İqtisadi idarəetmədə ciddi dəyişiklik edilməlidir - Əks halda...

15-07-2021, 09:23           
İqtisadi idarəetmədə ciddi dəyişiklik edilməlidir
Kənddən şəhərə axının olması, şəhərləşmə bütün dünyanın üzləşdiyi problemlərdən biridir. Ən yüksək inkişaf etmiş ölkələrdə də qarşıda duran urbanizasiya bir növ zamanın yaratdığı problem hesab olunur. Xüsusilə sənayesi inkişaf etmiş ölkələrdə əhalinin iri sənaye müəssisələrinin yerləşdiyi ərazilərə axını dönməz xarakter alır.

BMT-nin 2020-ci ildə açıqladığı məlumata görə, dünyada yalnız şəhər əhalisindən ibarət olan dövlətlər var. Bunlar Honqkonq, Sinqapur, Monako, Küveyt və Haurudur. Əhalisinin 90 faizindən çoxu şəhərlərdə yaşayan ölkələrin sayı isə 12-dir. Maraqlıdır ki, dünyada kənd təsərrüfatının ən yüksək inkişafına nail olan, aqrar ixracatın həcminə görə dünyanın ilk onluğunda qərarlaşan bir sıra ölkələrdə əhalinin 80 faizindən yuxarısı şəhərlərdə yaşayır. Məsələn, Avstraliya əhalisinin 86,1 faizi, Yeni Zelandiya əhalisinin 86,6 faizi, İsrail əhalisinin 92,5 faizi, Danimarka əhalisinin 88 faizi məhz şəhərlərdə məskunlaşıb. Bu, o deməkdir ki, əhalinin şəhərləşmə səviyyəsi ilə aqrar sektorun inkişaf səviyyəsi arasında xüsusi bağlılıq yoxdur.

BMT-nin hesabatına görə, Azərbaycanda əhalinin cəmi 56 faizi şəhərlərdə yaşayır. Bu göstərici Bakı ilə yanaşı, şəhər statusunda olan digər yaşayış məntəqələrində yaşayan əhalini də əhatə edir. Lakin aydın məsələdir ki, Azərbaycanın rəsmi statistikasına istinadən qeydə alınan bu göstərici real mənzərəni tam əks etdirmir, çünki rəsmi statistika insanların qeydiyyat ünvanları əsasında tərtib olunur. Bu statistikaya əsasən Bakıda 2,3 milyon nəfər yaşayır. Lakin o da aydındır ki, rəsmi statistika Bakıda qeydiyyatsız yaşayanların sayını əks etdirmir: onlarınsa sayı 1 milyon nəfərdən yuxarı hesablanır.

Bir çox inkişaf etməkdə olan, həm də resurs asılılığında olan ölkələrdə şəhərə axın klassik səbəblərlə bağlıdır: kənd yerlərində ümumi iqtisadi, həmçinin texnoloji inkişafın zəifliyi insanların şəhərlərə üz tutmasına gətirib çıxarır. Lakin Azərbaycanda bu prosesi klassik anlamdakı kimi “şəhərlərə axın” adlandırmaq mümkün deyil. Çünki əhali ölkənin müxtəlif şəhərlərinə deyil, məhz bir şəhərinə - paytaxt Bakıya üz tutur. Bunun da əsas səbəbi regionlarda sosial-iqtisadi inkişafın Bakıya nisbətən qat-qat zəif olması, təhsil, səhiyyə xidmətlərinin keyfiyyətinin aşağılığıdır. Ölkənin əsas gəlir mənbəyi olan neft-qaz ehtiyatları birmənalı olaraq Bakı və onun ətrafında yerləşir. Eyni zamanda qeyri-neft qaz sahəsinin az-çox inkişafı da burada regionlara nisbətən daha yüksəkdir. Bütün bunların nəticəsidir ki, hətta Azərbaycanın ikinci, üçüncü böyük şəhərlərindən belə insanlar iş, təhsil, qazanc arxasınca Bakıya üz tutur.

Şəhərləşmənin qarşısını almaq üçün müxtəlif dövlətlər tərəfindən müxtəlif stimullaşdırıcı proqramların həyata keçirilməsi tarixi ötən əsrin ortalarından başlanır. Son onillikdə də belə proqramlar həyata keçirən ölkələr az deyil. Məsələn, qardaş Türkiyədə insanları kəndlərə - kənd təsərrüfatına yönləndirmək üçün dövlət tərəfindən mal-heyvan, ucuz kredit, vergi-rüsum güzəştlərindən ibarət bir neçə proqram həyata keçirilməkdədir. İtaliyada isə hökumət ölkənin cənubundakı kiçik qəsəbələrə köçmək istəyənlərə 28 min avroyadək vəsait təklif edir. Dəniz kənarında və dağların yaxınlığında füsunkar gözəlliyə malik olan həmin tarixi qəsəbələrə köçənlər sözügedən vəsaiti almaq müqabilində kiçik sahibkarlıqla məşğul olmalıdırlar.

Azərbaycanda bəzi məlumatlara görə, 200 milyard manatın xərcləndiyi regionların sosial-iqtisadi inkişaf proqramlarının əsas məqsədlərindən biri regionları əhalinin yaşam yeri olaraq seçməsinə gətirəcək inkişaf səviyyəsinə çatdırmaqdır. Lakin hələlik bu sahədə ciddi bir uğurun əldə olunduğunu söyləmək çox çətindir. Bakı və ətrafı hələ də əhali üçün gəlir əldə etmək imkanı yüksək olan əsas yaşayış yeri olaraq qalır. Ölkənin gənc əhalisinin çox mühüm hissəsi bu ərazidə toplaşmağa davam edir. Hökumət isə bilavasitə kəndlərdə yaşamağı stimullaşdıran birbaşa proqramların həyata keçirilməsinə deyil, ümumilikdə kənd təsərrüfatının inkişafına hədəflənib. Bu zaman aqropark tipli iri təsərrüfatların yaradılmasına daha çox diqqət yetirilir. Eyni zamanda müxtəlif bölgələrdə xüsusi sənaye bölgələri - sənaye məhəllələri, texnoloji parklar yaradılır. Amma hələlik bu fəaliyyətlərin ciddi nəticəsini görə bilmirik: regionlarda insanlara Bakı səviyyəsinə yaxın səviyyədə olsa belə, iş, yaşayış imkanı tanıyan sənaye və aqrar inkişafa nail olunmayıb.

İqtisadçı-alim Elşad Məmmədovun dediyinə görə, kəskin urbanizasiyanın gətirdiyi problemlər Azərbaycanda son onilliklərdə açıq hiss olunmaqdadır: “Bu, yalnız Azərbaycan deyil, ümumilikdə postsovet məkanına xas olan problemdir. Bu da ondan irəli gəlir ki, müstəqillik əldə etdikdən sonra bu məkana daxil olan ölkələrdə məskunlaşma və iqtisadi inkişaf planlı şəkildə deyil, xaotik bazar tənzimlənməsinə əsasən həyata keçirilib. Bu zaman ölkələrdə beynəlxalq normaların, prinsiplərin təmin olunması arxa planda qalıb. Əmək resursları strateji planlaşma əsasında yerləşdirilməyib. Bilirsiniz, investisiya hara qoyulursa, əmək qüvvəsi də ora axır. Azərbaycanda investisiya neft sektoruna yönəldi, o da Bakı və ətrafında yerləşir”.

İqtisadçı-alim deyir ki, heç bir xarici investor ölkəyə gələrkən regionların inkişafı, urbanizasiya problemini həll etmək barədə düşünmür: “Xarici investor harada yaxşı gəlir əldə etmək mümkündür, harada onun fəaliyyəti təminat altındadır, vəsaitini ora yönəldir. Bu baxımdan, regionların inkişaf etdirilməsi, əhalinin Bakıya axınının qarşısının alınması Azərbaycan dövlətinin üzərində olan işdir. Dövlət bu və ya digər regiona investisiya yatırmaqla, yaxud xarici investorları müxtəlif güzəştlərlə ora cəlb etməklə iqtisadi inkişafın sürətlənməsinə təkan verə bilər. Bu baxımdan, ölkəmizdə iqtisadi idarəetmədə çox ciddi dəyişikliklər edilməlidir. Əmək qüvvəsinin proporsional paylanması üçün müvafiq şərait yaradılmalıdır”.

Qeyd edək ki, Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə bərpa prosesini iri yaşayış məntəqələrinin yaradılması yolu ilə həyata keçirmək niyyətindədir. Artıq ilkin mərhələdə bərpa planına daxil edilən 7 rayon mərkəzinin əvvəlkindən bir neçə dəfə çox əhalinin yaşayacağı şəhərlər formasında bərpa ediləcəyi açıqlanıb. İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, bu, əhalinin Bakı və onun ətrafından regionlara üz tutması üçün yaxşı fürsət yarada bilər: “Hazırda bərpası başlanan və yaxınlarda başladılacaq işğaldan azad edilmiş 8 şəhər (7 rayon mərkəzi+Şuşa) üzrə qeydiyyatda olan əhalinin sayı 150 min nəfərə yaxındır. Artıq bəyan edilib ki, bərpasına start verilən Ağdam şəhəri 100 min nəfərin məskunlaşmasına imkan verəcək. Bu isə şəhərə hazırda qeydiyyatda olan əhalinin sayından (42 min nəfər) 2.3 dəfə çoxdur. Adıçəkilən 8 şəhər ən azı 500 min nəfər əhalinin yaşaya bilməsinə imkan verməlidir. Bu, həm ölkədə urbanizasiyanın səmərəli planlama əsasında sürətləndirilməsi, həm də son 30 ildə faktiki yaşayış kimi iri şəhərləri, xüsusilə Bakı, Sumqayıt və Xırdalan kimi şəhərləri seçmiş insanlara alternativ seçim imkanı vermək baxımından çox önəmlidir”.

Ekspert deyir ki, Ağdamın ardınca Füzuli şəhərini də ən azı 100 min nəfərin yaşaya biləcəyi yaşayış məntəqəsinə çevirmək mümkündür: “Əhalisi 100 min nəfərdən çox olan şəhərlərin sayının artması Bakının boşaldılması baxımından çox önəmlidir. Lakin yeni qurulan şəhərlər yüksək sənaye-xidmət imkanları ilə yanaşı mədəni infrastrukturun da yüksək səviyyədə qurulduğu şəhərlər olmalıdır. Məsələn, sağlamlıq turizmi üçün yüksək potensialı olan Kəlbəcərdə ikinci bir tibb universiteti qurula bilər. Ümumiyyətlə, Bakıda olan 30-dan artıq universitetin müəyyən hissəsini bu şəhərlər üzrə paylaşdırmaq mümkündür. Şəhərin məskunlaşma üçün cəlbedici olmasında orada təhsil və yaradıcı mühitin yaradılması son dərəcə vacibdir.

Hazırda qeyd olunan şəhər üzrə qeydiyyatda olan əhali sayı belədir: Ağdam - 42.8 min, Füzuli 24,7 min, Şuşa 23,9 min, Laçın 13,4 min, Kəlbəcər 12,2, Zəngilan 11,3 min, Cəbrayıl 11 min, Qubadlı 9.5 min".

Ekspertin fikrincə, indi bölgələrdə universitetlər ona görə cəlbedici deyil ki, əsasən Bakıdakı məktəblərin filiallarıdır: “Əksər insan deyir ki, filialı oxumaqdansa gedib məktəbin özünü oxumaq daha prestijlidir. Mən dediyim variantda artıq universitetlər təməlli olaraq həmin bölgələrdə yaradılır. Digər tərəfdən, universiteti yaratmaq azdır, təhsil ən yüksək səviyyədə olmalıdır, Bakıdan aşağı olmadığına əminlik yaratmalıdır ki, insanlar həvəslə onları seçsinlər. Ən yaxşı kadr potensialı ora toplanmalıdır ki, tələbələr həmin mütəxəssislərin arxasınca getsinlər. Yoxsa pis-yaxşı bütün yüksək səviyyəli alim korpusu Bakıda olsun, əlbəttə, adı olub təhsili olmayan bölgə universitetlərinə ən yaxşı halda 150-200 ballıq tələbələr gedəcək.

Xaricdən, xüsusilə Türkiyədən yüksək ödənişlə alimlərin potensialından istifadə etmək mümkündür. Xüsusilə də indi onlayn təhsil bu imkanı daha da asanlaşdırır".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.