Tarif Şurasının son qərarının açması: Limit miqdarında olan bir həcmin təxminən 46-47% bahalaşması deməkdir

1-07-2021, 00:13           
Tarif Şurasının son qərarının açması: Limit miqdarında olan bir həcmin təxminən 46-47% bahalaşması deməkdir
Ekspert: “Müsbət tərəf isə kənd təsərrüfatı və sənaye müəssisələrinə verilən qazın qiymətində artımın olmamasıdır”

“Tarif Şurasının qazın qiymətləri ilə bağlı bu gün verdiyi qərara diqqəti əsasən iki istiqamətdə yetirmək istəyirəm. Bunlardan biri əhaliyə satılan qazın 10 qəpik limitinin 2200 m3-dən 1200 m3-ə endirilməsidir ki, bu da özlüyündə təxminən ümumi həcmin 46 % həcmində azaldılması anlamına gəlir ki, bunu da təxminən 50% civarında götürmək olar. 50% azaldılmış həcmin 10 qəpikdən, digər 50 %-nin isə 20 qəpikdən təqdim olunması, ümumiyyətlə, limit miqdarında olan bir həcmin təxminən 46-47% bahalaşması deməkdir”.

Bu sözləri AYNA-ya Tarif Şurasının təbii qazın qiymətləri ilə bağlı bugünkü qərarını şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Eldəniz Əmirov: “Yaya doğru qiymətlərdə yenə dalğalanmalar ola bilər”
Ekspert bildirib ki, ikinci tərəf isə xidmət və ticarət sektoru üzrə satılan qazın qiymətinin 5 qəpik artırılmasıdır: “Bu, mahiyyət etibarı ilə o qədər də böyük artım deyil, çünki bu istiqamətdə qaz istehlakının həcmi yuxarı olmur. Amma yenə də düşünürəm ki, hazırda restoranlarda və digər ictimai iaşə obyektlərində, xidmət sahələrində qiymətlərin pandemiyadan öncəki dövrlə müqayisədə kifayət qədər yüksək olduğunu nəzərə alsaq, bu, təsərrüfat subyektlərinə təkrarən qiymət artımlarına getməsinə əsaslar vermiş olacaq. Ona görə də bu iki faktor verilmiş qərarın zənnimcə, ən mənfi tərəflərindədir”.

E.Əmirovun sözlərinə əsasən, müsbət tərəf isə kənd təsərrüfatı və sənaye müəssisələrinə verilən qazın qiymətində artımın olmamasıdır: “Lakin belə bir halın olacağı təqdirdə düşünürəm ki, növbəti qiymət artımı dalğasını müşahidə edəcəyik. Eləcə də istilik elektrik stansiyalarına verilən qazın qiymətində də çox artımın olmaması - cəmi bir qəpiklik artımın olmasını da müsbət hal kimi dəyərləndirmək olar. Çünki bu istiqamətdə qazın qiymətində artım olsaydı, biz növbəti 1-2 ay ərzində elektrik qiymətlərinin də qaldırılması məsələsinə baxmalı olacaqdıq. İstilik təchizat məsələləri üzrə qazın qiymətlərinin 20 qəpikdən 13 qəpiyə endirilməsinə gəldikdə isə, düşünürəm ki, hazırkı dönəm üçün onun mənfi və müsbət tərəfləri yoxdur. Çünki hazırda bu istiqamətdə istehlak olunan qazın həcmi, demək olar ki, çox aşağı – yoxa yaxın bir dərəcədədir. Əgər qarşıdakı dekabr, yanvar, fevral, yəni növbəti qış aylarında satış 20 qəpikdən 13 qəpiyə endirilmiş vəziyyətdə həyata keçirilərsə, bunu müsbət qiymətləndirmək olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.