«Hərəmiz 20-50 min manat zərərdəyik» - Obyekti yanan sahibkarlar ÇƏTİN DURUMDA

18-10-2021, 11:44           
«Hərəmiz 20-50 min manat zərərdəyik» -
«Səhər xəbər tutduq ki, «Metro City» yanır, tez özümüzü çatdırdıq ki, mərkəz yanıb qurtarıb, külü qalıb».

Şənbə günü, oktyabrın 16-sı Bakının Nərimanov rayonunda «Metro-siti» adlanan ticarət mərkəzində çalışan sahibkarlar üçün pis xəbərlə başladı: «Ticarət mərkəzində yanğın olub». Yeri gəlmişkən, Tarif Şurasının qərarından sonra məlum oldu ki, şənbə günün ən pis xəbəri yanğın deyilmiş.
Yanğın yerinə gələn sahibkarlar dağılmış mərkəzi və yanğından məhv olan malları gördülər. Ciblərindəki açar öz əhəmiyyətini itirmişdi; nə açacaqları qapı vardı; nə də qapının o biri tərəfindəki malları.

Təqribən 300 kv ərazini əhatə edən yanğının söndürülməsinə 21 yanğın avtomobili və 105 nəfər şəxsi heyət cəlb olunmuşdu. Əraziyə yanğının söndürülməsi üçün Dövlət Yanğından və Bakı Qarnizonunun digər qüvvə və vasitələri gətirilmişdi və qısa müddətdə yanğın lokallaşdırıldı. Amma yalnız yanğının daha çox obyektə keçməsinin qarşısı alındı, buradakı malları çıxarmaq mümkün olmamışdı.

Bir çox mağaza sahibi mallarını mühafizə etməyə, onları çıxarmağa çalışsa da, geciydi. Həm də ona görə gec idi ki, danışdırdığım 17 nəfər sahibkarın heç birinin sığortası yox idi.

«Metro City»dəki yanğın və ondan sonrakı proseslər artıq necə illərdir Bakıda və ölkənin digər ərazilərində baş verən eyni hadisələrdəki ssenari ilə davam edir. Mallarını itirən sahibkarların sığoğrtalanmadığı üzə çıxır, onlar ticarət mərkəzinin sahibindən və yerli qurumlardan kömək gözləyirlər.

«Bizim burada bir yerimiz vardı, 15 kvadratlıq, mövsüm malları və şərf satırdıq, təqribən 50 min manat zərər dəyib, sığortamız yox idi» - Vüsal Əsədov, yanmış mərkəzin qalıqlarından gözünü çəkməyərək danışır: «Ola bilər ümumi ticarət mərkəzinin sığortası olub, onu sahibkar («Metro City»nin sahibi) bilər».

«Metro-siti»də 5 ildir ki, çalışan digər sahibkar Vüsal Quliyev 25-30 min manat zərərə düşüb. «Yer pulunu», yəni icarə haqqını hər ay da vaxtlı-vaxtında ödəyən sahibkar mallarını sığorta etməyib: «Mən mövsümə uyğun paltarlar satıram: şərf, papaq, müxtəlif geyimlər və s. Sığortam yoxdur, lakin hər ay icarə pulunu ödəmişəm. Obyektdəki mallarımın hamısı yandı».

Qadın əşyaları satan Aygun Məmmədova isə 20 min zərərə düşdüyünü bildirir, ticarət mərkəzində 30-dan çox mağaza fəaliyyət göstərib: «Hər mağazada ən azı 50-60 min manatlıq mal olub. İndi qalmışıq çarəsiz, bilmirik nə edək».

«Niyə sığotalanmadınız?» sualına sahibkarlar çiyinlərini çəkirlər, cavab verirdilər ki, hər ay müdriyyətə icarə pulu və sosial vergi (DSMF xərci – adambaşına 62 manat) veriblər.

«Metro-Sity»də icarə haqları bahalı olmasa da, ucuz da olmayıb – bir obyekt üçün orta hesabla 450-560 manat. Hər ay bu məbləği ödəyən sahibkarlar onun cəmi 2%-ni verib mallarını sığorta edə bilərdilər.

Məsələ bundadır ki, təqribi tariflərə görə, malların sığortası onların dəyərinin 0,5-2,0%-i arasında dəyişir. Bu hesbala, məsələn, 20 min manatlıq malı sığortalamaq üçün ildə 100-400 manat tələb olunurdu.

Hökumətin bu məsələ ilə bağlı mövqeyi bir neçə il əvvəl – «Diqlas» ticarət mərkəzindəki ynağında açıqlanmışdı, həmni vaxt prezident İlham Əliyev iş adamlarının öz mallarını sığortalamasını vacib saymışdı.

Doğrudur, malların sığortalanması üçün onların bütünlüklə bəyna edilməsi də tələb olunur, yəni iş adamları tam şəffa işləyərək satdıqları malların həcmini dəqiq göstərməlidirlər.

Bundan başqa, ticarət mərkəzinin özündəki yanğın təhlükəsizliyi sistemləri də sığorrta şirkətlərini qane etməlidir. Sığorta şirkətləri yaxşı qorunmayan, hər an yanğına məruz qala bilən və söndürülməsi üçün imkanların zəif olduğu əraziləri sığortalayıb özlərini açıq riskə atmaqdan çəkinirlər.

İndi ticarət mərkəzindən əsər-əlamət qalmayıb, qalan artıq heç bir obyektə sahib olmayan, zərərçəkən sahibkarlardır.

Azadə Yolçu //fed.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.