Nə üçün bir üzümüz güləndə, o bir üzümüz məyus olur? - TARİF TAMAŞASI...

25-10-2021, 11:10           
Nə üçün bir üzümüz güləndə, o bir üzümüz məyus olur? -
"Evləri köndələn yar” teletamaşası yadınıza gələr. Elçilik məclisində hər kəs bir-birinin üzünə baxıb danışmağa söz tapmayanda yersiz fikirlər dilə gətirirlər. Biri deyir “Neftçi yenə uduzdu”, o biri “liftiniz 12-yə kimi işləyir?” kimi mənasız çıxışlar edirdilər. İndi bizim bu Tarif Şurası da həmin personajlara oxşayır: lüzumsuz qərarlar, mənasız addımlar...

Ona görə əgər “Qəmlo” sağ olsaydı, sözlərinə düzəliş edib belə deyərdi - Tarif Şurasının nazıyla çox oynayırsan ha, Kərbəlayı...

Yaxşı yada düşdü, Sabit Rəhmanın “Şirini bülbül” adlı bir hekayəsi var. Bakıdan kəndə gələn hökumət nümayəndəsi Cəlil Naim əfəndi camaatı meydana toplayıb çəlləyin üstündə çıxış etməyə başlayır.

Təxminən 3 saat ordan-burdan danışan hökumət adamı axırda görür hamı dağılışıb, heç kim qulaq asmır ona, bircə çoban qalıb. O da özünü sındırmamaq üçün çobana tərif yağdırır, onu dinləməyənləri savadsız adlandırır.

Çoban da qayıdır ki, “hörmətli bəy, sizin dediklərinizdən bir şey anladımsa köpəyoğluyam. Gözləyirəm ki, nə vaxt o çəlləyin üstündən düşəcəksən, “boçka” mənimdi, evimə aparmalıyam”.

Bax, Tarif Şurası da həmin çəlləyin üstünə çıxıb millətə boğazdan yuxarı danışan, camaatın xeyrinə olmayan bir idarədir. Adı da əndrəbadidir - Tarif Şurası,“Axırıncı aşırım” filmində Kərbəlayı İsmayılın təbirincə desək, mən belə Şura tanımıram, Abbasqulu bəy!

Çünki gah qazın limitini artırır, gah işığı qaldırır, gah benzini bahalaşdrır, gah suyu benzin qiymətinə çatdırır, axırda deyəcək ki, cibindəki aıxırncə qəpiyi də ver, papağını da...

Bütün mozaikanı pozan da məhz “Bahalaşdırma Şurası”dır. Baxın, ümumi mənzərəyə nəzə yetirəndə Azərbaycanın hərb meydanında qazandığı möhtəşəm qələbənin sirrini üç faktorda görmək olar: müzəffər Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi və xalqın birliyi...

Lakin bu zəfəri Tarif Şurası həm xalqın burnundan gətirməkdədir, həm vətəndaşları dövlətdən narazı salmaqdadır, həm qazanılan dividentləri xərcləməkdədir. 8 noyabr Zəfər Gününə sayılı zaman qalıb və buyurun, Tarif Şurasının “hədiyyəsi” hazırdır - qaz və işıq qiymətləri artırılıb.

Bu bir il ərzində artan təkcə onlar olmayıb, su benzin qiymətinə çatıb, bazarlar, marketlər gizli-gizli, qəpik-qəpik bahalaşmaya gedib və faktiki olaraq, ilin əvvəlində aldığımız məhsulların hər birində indi ilin sonuna yazın 70-100 faiz artım qeydə alınıb.

Rubrika.Az yazır ki, Tarif Şurasının bu sabotaj siyasəti heç cür başadüşülən deyil. Qurum nəzərə almır ki, “Azərişıq” ASC və “Azəriqaz” QSC tərəfindən müxtəlif səbəblər göstərilərək müraciət oluna bilər, amma məsələnin siyasi və sosial tərəfləri nəzərə almaq lazımdır.

Siyasi tərəfi budur ki, əhali hökumətdən narazı qalır, xalq verilən qərarları hakimiyyətin mövqeyi kimi qəbul edir, sosial tərəfi isə vətəndaşların güzəranı çətinləşir, üstəlik, pandemiya dönəmində...

Tarif Şurası hesablamalıdır ki, bu siyasət dövlətin kursuna, xüsusən Prezident İlham Əliyevin daxili siyasətinə tərs mütənasibdir. Elə məhz buna görə Tarif Şurası hər iki kommunal quruma möhtəkirlik və nökərçilik edərkən, paralel olaraq dövlət başçısı maaş və pensiyaların artırılmasına qərar verdi. Artıq 1 yanvardan bu artım cəmiyyətin bir sıra təbəqələrini əhatə edəcək.

Deməli, Prezident əhalinin rifah səviyyəsini yaxşılaşdırır, əks cəbhədə isə - “Azərişıq”, “Azəriqaz” və Tarif Şurası əlbir olaraq sosial təxribata gedir, bahalaşma ilə hökumətdən narazılıq yaradır, bunu öz xərcləri ilə əlaqələndirir, nəticə etibarı ilə Qarabağdakı zəfəri insanların burnundan gətirir.

Qarabağda möhtəşəm layihələr həyata keçirilir, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır, bu günlərdə Füzuli beynəlxalq hava limanı açılacaq, bir sözlə, Azərbaycan Qarabağdan dünyaya açılır, di gəl, bizim Tarif Şurası heç bir tərifə layiq olmayan addımlar atır.

Axı qiymət artımına bu ərəfədə nə ehtiyac var idi? Nə üçün bir üzümüz güləndə, o bir üzümüz məyus olur? Bəlkə əhalinin yaşayış səviyyəsi Şura üzvlərini narahat etmir? Niyə qələbəyə doyunca sevinməyək?

Hər şeydən əvvəl hökumətin reputasiyasını nəzərə almaq lazımdır, xalqla dövləti üz-göz etmək, iqtidarın opponentlərinə arqument qazandırmaq olmaz. Ümumiyyətlə, Tarif Şurası kabusa çevrilib və başabəla qurum olub. Sanki söz verib dövləti çətinə salacaq, xalqdan özünə qarğış qazanacaq. Nə deyək, qəzamız mübarək!

Yəhya
Rubrika.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.