Müharibədə zərəçəkmiş Gəncə sakini “Kapital Bank”dan şikayətçidir

29-01-2021, 08:21           
Müharibədə zərəçəkmiş Gəncə sakini “Kapital Bank”dan şikayətçidir
“3 aydır ki, “Kapital Bank”a müraciət edirəm. İcra Hakimiyyətindən də arayış təqdim edirəm, amma bank deyir ki, bizlik deyil”.

Bunu İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncəyə atılan raket nəticəsində evi dağılan şəhər sakini Elşən Ağaxanov “Toplum TV”-yə deyib.



Elşən Ağaxanov

FOTO: Toplum TV

O, 1 il əvvəl "Kapital Bank"dan evini təmir etdirmək üçün 7 min manat məbləğində kredit götürüb.

"Bizə deyirlər ki, sadəcə, kreditin müddətini uzada bilərik"

Hazırda 5 min manat borcu qalan E. Ağaxanovun dediyinə görə, həmin pulu ödəməyə imkanı yoxdur, bank isə güzəşt etmək istəmir: “Bankdan deyirlər ki, bizdə belə məlumat yoxdur, sadəcə, kreditin müddətini uzada bilərik”.

E. Ağaxanov sözlərinə görə, artıq 4 aydır ki, 5 nəfərlik ailəsi ilə birlikdə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasında yaşayırlar, ailə üzvlərinin isə heç biri işləmir.

Şikayətçi problemlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə, Prezident Administrasiyasına, Mehriban Əliyevaya da müraciətlər edib, amma cavab ala bilməyib.

"Bankın edə biləcəyi tək güzəşt bu idi”

“Kapitalbank” ASC-nin Gəncə filialının məlumat xidmətinin rəhbəri Babək Kazımov “Toplum TV”-yə bildirib ki, Elşən Ağaxanova bankın edə biləcəyi tək güzəşt kredit müddətinin uzaldılması ola bilər: “Müştəri bizə müraciət etdi, məlumat verdik ki, faiz gəlmədən 5 il müddətinədək borcunuzu qaytara bilərsiniz, lakin o razılaşmadı. Bankın edə biləcəyi tək güzəşt bu idi”.

O həmçinin qeyd edib ki, məsələ ilə bağlı Problemli Kreditlər Şöbəsi ilə danışıb daha ətraflı məlumat verəcək.

"Müştəri özü imtina edib"

Şöbədən verilən məlumata görə, şikayətçiyə 60 aylıq, illik 22 faizlə güzəşt tətbiq olunacaq: “Müştəri 3 illik 27 faizlə kredit götürmüşdüsə, indi borcunu 5 il müddətində daha aşağı - 22 faiz güzəştlə geri qaytara biləcək”.

“Bank güzəşt etmir demək doğru deyil, müştərinin özü bundan imtina edib”, - Kapital Bankın baş ofisinin əməkdaşı belə deyib.

Adının hallanmasını istəməyən bank əməkdaşı “Toplum TV”-yə bildirib ki, şikayətçinin sorğusu qeydə alınıb.

Məsələ rəhbərlik tərəfindən araşdırıldıqdan sonra müştərinin maddi durumuna uyğun olaraq güzəşt tətbiq olunacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.