Media intihar hadisələrini çox çılpaqlığı ilə yayır - ETİRAZ

29-01-2021, 08:58           
Media intihar hadisələrini çox çılpaqlığı ilə yayır - ETİRAZ
Son vaxtlar intihar hadisələrinin sayı olduqca artıb. Ölümə qucaq açanların əksəriyyətinin gənclər olması vəziyyətin kritik həddə çatdığını bir daha sübut edir.

Məlumdur ki, mediada intihar xəbərləri ən xırda detalına qədər auditoriyaya təqdim olunur. Belə olan təqdirdə problemi olan insanlar hər gün eşitdiyi "gənc qız özünü binadan atdı", "naməlum şəxs yüksəkmərtəbəli binaya çıxaraq intihar etdi" tipli xəbərlərdən təsirlənir. Nəticədə isə səhər gözümüzü açar-açmaz yeni bir faciə xəbəri eşitmiş oluruq.

Günümüzün aktual mövzusuna çevrilən intiharlarla bağlı "Şərq"ə danışan media hüququ üzrə ekspert Ələsgər Məmmədli bildirib ki, bu cür hadisələrə media nümayəndələri daha həssas yanaşmalıdır:

"İntihar hadisələrinin düzgün işıqlandırılmaması medianın ciddi problemlərindən biridir. Belə hadisələrə doğru aspektdən yanaşmadıqda intihar cəhdlərinin sayı daha da artır.

Təəssüf ki, ölkəmizdə bu mövzunu peşəkar işıqlandırma yoxdur. Hadisəni yayımlayarkən "biri 18-ci mərtəbədən özünü atdı" demək bir növ insanları intihara təşviq edir.

Bu məsələyə ictimai nəzarəti gücləndirmək vacib şərtdir. Peşəkar media qurumları, o cümlədən Mətbuat Şurası bununla bağlı KİV nümayəndələrinə bir sıra təlimlər keçməlidir. Həmçinin bütün redaksiyalarına bu tip mövzular üzrə öz siyasəti, rəhbər prinsipləri olmalıdır".

Ekspert jurnalistlərə tövsiyə edir ki, intiharla bağlı süjet hazırlayarkən insanlara hadisəyə aid heç bir detal verməsinlər:

"Jurnalist intihar faktlarından bəhs edərkən xüsusi etik qaydalara diqqət etməlidir. Həmin hadisənin necə olmağı barədə məlumat süjetdə təsvir olunmamalıdır. Əksinə, onun nəticələrindən danışmaq, geridə qalan insanlara mənəvi cəhətdən nə qədər zərər verdiyini göstərmək daha effektiv olar"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.