Onlayn mal satarkən sizə belə mesaj gəlsə, ehtiyatlı olun!

7-03-2021, 00:05           
Onlayn mal satarkən sizə belə mesaj gəlsə, ehtiyatlı olun!
Son günlər internet satış səhifələri vasitəsilə dələduzluq edənlərin sayı artıb.

Gənc fəal Zaur Qurbanlı da az qala belə bir hala məruz qalacağını bildirib. O, bu barədə sosial şəbəkədə yazıb:

“Onlayn satış saytına bir ev əşyası qoymuşduq satışa. Bir nəfər whatsapp-dan yazıb, əşyanı almaq istədiyini, amma pulu onlayn ödəyəcəyini, əşyanı da kuryer vasitəsilə alacağını bildirdi. Biz razılaşdıq, ardınca belə link göndərdi. Saytın dizaynı Azərpoçt-un saytının dizaynının tam eynisidir, hətta linkləri də olduğu kimi yerləşdiriblər. Yəni Azərpoçtun loqosuna klik edəndə səni Azərpoçtun ana səhifəsinə, yaxud Şəxsi kabinetə klik edəndə əsl şəxsi kabinetə yönəldir.

Bizə göndərilən linkdə pulu qəbul etmək üçün bizim kartın bütün məlumatları, o cümlədən arxa üzündə olan üçrəqəmli kod - CVV istənilirdi. CVV yalnız ödəmə edərkən, lazım olur. Şübhələndik, təbii ki. Üstəgəl saytın adı qəribə idi. Azerpost sözündən başqa www da var idi. Əslində w-lar çoxdan domendə görünmür, burada isə görünür, yəni sayt əslində www.azerpost deyil, www.wwwazerpost-dur”.



Z.Qurbanlı dələduzluq edən şəxsin Bıkmayev Kamil Efimoviç adından və +79582452668 nömrəsindən istifadə etdiyini bildirib.

Eyni zamanda, başqa vətəndaşlar da belə bir dələduzluq halı ilə üzləşdiklərini bildiriblər. Belə ki, əşya, torpaq sahəsi, ev və ya maşınını satmaq istəyənlərə dərhal xarici telefon nömrələrindən zənglər gəlir və məhsulu poçt vasitəsilə göndərmək xahiş edilir, ödəniş etmək üçün isə bank kartının hesab nömrəsi istənilir. Dələduzlar daha sonra kibercinayətkarlıq yolu ilə həmin hesabdan və ya şəxsin adına olan digər kartlardan elektron daşıyıcıya daxil olmaq yolu ilə oğurluq edirlər.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bir neçə ay bundan əvvəl “Azərpoçt” MMC adına açılan saxta saytlar barədə xəbərdarlıq etmişdi.

Bildirilmişdi ki, real alıcı ödəniş etmək üçün heç bir halda satıcını hər hansı sayta yönləndirmir, CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etmir. Alıcının ödəniş etməsi üçün satıcının, sadəcə, kart hesab nömrəsini və ya cari hesab nömrəsini təqdim etməsi kifayət edir.

Dələduzlara aldanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdır.

Həmçinin bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya reports@cert.az elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat verilməlidir.
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.