Özəl klinikalar mobil şirkətlərdən abunəçilərin telefon nömrəsini necə alır? - Saxta müayinə kampaniyaları...

20-06-2021, 08:06           
Özəl klinikalar mobil şirkətlərdən abunəçilərin telefon nömrəsini necə alır? -
Lalə Mehralı: “Bəzi özəl klinikaların saxta müayinə kampaniyası apardıqları və fırıldaqçılıqları faktdır”
img
“Reklam haqqında” Qanuna görə, hər təşkilatın öz xidmətini təbliğ və təqdim etmək ixtiyarı var, amma normalar çərçivəsində. Bir sıra hallarda özəl klinikalar bu qaydaları pozurlar.

Bu bir gerçəklikdir ki, bir sıra özəl klinikalar, xüsusən də hələ də cəmiyyətdə çox geniş populyarlıq qazanmayan bu tip müəssisələr müştəriləri aldadırlar. Belə ki, bəzi özəl kliniklalar “müştəri ovu”na çıxırlar. Onlar müxtəlif provayder şirkətlərindən, yaxud mobil operatorlardan nömrələri əldə edirlər və camaata zəng vururlar ki, sən 200 manatlıq pulsuz müayinə qazanmısan, gəl səni pulsuz müayinə edək. Müştəri də saxta kampaniyaya aldanaraq klinikaya gedir və deyilənlərin yalan olduğunun şahidi olur. Müştəriyə bir-iki yüngül müayinə ödənişsiz edilir, qalanları isə pulla.


“Müştərilərin şəxsi məlumatlarının qorunmaması həmin şirkətlər üçün hüquqi məsuliyyət
yaradır”


“Sağlam toplum” İctimai Birliyinin sədri, tanınmış sosioloq Lalə Mehralı baki-xeber.com-a bildirdi ki, bu olduqca ciddi bir problemdir. L.Mehralının sözlərinə görə, özəl klinikalar nəinki saxta müayinə kampaniyaları ilə vətəndaşları narahat edir, hətta yeni ana olmuş xanımları da süni uşaq qidaları təklifi ilə bezdirirlər. L.Mehralının bildirdiyinə görə, açıq görsənən odur ki, mobil operatorlarla özəl klinikalar, süni uşaq qidalarının satışını həyata keçirən şirkətlər arasında işbirliyi mövcuddur. “Özəl klinikaların bu cür zənglərlə insanları narahat etmələri adi hal alıb. Bundan əlavə, yeni ana olmuş qadınlara da süni uşaq qidaları ilə bağlı zənglər çox gəlir. Bəzi ticarət məqsədli zənglər də edilir ki, filan məhsulu satırıq, sizin nömrəniz uduşa düşüb. Soruşanda ki, nömrəni haradan almısınız? Deyirlər ki, təsadüfi düşən nömrədir. Mən zəng etmədən mənim nömrəm ora necə düşə bilər? Eləcə də özəl klinikaların əlinə vətəndaşın nömrəsi necə düşə bilər? Adətən, çekap müayinələrlə bağlı vətəndaşa zəng edirlər ki, siz 150-200 manatlıq müayinəni bizim klinikada 50, yaxud 30 manata keçə bilərsiniz. Bu klinikaların müştərilərin nömrəsini haradan almasının özü ayrıca araşdırma mövzusudur. Bəzi özəl klinikaların saxta müayinə kampaniyası apardıqları və fırıldaqçılıqları faktdır.

Mənim özümə də bəzi vətəndaşlar özəl klinikalar tərəfindən aldadıldıqları ilə bağlı müraciət ediblər. Vətəndaşa 200 manatlıq müayinə siyahısı göndəriblər və deyiblər ki, bu qədər xəstəliyin müayinəsi 200 manatdan 49 manata düşüb. Vətəndaş ora gedəndə isə görüb ki, 49 manata müayinənin 1-2-si daxildir, qalanları üçün pul ödənilməlidir. Bir neçə müayinədən keçəndən sonra vətəndaş müayinəni yarımçıq saxlamayıb, pul ödəyib, o birilərdən də keçir. Yəni insanları o klinikalarda elə vəziyyətə gətirirlər ki, ya utandıqlarından pul ödəyib müayinədən keçirlər, ya da maraq üçün”.

Özəl klinikalarla provayder və mobil operatorların işbirliyinin olduğunun açıq görsəndiyini deyən L.Mehralı ehtimal edir ki, klinikalar müxtəlif vasitələrlə müştərilərin nömrəsini ələ keçirirlər: “Özəl klinikalarla provayder şirkətlərinin bu məsələdə işbirliyi özünü göstərir. Fikrimcə, onlar nömrələri provayder şirkətlərdən alırlar. Bundan başqa, klinikalardakı anketlərdən də nömrələri əldə etmək mümkündür. Bütün hallarda, müştərilərin şəxsi məlumatlarının məxfiliyinin qorunması vacibdir. Amma bəzi provayder şirkətləri müştərilərin şəxsi məlumatlarının məxfiliyinin pozulmasına yol verirlər. Bu isə qanunsuz əməldir. Ona görə müştərilərin şəxsi məlumatlarının qorunmaması həmin şirkətlər üçün hüquqi məsuliyyət yaradır” - deyə L.Mehralı qeyd etdi.

İradə SARIYEVA
bakixeber












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.