Eyyub Hüseynov deputatın şirkətini boykota çağırdı

20-10-2021, 17:56           
Eyyub Hüseynov deputatın şirkətini boykota çağırdı
Mürəkkəb texniki mallardan, o cümlədən “Kontak Home”un satdığı mallardan və istehlakçılarla davranışlarından şikayət dayanmadan, yağış kimi yağır.

Bu sözləri Axar.az-a Azad İstehlakçıları Birliyinin sədri Eyyub Hüseynov “Kontak Home” mağazalar şəbəkəsi barədə yayılan şikayətlərə fikir bildirərkən deyib.

“Sanki bu sahədə 2 şirkət yarışır. Birinci yerdə əksər hallarda “Kontakt Home”, ikinci yerdə “Baku Electronics” dayanır. “Optimal” və digərlərindən də şikayətlər gəlir. Lakin “Kontakt Home”dan gələn şikayətlər həddən artıq əcaibdir. Elə hallar var ki, vətəndaş malı istifadə etmədən servisə qaytarıb. 1 il sonra ona məhkəmə iddiası gəlib ki, mağazaya pul ödəməlisən. Sonuncu şikayətlə bağlı isə artıq dövlət orqanlarına müraciət etmişəm. “Kontakt Home”da bir prinsip işləyir: pulunu ver mənə, itil cəhənnəmə. Reklamlarla qapıdan vətəndaşı içəri salırlar, menecerlər, satıcılar insanın başına dolanır. Hər şey pulunu alana qədərdir”, - sədr bildirib.

E.Hüseynov qeyd edib ki, “Kontakt Home” öz alqoritmi üzrə işləyir:

“Bir neçə saatdır telefon alan vətəndaş mağazaya müraciət edir. Satıcı malı vətəndaşın əlindən alır. Özləri telefona cızıq və ya su salırlar. Vətəndaşa deyirlər ki, telefonu işlətmisən. İstehlakçı sübut edə bilmir. Bütün hallarda telefonu servisə göndərirlər. O servisə ki, “Kontak Home”un sözünü təkrarlayır. Servis bildirir ki, mal qaytarıla bilməz, düzəldəcəyik. İstehlakçı qalır çarəsiz. Bundan sonra yazıq istehlakçı bizə müraciət edir”.

Ekspert bildirib ki, problemi danışıq yolu ilə həll etməyə çalışsalarda, istehlakçı haqlı olduğu halda belə bu, mümkün olmur:

“Bundan sonra isə proses bu cür davam edir: biz İqtisadiyyat Nazirliyinə məktub yazırıq, nazirlik onu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərir, xidmət “şikayətə uyğun Kontakt Home”a məktub yazır, “Kontakt Home” vətəndaşa nə demişdisə, eynisini yazıb, nazirliyə göndərir, nazirlik də mənə və şikayətçiyə “Kontakt Home”un cavabını təqdim edib bildirir ki, istehlakçı məhkəməyə müraciət edə bilər. Məhkəmə də ekspertiza aparmır.

Belə bir anormal vəziyyət var. İnsanlar “Kontakt Home”un əməllərindən zinhara gəliblər. Ola bilsin ki, şirkətin sahibinin güvəndiyi kimlərsə var. Çox gərgin bir vəziyyətdir. Ona görə də istehlakçıları “Kontakt Home”u boykot eləməyə çağırıram. İnsanları aldadan bu şəbəkədən əl çəksinlər”.

Qeyd edək ki, alıcıların vaxtaşırı olaraq şikayət etdiyi “Kontakt Home” mağazalar şəbəkəsi deputat Elnur Allahverdiyevin himayəsindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.