Cəlilabadda qazılan qanunsuz göl QALMAQALA SƏBƏB OLDU…
12-04-2021, 11:15

Xəbər verdiyimiz kimi bir müddətdir ki, cənub bölgəsində bəzi məmurların qanunsuz balıq gölləri ilə bağlı şikayət yazıları işıqlandırmışdıq.
Bu dəfə isə redaksiyamıza Cəlilabad rayonundan ilginc məlumat daxil olub. Adının çəkilməsini istəməyən şəxs bildirib ki, rayon ərazisində adamlardan biri kartof sahəsinin ortasında özünə qanunsuz göl qazdırıb. Bununla o, təbiətə ziyan vuraraq torpaq haqqında qanunun tələblərini pozub. Əməkdaşımız məsələni araşdırmaq üçün Cəlilabad rayonuna yollanıb və həmin əraziyə baxış keçirib.
Məlum olub ki, “Cəlilabad Broyler” ASC-nin yaxınlığında Qoz Fondunun ərazisində dərinliyi 10, eni 15, uzunluğu isə 50 metr olan göl qazılıb. Bununla yanaşı, ərazidə daha iki artezian quyusu da qazılıb. Bildirilir ki, gölün qazılması rayonda da böyük rezonans doğurub. Araşdırmalar nəticəsində məlum olub ki, torpaq sahəsi Həsənov Qoşqar Malik oğluna məxsusdur.
Amma torpaqda əkin işlərini aparan isə Maşlıq kənd sakini Xudaverdiyev Ceyhun Mütəllib oğludur. Təbii ki, torpaq sahəsində bu cür qanunsuz qazıntı işləri aparmaq qanunda qadağandır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi adı çəkilən qanunsuz göllə bağlı dərhal tədbir görməldir. Biz məsələni aidiyyatı qurumların diqqətinə çatdıracağıq. Bununla yanaşı, yazıda adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. Mövzu diqqətimizdədir…
DOSYE.ORG
