"Saxlayın yer kürəsini, mən düşmək istəyirəm..." - "Tfu sizin üzünüzə..."
30-06-2021, 10:50

Rəhmətlik Alı Mustafayev yazırdı ki, baxdıqca dünyanın bu gərdişinə, dəli bir ağlamaq keçir könlümdən. Şairin sözü olmasın, adamın baş verənlərə, bəzi mənsəb sahiblərinin əməllərinə baxandan sonra ağlamaqdan qeyri əlacı qalmır. Çünki, elə bir dövrü-zamandır ki, məqbərəsi bərpa olunan Vaqif bunları görsəydi “ey Vidadi, gərdişi-dövrani gəcrəftarə bax” deməkdən başqa əlindən heç nə gəlməzdi və yaxud baxmayaraq ki, Vaqif özü də Qarabağ xanlığının baş vəziri-indiki dillə desək baş naziri olub, bizim bəzi para nazirlərimizin tutduğu əməllərə şahidlik etsəydi Mirzə Cəlilin "Ölülər" əsərindəki kefli İsgəndəri kimi hər kəsə "tfu sizin üzünüzə..." deyərdi.
Xalqımız şair təbiətlidir, elə bu səbəbdən də vəzifəlilər arasında şeir yazan, mahnı bəstələyənlər çoxdur. Di gəl ki, gördükləri işlər nə vəznə uyğun gəlir, nə qafiyəyə.
Məsələn, adama deyirlər ki, get təhsil sahəsində islahatlar apar, yeniliklər et. Bu da kreslosuna əyləşər əyləşməz dostunu-qohumunu yığır başına ki, bəs biz tərəflərdə islahat buna deyirlər. Qaynatanı çıxarır kürəkəni yerinə qoyur, müavinini qovub onun yetişdirməsi olan “zavuç”unu vəzifəyə gətirir. Hamı da mat-məəttəl baxır ki, yəqin bunun bir bildiyi var, necə də olsa evropeyski təhsili var.
Başqa birisinə iş tapşırırlar ki, get insanların sosial vəziyyətini yaxşılaşdır, onlara bir gün-güzəran ağla. Bu da pulu qatdalayıb qoyur cibinə, gedib bazardan bir ələngə inək alıb verir binəva kəndliyə ki, bizdə sürətli inkişaf buna deyirlər.
İşığa baxan işıqdan oğurlayır, qaza baxan qazlayır, suya baxan sudan çırpışdırır, nöyütə baxan da ümumiyyətlə fontan eləyir. Və bütün bunları Vətən naminə edirlər, xalq üçün çalışırlar, millət yolunda mücadilə verirlər. Yazıq ana Vətən!
Doğrudur, Vətən müharibəsində vəzifə sahiblərinin balaları gözə dəymədisə də heç kim onların vətənpərvərliyinə şübhə edə bilməz. Allah üçün Facebookda, İnstagramda yüz minlik maşınlarıyla, qızıl saatlarıyla, yanlarındakı civilərlə şəkil paylaşanda bayrağımızın da şəklini qoyub “İ love you”dan-zaddan yazırlar. Daha bundan artıq neyləməlidirlər ki, kasıbın balası Şuşaya bayraq sancanda bunların da balası İnstagrama bayraq sancmalıdır da!
Rəhmətlik Məmməd Araz da dünyanın gərdişindən çox şikayətlənib, hətta Mirzə Cəlilə umu-küsü də edib ki, “dünya düzəlmir ki, düzəlmir, baba.” Doğrudan da, düzəlmir ,baba, nə naziri düzəlir, nə komitə sədri. Onlara baxıb icra başçısı da Afətin ifasını dinləyib “mən bu cahana sığmazam” deyir (onların Nəsimini oxuduğunu desəm mənim dərimi soyarsınız yəqin). Nə sirrdirsə vəzifədən çıxarılan məmurun azca yan-yörəsini qurdalayan kimi 1-2 milyard üzə çıxır. Amma, bədbəxt vətəndaş 190 manat yardım almaqdan ötrü qapısında banlayan xoruzun erkəkliyi barədə arayış verməyə məcbur edilir.
Nə deyəsən, dərdini kimə söyləyəsən, Abasqulu bəy? Adam qonşusuna da sirr verə bilmir ki, birdən Qəmlonun adamı olar. Qalırsan kəsilə-kəsilə,içindən qırıla-qırıla, sına-sına...Axı belə olmamalıydı, olmamalıdır. Niyə bu vətəni ana gözündə görənlər zülüm çəkməlidir, sevgili kimi baxanlar kef? Budurmu ədalət, həqiqət, demokratiya, azadlıq?
Saxlayın yer kürəsini, mən düşmək istəyirəm...
Allah sənə rəhmət eləsin Vaqif Səmədoğlu. Elə dədənə də !
Nicat Mahmudov
Rubrika.Az