Dünya Bankı Azərbaycan neftindən “əlini üzüb”: - Boşluğu nə dolduracaq?

30-06-2021, 16:44           
Dünya Bankı Azərbaycan neftindən “əlini üzüb”: -
Azərbaycanda yaxın gələcəkdə neft ehtiyatları azalacaq və ixrac payı aşağı düşəcək.

Bu, Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı hesablamasıdır.

Dünya Bankının Bakı nümayəndəliyinin rəhbəri Sara Maykl bildirib ki, təmsil etdiyi qurum ölkəmizdə digər sahələrin vəziyyətini araşdırır.

“Azərbaycan gələcəkdə də neft ixrac etməkdə davam edəcək, lakin neft ehtiyatlarının azalması fonunda onun ixracdakı payı aşağı düşəcək. Bu baxımdan biz diqqəti bir neçə sahəyə, xüsusilə də müəyyən bazaya malik kənd təsərrüfatı, turizm, ticarət və logistika kimi sahələrə yönəltmişik”, - S.Maykl belə deyib.

Dünya Bankının nümayəndəsinin açıqlamasından görünür ki, Azərbaycanda neft ehtiyatı azalır və bu, gəlirlərin də azalmasına səbəb olacaq. Çıxış yolu isə qeyri-neft sektorunun inkişafıdır.

Bəs hazırda qeyri-neft sektorunun durumu necədir? Bu sektor neftdən gələn gəlirləri kompensasiya etmək gücündədirmi?

Deputat Azər Badamov Cebhe.info-ya açıqlamasında deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bir neçə il əvvəl iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması istiqamətində tədbirlərə başlanılıb:

“Bununla bağlı xüsusi proqramlar qəbul olundu. Həmin proqramların icrası qeyri-neft sektorunu öz inkişaf mərhələsinə gətirdi. Neft resurslarımız əbədi deyil, nə vaxtsa tükənəcək. Amma bununla paralel olaraq Azərbaycanın qaz resursları var. Bu da bizim iqtisadiyyatımıza müəyyən qədər gəlir gətirir. Bütün bunlara baxmayaraq, qeyri-neft sektorunun inkişafı prioritet elan edilib. Bununla əlaqədar olaraq yeni istehsal sahələri, aqroparklar, sənaye məhəlləri, parkları istifadəyə verilib ki, həmin istehsal sahələrinin də müəyyən güzəştlərlə işlədilməsinə dövlət tərəfindən imkan yaradılıb. Stimullaşdırıcı tədbirlər həyata keçirilib ki, gələcəkdə bu sektor iqtisadiyyatda əsas rol oynasın. İqtisadiyyat ancaq neftdən asılı vəziyyətdə qalmayacaq. Bu gün atılan addımların nəticəsini yaxın illərdə görəcəyik. Yəni neft resurslarının azalması heç də iqtisadiyyatın geriləməsinə gətirib çıxarmayacaq. Çünki dövlət düşünülmüş şəkildə gələcəyə hesablanmış iqtisadi siyasət yürüdür”.

Deputat əlavə edib ki, Dünya Bankının nümayəndəsi də açıqlamasında Azərbaycanın yürütdüyü qeyri-neft sektorunun inkişafı siyasətinə əsaslanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.