“Azərbaycanda hər üç cütlükdən biri boşanır” - PROBLEM

23-10-2021, 10:35           
“Azərbaycanda hər üç cütlükdən biri boşanır” - PROBLEM
Azərbaycanda boşanan cütlüklərin sayı günü-gündən artmaqdadır. Son açıqlanan rəsmi statistikaya görə, hər 3 nikahdan biri boşanma ilə nəticələnir. Belə ki, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbələri tərəfindən 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb.

Ekspertlər hesab edirlər ki, ötən il eyni zamanda pandemiya boşananların da sayına təsir edib. Belə ki, ekspertlərə görə, evə qapanma müəyyən gərginlik və sosial problemlərə səbəb olub ki, bu da nəticədə boşananların sayını artırıb. Artıq sosial media da boşanmalara səbəb kimi göstərilir.

Bəs mütəxəssislər nə deyir? Boşanmalar niyə artır? Onların sayını azaltmaq üçün hansı addımlar atılmalıdır?

Psixoloq Elnur Rüstəmov bildirib ki, artıq cəmiyyətdə boşanma adi hal kimi qəbul edilir: “8 ayın statistikasına əsasən 12 min boşanma varsa, o statistikaya baxmalıyıq ki, o cütlüklərin neçə nəfəri təkrar ailə quranlardır, yeni nikaha girənlərin neçəsi təkrar nikaha girənlərdir. Biz qloballaşan dünyada yaşayırıq. Bu gün dəyərlərimizə qarşı ciddi basqılar var. Dünyada baş verən hadisələr bizə iqtisadi, sosial baxımdan təsir göstərir. Bütün bunlar ailə münasibətlərindən də yan keçmir. Ailə quran insanlar maarifləndirilməli, boşanmaq istəyən cütlüklərlə söhbətlər aparılmalıdır. Kimisi interneti, kimisi maddi ehtiyacları bəhanə gətirir. Bu gün insanların çətinliyə qarşı dözümlülüyü azalıb. Ailə dəyəri dayanaqlılığı itib. Bu gün boşanma adiləşib. Əvvəllər bir ərazidə bir ailə boşanırdısa, bu gün boşanmayanların statistikası aparılır. Boşanma prosesi özü də adiləşib”.

Psixoloq bildirib ki, boşanmalarının sayını azaltmaq üçün bir çox addımlar atılmalıdır: “Onların sayının azaldılması üçün işlək mexanizm hazırlamaq lazımdır. Bu gün Azərbaycanda elə ailələr var ki, boşanır və iki il sonra yenidən bir araya gəlir. Soruşuram ki, iki il ərzində nə dəyişdi. Deyir, əvvəl problem olan məsələ indi problem deyil. Boşanma səbəbləri standart olmasa da, bizdə oxşar iddialar səsləndirirlər. Tərəflərin ünsiyyət, davranış, psixoloji problemləri olur. Ailələrdə ünsiyyət savaşı gedir. Tərəflərdən biri boşanmanı məqsəd kimi qarşısına qoyubsa, o boşanmaq üçün bir bəhanə tapacaq. Həmin bəhanəyə görə bütün ailələr dağılmır. Boşanma səbəbləri müxtəlifdir. Ailələrdə cütlüklərin münasibətləri yaxşı olarsa, boşanmaya ehtiyac qalmır”.

Hüquqşünas Rəşad Vaqifoğlu bildirib ki, cütlüklər müxtəlif səbəblərdən boşansa da, iddia ərizəsində əsas səbəbi yazmırlar: “Son vaxtlar boşanmalarla bağlı müraciət edənlərdə müxtəlif səbəblər olur. Onlar bir çox hallarda əsl səbəbi ərizədə yazmırlar. Ailədaxili şiddət, məişət zorakılığı, xasiyyət uyuşmazlığı, ənənəvi qayınana-gəlin problemi və s. səbəb göstərirlər. Qadınlar bildirirlər ki, həyat yoldaşına ailəsi tərəfindən təsir olunur və problemlər yaşanır. Tərəflər arasındakı münasibətlərin pozulmasına bir səbəb də sosial şəbəkələrdir. Bir çox hallarda tərəflərdən birinin sosial şəbəkədən istifadə etməsi, foto paylaşması, o fotoya gələn bəyənmələr, şərhlər ailələrdə problem yaradır, evdə mübahisə yaşanır, böyüyüb şiddətə çevrilir. Sonda ailənin dağılmasına səbəb olur”

Hüquqşünas qeyd edib ki, boşanmaların sayının azalması üçün “Mediasiya haqqında” qanun qəbul edilib: “Mediasiya haqqında” qanunun 28 və 29-cu maddələrinə əsasən, artıq boşanmaq üçün ilk olaraq məhkəməyə müraciət edilmir. Cütlüklər mediasiya sessiyasını keçməlidirlər. Bəzən olur ki mediasiya sessiyası prosesində cütlüklər barışır, iş məhkəməyə gedib çıxmır, boşanma olmur. Boşanma olsa da, digər problemlər - uşağın qəyyumluğu, aliment, mal varlığının bölünməsi və kimi məsələlər həllini tapır. Ümid edirəm ki, mediasiya prosesi Azərbaycanda tam təşəkkül tapdıqdan sonra boşanmaların sayı azalacaq. Mediasiya qanununun müsbət təsirini yaxın gələcəkdə statistikalarda da görəcəyik".

Boşananların sayının azaldılması üçün qəbul edilən “Mediasiya haqqında” qanunda nələr deyilir?

Ölkədə boşanmaların sayının azalması üçün “Mediasiya haqqında” qanun qəbul edilib. Qanuna əsasən, tərəflər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparılır.

Sənəddə edilir ki, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər - nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər. Tərəflər uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməyə borcludurlar. //musavat.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.