"Bizim əslində, nə istilik, nə də elektrik enerjisi problemimiz olmalıdır... - Amma çox təəssüf ki, var"

19-10-2021, 11:33           
"Bizim əslində, nə istilik, nə də elektrik enerjisi problemimiz olmalıdır... -
İsveçrə hökuməti qarşıdan gələn qış fəslində ölkənin bütün istehlakçılarını elektrik enerjisi ilə təmin etmək üçün kifayət qədər gücün olmayacağını bəyan edib. Bu barədə “NZZ am Sonntag” xəbər verir. Xüsusilə, hökumət elektrik enerjisinin kəsilməsi halında istehlakı azaltmaq üçün müəyyən tədbirlərin görülməsi barədə təşkilatlara bildiriş göndərməyi planlaşdırır. Eyni zamanda, böyük elektrik stansiyalarından ən azı birində qəza baş verərsə, ölkə iki gün müddətinə enerjisiz qala bilər. Belə ki, İsveçrənin Avropanın elektrik bazarına girişi yoxdur. Belə bir vəziyyətdə ölkə sakinlərindən enerjiyə qənaət etmələri istəniləcək, üzgüçülük hovuzlarının, kondisionerlərin və eskalatorların istifadəsi isə qadağan ediləcək.

Xəbərdarlıq, bütün hallarda yaxşıdır. Qəflətən, gözləmədiyin halda hansısa problemlə, çətinliklə üzləşəcəyini əvvəlcədən bilirsən və mümkün tədarük görürsən. İş burasındadır ki, işığa, qaza cavabdeh qurumlarımız indiyədək belə xəbərdarlıq etməyib. Xəbərdarlıqlar, adətən, “bu gün filan rayon ərazisində təbii qazın verilməsində fasilə olacaq”, “filan ərazidə su olmayacaq” tiplidir. Kimsənin cürəti çatmır deyə ki, ay camaat, qışa hazırlıq görün. Plitədən, kerosin lampasından, “dopu”dan-filan alın, elektrik enerjisi kəsiləndə, qaz olmayanda soyuqdan donmayasınız. Yəni bu cür xəbərdarlıqlar baxımından bizim məmurlar xəsisdilər. Onları qoyasan, ancaq şiri vədlər verələr; “payız-qış mövsümünə hazırıq”. “Filan yerdə köhnə naqillər dəyişilib, filan yerdə yeni qaz borusu çəkilib, bu il, işıq, qaz problemi olmayacaq” və sair. Amma hər şey tərsinə olur. Hələ qış gəlməyib, payız da indi-indi üzünü göstərir, qazın təzyiqi də azalıb, işıq da “göz vurmağa” başlayıb. Yəni ki, hazırlaşın, qaranlıqda qala bilərsiniz. Bina evlərinin, yaşayış massivlərinin istilik təchizatı problemi illərdir həllini tapmır. Bir az insaflı olub, əhaliyə düzgün xəbərdarlıq etmək bu qədərmi çətindir?

İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında qeyd etdi ki, əvvəla, İsveçrə ilə Azərbaycanı eyniləşdirmək doğru deyil. İsveçrə çox varlı bir ölkədir, ehtiyac olduğu təqdirdə nə qədər istəsə, hardan istəsə elektrik enerjisi ala bilər. Amma avropalılar pullarının qədrini bilir deyə tələsik qərarlar vermirlər. Bizim problemimiz İsveçrə olmadığı üçün öz ölkəmizə keçirik:

- Azərbaycan enerji istehsal edən və satan ölkədir. Azərbaycanın ən böyük üstünlüyü kifayət qədər enerji resurslarına malik olmasıdır. Üstəlik, Azərbaycan soyuq Avropa və ya şimal ölkəsi də deyil. Bu baxımdan, bizim əslində, nə istilik, nə də elektrik enerjisi problemimiz olmalıdır. Amma çox təəssüf ki, var. Olur. Həm də illərdir. Hətta ötən əsrdən bu yana bu iki problem - əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təminatı məsələsi həllini tapmayıb. Bizdə, necə deyim, həmişə bu problemlər olub. Sovet vaxtı elə bilirdik, işıqların sönməsi, qaz olmaması bütün SSRİ məkanındadır. Amma Bakıdan kənara çıxanda, Rusiyaya, Ukrayna, Belorusiyaya gedəndə görürdük ki, yox, burda işıqların sönməsi kimi bir halla tanış deyillər. Bizə də təəccüblə baxırdılar ki, necə yəni, işıqlar tez-tez sönür?! Hətta bu ölkələrin əyalətlərindəki vəziyyət də bizim paytaxtımızın vəziyyətindən yaxşı idi. Sizə deyim ki, 2005-2015-ci illərdə Azərbaycanda bu problem aradan qalxmışdı. Amma son illərdə yenə təkrar olunmağa başladı. Və artıb belə hallar. Çünki bəzi məmurlar oğurlayırlar. Oğurlamaqda davam edirlər. Elektrik enerjisinin əhaliyə fasiləsiz və keyfiyyətli ötürülməsi məqsədilə təmir, yenidənqurma işləri üçün ayrılmış dövlət vəsaitinin böyük bir hissəsini mənimsəyirlər. Xərclərdə şəffaflıq yoxdur. Baxın, cənab Prezident enerji sektoruna necə diqqət ayırır. Paytaxtın müxtəlif ərazilərində yeni yarımstansiyaların açılışı olur. Məruzə edirlər ki, hər şey əladır. Amma bir balaca havalar soyuyan kimi elektrik enerjisinin verilməsində də, təbii qazın verilməsində də problemlər ortaya çıxır. Bəhanə gətirirlər ki, naqillər yükləndi, abonent sayı artıb, qazın həcmi azalıb… min cür “səbəb”. Yadınızdadır, səhv etmirəmsə, 2018-ci ildə yay aylarında ölkədə enerji böhranı yaşandı. O zaman dedilər ki, hava çox isti olduğundan naqillər əriyib. Deməli, naqillər istidə “əriyir”, soyuqda “donur”? Mən başqa ölkələri tərifləmirəm. Oğurluq hər yerdə, bütün ölkələrdə var. Məsələ, oğurluğun miqyasındadır.

Ə.Həsənov qeyd etdi ki, Prezident tərəfindən bir sıra qurumların ("Azərenerji", "Azəriqaz", "Azərsu" və sair) Azərbaycan İnvestisiya Holdinqində birləşdirilməsinin əsas səbəbi də elə bu oğurluqların qarşısının alınmasıdır:

- Mən ümid edirəm ki, AİH yaxın zamanda bu problemlərin həllinə nail olacaq. Azərbaycanın elə güclü energetikləri olub ki, Çində, Monqolustanda elektrik stansiyaları tikiblər. İndi necə olur ki, biz daxildə enerji probleminin öhdəsindən gələ bilmirik?

Payız-qış mövsümündə təbii qazın təzyiqinin aşağı olması probleminə gəlincə, Ə.Həsənov bunu 2 səbəblə əlaqələndirdi:

- Əvvəla, onu deyim ki, təbii qazın istehlakçılara verilməsində smart-kart sisteminə keçilibsə, burada mövsüm söhbəti artıqdır. İstehlakçıya fasiləsiz təbii qaz, eləcə də elektrik enerjisi verilməlidir, abonent də istifadə etdiyi qazın və ya elektrik enerjisinin haqqını ödəməlidir. Zatən abonent karta yükləmə edir, yükləmə etməsə, qaz olmayacaq. Kim nə qədər sərf edirsə, onun da haqqını ödəyir. Amma nə görürük, payız fəslində havalar soyuq keçirsə, təbii qazın təzyiqi aşağı düşür. Bu sahədə mütəxəssis deyiləm, niyə belə olur, amma belə eşitmişəm ki, deyirlər, təbii qaz, tutalım yanacaq, neft deyil ki, onu hardasa stoklayaq, yəni hardasa ehtiyat toplayaq, hava soyuyanda “açıb buraxaq”. Bu məsələ əvvəlcədən planlaşdırılmalıdır. Bəlkə də haqlıdırlar. Lakin bütün dünyada bu problemlər hansısa yolla həllini tapır. Yeni texnologiyalar mövcuddur. Onlardan istifadə edilməlidir. İkinci səbəb isə bu ola bilər ki, əhali təbəqəsinə verilməli olan təbii qaz kommersiya obyektlərinə ötürülür. Bu, elektrik enerjisində də belədir, su məsələsində də. Ən böyük problemsə, şəffaflığın olmamasıdır.

Ə.Həsənov qeyd etdi ki, mənzillərin qızdırılması problemi də sovet illərində olduğu kimi qalmaqdadır:

- Mən 40 ildir “Əhmədli”də yaşayıram. Mənzildə istilik sistemi, isti su verilməsi nədir, bilmirəm. Bakıda həmişə bu problem olub. İndi əhali – hər kəs evinin qızdırılmasını özü həll edir. Kim necə bacardı. Bu, çox çətin məsələdi. İndi oktyabr ayıdır, abonentlərin böyük əksəriyyəti, mən də o cümlədən, təbii qaz limitini aşıb. Qarşıda hələ noyabr, dekabr var. Nə edəcəyik? Bizdə, ümumiyyətlə, kommunal xidmət sahəsində çox ciddi problemlər var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.