Azərbaycanda avtomobillərin rüsumu nə vaxt endiriləcək? - “Sıfır vergi olmalıdır...”

21-10-2021, 00:08           
Azərbaycanda avtomobillərin rüsumu nə vaxt endiriləcək? - “Sıfır vergi olmalıdır...”
Ötən il koronavirus səbəbindən Azərbaycanda avtomobil idxalı aşağı səviyyəyə düşmüşdü. Bu il isə ötən illə müqayisədə kifayət qədər artım qeydə alınıb. Avotomobillərin gömrük rüsumları isə stabil yüksək olaraq qalır. Hətta bəzən vergi avtomobilin öz dəyərinə bərabər olur. Dəfələrlə rüsumların endirilməsi təklif olunsa da, hər hansı dəyişiklik yoxdur.

Mövzunu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycan Gömrük Komitəsi ekoloji məsələləri və təhlükəsizlik məsələsini önə çəkərək hibridlə işləyən avtomobillərin rüsumlarını sıfırlamalı, vergi dərəcələrini aşağı salmalıdır ki, ölkənin avtoparkı da yenilənsin:

“İstehlakçılar üçün avtomobil idxalı Azərbaycanda uzun zamandır ən narahatedici məqamlardan birinə çevrilib. Çünki biz dizel istehsalçısı deyilik. Daxili bazarı yüksək rüsumlarla qorumaq kimi bir hədəfimiz yoxdur.

Bu doğrudur ki, avtomobil istehsalçısı olan ölkələrdən daha çox rüsumlar tətbiq edirik. Bu isə ciddi bir problemdir. Rüsumların yüksək olması, həm də təhlükəsizlik və ekoloji məsələdir. Rüsumlar yüksək olduqca, vətəndaşlar çalışırlar ki, daha ucuz və daha köhnə maşınları ölkəyə gətirsinlər. Bununla daha az rüsum ödəyəcəklərini düşünürlər, amma bu həm sağlamlığa, həm də ekologiyaya zərbə vurur. Çünki köhnə maşınlar müasir standartlara cavab vermir.

Ona görə də, bir çox ölkələrdə tətbiq olunan differensial yanaşma olmalıdır. Məsələn, elektrik avtomobillərlə bağlı bütün rüsumlar, əlavə dəyər vergisi ləğv edilməlidir. Qeyd etməliyəm ki, bu avtomobillərdə 15% əlavə dəyər vergisi var. Bu isə çox yüksəkdir və müasir avtomobillərin ölkəyə gətirilməsinin qarşısını alır”.

Ekspertin sözlərinə görə, hibrid avtomobillər üçün də, eyni vəziyyət özünü göstərir: “Heç olmasa Azərbaycan hökuməti ekoloji məsələləri və təhlükəsizlik məsələsini önə çəkərək hibrid avtomobillərin rüsumlarını sıfırlamalı, vergi dərəcələrini aşağı salmalıdır. İndiki avtomobillərin 60%-dən yuxarısı 20 il və daha qocadır. Bu isə həm təhlükəsizliklə bağlı, həm də ekologiya ilə bağlı ölkənin əhalisinə ciddi zərər vuran məsələlərdəndir.

Ona görə də, ənənəvi matorla, benzinlə və ya dizellə işləyən avotomobillərə güzəştlər tətbiq etmək istəmirlərsə, heç olmasa elektrik avotomobilləri ilə və ya hibrid avomobillərlə bağlı qərarlar verilməlidir. Və onların ölkəyə gətirilməsi 0 vergi, 0 rüsumla olmalıdır.

Bu zaman daha yeni, müasir, təhlükəsizlik, ekoloji cəhtdən daha təmiz avtomobillərin ölkəyə gətirilməsinin şahidi ola bilər və ölkənin avtoparkı da, yenilənmiş olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.