Xəzərdə suitilərə qarşı SOYQIRIM necə törədilir? – Balıqçıların TOR ƏMƏLİYYATI

25-10-2021, 16:30           
Xəzərdə suitilərə qarşı SOYQIRIM necə törədilir? –
Abşeron sahillərinə çıxan kütləvi suiti cəsədləri ilə bağlı məsələ yenidən aktuallaşıb.
Xəzərin yeganə məməli heyvanı və dünyada ən kiçik suiti növü olan Xəzər suitilərinin kütləvi qırğını uzun müddətdir ki, sosial mediada müzakirə obyektinə çevrilib. Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Nardaran sahillərində müşahidə edilən Xəzər suitilərinin çoxsaylı ölümünün balıq ovu fəaliyyətinin nəticəsi olduğu güman edilir. Mütəxəssislərin fikrincə, suitilər sintetik torlara və qarmaqlara keçərək ölürlər.

Maraqlıdır, balıqçılar dünyada kiçik növdən olan suitiləri niyə öldürür?

AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Süleyman Süleymanov Bizim.Media-ya açıqlamasında sözügedən problemin uzun müddətdir mövcud olmasından gileylənib:

“Dəfələrlə bu hal təkrarlanıb. Bu yaxınlarda da Pirşağı sahillərində monitorinq aparmışdıq. Orada 10, ondan ay yarım əvvəl 7, bir həftə əvvəl isə 3 suiti cəsədinə rast gəlmişdik. Yəni bu hal mütəmadi olaraq baş verir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə monitorinqi əsasında təyin etdik ki, suitilərə balıqçılar müdaxilə edib. Çünki bədənlərində iti kəsici alətlərin, hətta torun izləri görünürdü. Əgər onlar zəhərləniblərsə, niyə bədənlərində dəliklər olmalıdır? Suitilər yırtıcı məməlilərdəndirlər və balıqlarla qidalanırlar.

Tora düşmüş asan qidalardan istifadə zamanı suitilərə balıqçılar tərəfindən müdaxilə olunub. Onlar da qan itirə-itirə qayalara çırpılaraq sahilə çıxıblar. Nəticədə nadir növdən olan suitilər kütləvi qırılırlar”.

Süleyman Süleymanovun sözlərinə görə 1990-cı ildən bəri Xəzərin yeganə məməli heyvanının sayı 80 faiz azalıb:

“Düzdür balıqçılar qanunsuz ov etmirlər, onlara torlarını qurmaq üçün lisenziya verilib. Amma balıqçıları maarifləndirmək lazımdır ki, tora düşən suitiyə müdaxilə etməsinlər, oradan ayırsınlar. Bir məsələ də var ki, balıqçılar özləri də qorxur, bəzən suitilər aqressivləşir və insanlara da hücum edə bilirlər. İstənilən halda balıqçılara lisenziya verən qurum onları bu məsələdə marifləndirməlidir. Məsələn, biz də dənizdə ekspedisiyaya çıxırıq. Düşən xırda, körpə balıqları o dəqiqə suya atırıq. Ən son elmi tədqiqat monitorinqimiz zamanı tora Nərə balıq körpələri düşmüşdü. Biz onları tez bir zamanda çəkdik, ölçdük və suya atdıq. İndi torların əksəriyyəti jılkadır deyə, əksər körpə balığı məhv edir. Yəni burada balıqçıların üzərinə çox böyük məsuliyyət düşür.

Təkcə dənizdə deyil, şirin sularda, çaylarda da, məsələn Şəmkirdə, Mingəçevirdə ovlanma işləri aparılırsa, qeyd olunanlara əməl edilməlidir. Biri var suiti yaşlaşıb ölür, bu başqa şeydir. Amma sahilə çıxan cəsədlərdəki izlərdən görünür ki, əməlli-başlı onlara müdaxilə olunub”.

Zooloq onu da əlavə edib ki, sözügedən suitilər endemikdir və Şimal buzlu okeandan bizə qalmış yadigardır:

“Vaxtilə Xəzər dənizinin Şimal buzlu okeanla əlaqəsi olub. Artıq məhv olma təhlükəsi ilə üz-üzə qaldığımız Xəzər Qızıl balığı və suiti növü var. Hazırda Qızıl balıq kütləvi olaraq daha çox Kür çayına miqrasiya edir. Əfsuslar olsun ki, bu gün dəniz çaya girir, bəs bu balıq çaya necə getsin? Bilirsiz ki, Salyan və Neftçala rayonlarında içməli su problemi yaşanır. Kür çayının üstündən nəzər salanda suyun olmadığı görünür. Ekoloji şərait həddindən artıq dəyişib. Biz bunu ekspedisiya zamanı müşahidə edirik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.