Bakının kirayə bazarında nə var, nə yox?

11-04-2021, 08:55           
Bakının kirayə bazarında nə var, nə yox?
Ötən ilin payızında cəbhə xəttinə yaxın bölgələrdən, eləcə də bir neşə dəfə raket zərbəsinə məruz qalan Gəncədən Bakıya gələnlərin sayı kirayə bazarında bir qədər canlanma yaratsa da, atəşkəsdən sonra onların geri qayıtması, eləcə də koronavirusla bağlı karantin rejiminin bir müddət sərtləşdirilməsi təsirsiz ötüşmədi.

Üstəlik də pandemiya ucbatından ali məktəblərin distant təhsilə, özəl şirkətlərin bəzisinin evdən işləməyə üstünlük verməsi də kirayə evlərə tələbatı azaltdı.

Paytaxtın Nərimanov rayonunda yerləşən 3 otaqlı mənzilini kirayə verməklə dolanan 62 yaşlı Əzizə İsmayılova bir il əvvələ qədər evini tələbələrə 450 manata kirayəyə verirmiş.

“Dolanışığım bundan çıxırdı. İndi məktəblər bağlanıb, tələbə də yoxdur, pul da”.

Pandemiya dövründə kirayəçi tapa bilməyən qadın qiyməti endirdiyini söyləyir.

“Nərimanovda 400 manata belə bir ev tapmaq olmazdı. İndi neyləyək, karantindir, güzəştə getməyə məcburam”.

Ölkədəki 52 ali təhsil müəssəsinin 41-i Bakıda yerləşdiyindən minlərlə tələbə bura üz tutur. Bakı Dövlət Universitetində təhsil alan Nigar Əzizova pandemiya dövründə paytaxtda qalmağa üstünlük verib. O, “Əcəmi” metrostansiyası yaxınlığında yerləşən köhnə 5 mərtəbəli binada kirayə qalır. Qaldığı mənzilin kirayə haqqı yüksək olduğundan onu 4 qızla bölüşməyə məcbur qalıb.

“350 manatı 5 yerə böldükdə hərəmizə 70 manat düşür” deyən N.Əziziova əlavə olaraq kommunal xərclərə ayda 20-25 manat ödədiyini bildirir.

Beləliklə, bir tələbənin kirayə xərcləri minimum 100 manat civarındadır - aldığı təqüddən 25 manat çox.

Bakıda kirayə mənzillərin qiyməti onların yerləşdiyi yerdən və şəraitindən asılı olaraq dəyişir. Metrostansiyalara və dayanacaqlara yaxın ərazilərdə yerləşən evlərin qiyməti daha yüksəkdir. Məsələn, “İnşaatçılar”, “20 Yanvar” metrostansiyaları yaxınlığında yerləşən “gecəqondu”larda qiymət 250 manatdan başladığı halda, normal şəraitli mənzillərin qiyməti 350-700 AZN arasında dəyişir.

Şəhərin mərkəzində - “Sahil”, “28 May” və “Nizami” metrolarına yaxın ərazilərdə isə mənzillər ən yaxşı halda 450-500 manata təklif olunur.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov "Toplum TV"-yə deyir ki, pandemiya dövründə kirayə mənzil bazarında aktivlik aşağı düşüb.

“Ali təhsil müəssiəsələrinin əksəriyyəti Bakıda yerləşdiyindən burada kirayə mənzillərin əsas müştəriləri tələbələr olub. İndi əyani təhsil dayandırılması tələbələrin mənzil bazarından uzaqlaşmasına səbəb olub. Eyni zamanda, iş adamlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər, onların gəlirlərinin azalması da oz təsirini göstərir. Keçən illə müqayisədə kirayəhaqqı qiymətləri 7,37% aşağı düşüb”.

Göründüyü kimi, pandemiya bu sektora da zərərsiz ötüşməyib və hazırda Bakının kirayə bazarı özünün çətin dövrünü yaşamaqdadır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.