunçulardan təmizlənməsi deməkdir.

Nexo kriptovalyuta şirkətinin yaradıcılarından biri olan Entoni Trençev hesab edir ki, Yeni il tətilləri başa çatdıqdan sonra bazara institutsional investorların axını daha da sürətlənəcək və ilin ortalarına doğru bitkoinin qiyməti 50 min dolları keçəcək.

JPMorgan-ın analitikləri uzunmüddətli dövrdə bitkoinin 146 min dollara qədər bahalaşacağını və qızılı əsas mühafizə aktivi kimi sıxışdıracağını proqnozlaşdırırlar.

Guggenheim Investments-in investisiya direktoru Skott Minerd isə daha optimistdir: bitkoinin 400 min dollara qədər bahalaşacağı qənaətindədir.

“Chainalysis” şirkətinin məlumatına görə, 2017-ci ildə bitkoin əsasən Asiyadan olan kiçik investorların hesabına bahalaşmışdı. 2020-ci ildə isə bu kriptovalyutaya əsasən ABŞ və Avropadan olan institutsional investorlar vəsait yatırırlar. Hansı ki, belə investorlar ən azı 3-5 illik strateji viziyona malik olur, addımlarını da ona uyğun atırlar. Bu isə o deməkdir ki, həmin institutlar vəsait yatırdıqları bazarda kəskin ucuzlaşmanın qarşısını alacaqlar.

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.