Virus deyir ki, “Həftə sonları avtobusa da minəcəm, metroya da, toylarınıza da, yaslarınıza da...” REPLİKA
30-06-2021, 07:41
Deməli, xəbərdə deyir ki, iyulun 1-dən (3 iyul istisna olmaqla) həftə sonları metro və avtobuslar işləməyəcək. Hələki avqusun 1-ə, növbəti qərar açıqlanana kimi, belə olacaq.
Yarışlar bitdi, lazım olan işlər görüldü, virus da sağ olsun, bu yarışlar müddəti, demək olar ki, qeybə çəkildi. Həftə sonu məhz futbol olan gün avtobuslar işlədi, virus avtobusa minmədi, metroya heç yaxın getmədi.
Gündəlik yoluxma da 20 oldu, 39 oldu, 40 oldu, hətta can almadığı günlər də oldu. Və bu gündən virus deyəsən artıq gərnəşib oyanmağa başladı, yoluxma qalxdı oldu 87 nəfər, ölən də 3 nəfər…
Yəni virus deyir ki, “çempionat keçirdiniz, F1 keçirdiniz, qonaq qarşıladınız, yola saldınız, yaxşı elədiniz-dəyib toxunmadım ki. İndi növbə mənimdir. Həftə sonları avtobusa da minəcəm, metroya da, toylarınıza da, yaslarınıza da… Başlayın yenə hər gün eyni stress, eyni əsəb, eyni qeyri müəyyənlik, eyni vəsvəfə içində çabalamağa…