Hökumətin turizm soyğunu: bir sərhəd açılması qədər canı var - Turizm Agentliyi sabun köpüyü imiş...

29-06-2021, 11:06           
Hökumətin turizm soyğunu: bir sərhəd açılması qədər canı var -
Azərbaycanda turizm siyasəti Şimali Koreya, ya da Türkmənistan modelinə oxşayır. Anaxeber.info yazır ki, ölkənin quru sərhədlərini bağlamaqla, blokada şəraiti yaratmaqla süni şəkildə daxili turizmi inkişaf etdirmək yolunu tutublar.
Pandemiya dövründə heç bir ölkənin hökuməti belə qapatma siyasəti yürütməyib ki, daxili turistlərin çıxışını əngəlləsin, maliyyənin xaricə axınını qabaqlasın. Ancaq bizdə bu ucuz siyasətə üstünlük verilir.
Faktiki olaraq, quru sərhədlərin açılmaması məhz vətəndaşların pandemiyadan əvvəl hər il olduğu kimi ucuz, keyfiyyətli Türkiyə və Gürcüstana getməməsinə, həmin pulları daxildə xərclənməsinə hesablanıb. Hazırda Gürcüstan quru sərhədlərini açıb, amma Azərbaycan tərəfi heç bir əsas göstərmədən sərhədləri açmır.
Halbuki yoluxma tam azalıb, vaksinasiya gedir, toylara icazə verilib, açıq havada maska tələbi yığışdırılıb, idman zalları, məscidlər açıqdır, yəni kütləvi toplaşmalar qaydalar çərçivəsində bərpa olunub.
Ancaq vətəndaşların quru sərhədlə gediş-gəlişinə icazə verilmir. Həmçinin qonşu ölkələrdə də virusun söndüyünü müşahidə edirik. Sadəcə, bu qərarın epidemiya ilə əlaqədar olmadığı göz qabağındadır.
Bu süni turizm siyasəti ilə məmur-oliqarxların himayəsində olan otellər, istirahət mərkəzləri vətəndaşları soymaqda, “qaz vurub, qazan doldurmaq”dadır. İstər şimal, istər cənub, istərsə digər zonalar olsun, əksər restoranlar, otellər nazirlərə, məmurlara, hansısa generallara məxsusdur. Belə olan halda heç də qazanan müstəqil sahibkarlar, turizm, bu sektorda çalışanlar deyil, pullar məmurların cibinə axır.
Pandemiyadan qabaqkı dövrü yada salın: hansı orta təbəqə nümayəndəsi pulunu Gürcüstan, Türkiyə qoyub Azərbaycanın bölgələrində xərcləyirdi? Pandemiyadan sonra da belə olacaq. Budur turizm siyasəti? Sadəcə, sərhədlərin bağlı qalması fürsətindən sui-istifadə edənlər turistik bölgələrdə otelləri, restoranları bahalaşdırıblar.
Deməli, Dövlət Turizm Agentliyinin bu müddət ərzində fəaliyyəti sabun köpüyü olub. Bu qurumun mətbuat katibi Kənan Quluzadə efirlərdə elə özündənrazı şəkildə danışır ki, sanki Agentlik böyük işlər görüb.
Məlum oldu ki, nə turizm zonalarında qiymətlərin tənzimlənməsi mümkün olub, nə xidmət səviyyəsi yüksəlib, nə Türkiyədə olduğu kimi “all inclusive” turpaket sistemi tətbiq edilə bilib.
Təsəvvür edin ki, quru sərhədlərin bağlanmasından istifadə edən otellər iki nəfərə bir gecəlik otel nömrəsini 120-170, hətta daha yüksək məbləğə təklif edir. Bu qiymətə yalnız səhər yeməyi daxildir. Vəssalam...
Bu, soyğunçuluqdur. Heç bir kreativlik, ideya, xidmət çeşidliyi yoxdur, sadəcə, açıq bazar prinsipləri həyata keçirilir. Budurmu, Turizm Agentliyinin bəh-bəhlə təriflədiyi daxili turizm siyasəti?
Amma onu da bilsinlər ki, bu işin bir sərhəd açılması qədər canı var. Elə ki yollar açıldı, hamı Gürcüstan və Türkiyəyə axışacaq. Onda Şamaxıda, Lənkəranda, Şəkidə, Qubada otellər yalvaracaqlar.
Bir sözlə, turizm siyasəti kustar üsulla qurulub, heç bir proqram, təklif, konkret strategiya, orta təbəqənin turist kimi gəzintisi üçün normal tariflər yoxdur.
Vətəndaşların ölkədən çıxışına olan məhdudiyyətdən istifadə edib “od qiymətinə” otellər, istirahət mərkəzləri təklif etmək uzağagedən siyasət ola bilməz. Eyni zamanda, uçuş qiymətlərini ucuzlaşdırmaq zamanıdır.
AZAL-ın baha qiymətləri haqda Milli Məclisdə belə etirazlar olub, amma dövlətdən milyonlar götürüb büdcəni sovuran bu şirkət dünyada ən bahalı aviafirma olaraq tanınır.
Bütövlükdə hökumətin turizm konsepsiyası talançılıq, soyğunçuluq, məmurların cibini doldurmaq, müştəriyə ac ayının kal gavalıya yanaşması kimi baxılır. Bu gedişlə heç bir halda irəliləmək olmaz.
İllərdir yazırıq ki, sahibkarlara imkanlar yaradılmalı, rəqabət mühiti olmalı, qiymətlərə nəzarət edilməli, turist üçün daxili ekskursiyalar əlçatan, sərfəli, əlverişli olmalıdır.
Ancaq bunu etmədikcə pandemiyadan sonra yenə bizim istirahət zonalarında bayquş ulayacaq, minlərlə azərbaycanlı Batumi, Kabuleti, Borjomi, habelə, Antalya, Fethiye, Quşadası, Trabzon və s. yerlərə üz tutacaqlar. Çünki turist daxildə hansısa istirahər mərkəzində 3 günə xərclədiyini qonşu ölkələrdə 1 həftəyə, bəlkə də az məbləğ xərcləyir.
Ümumiyyətlə, Dövlət Turizm Agentliyi turizmin inkişafı üçün heç bir iş görməyən bir mənasız qurumdur. Onun nə sözünü eşidən var, nə hansısa maraqlı təkliflə, layihə ilə çıxış edir. Belə olan halda bazarda xaos hökm sürür, otellər və istirahət mərkəzləri özləri bildiyi şərtləri irəli sürürlər. Turist üçün heç bir cazibədarlığı, cəlbediciliyi olmayan regionlardakı kurort yerlər sadəcə, əlacsızlıqdan seçilir. İnsanlar ilyarımdır karantin həyatı yaşayır, ötən ilin yay mövsümü cəhənnəmə döndü, vətəndaşlar SMS icazə ilə küçəyə çıxırdılar, indi də sərhədlər bağlanıb, yalnız təyyarə ilə gediş mümkündür.
Ona görə çarəsizlikdən havasını dəyişmək, bir qədər dincəlmək, Bakının boğanağından qaçış üçün bölgələrə axın edirlər. Dediyimiz kimi, bu talançı turizm siyasətinin bir sərhəd açılması qədər ömrü var...
Anaxeber.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.