Bahalaşma:Kəndli məhsulunu hansı bazarda satsın? - HƏQİQƏTƏN DƏ...

26-10-2021, 17:55           
 Bahalaşma:Kəndli məhsulunu hansı bazarda satsın? -
Kənd Təsərüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC dekabrın 20-30-da Bakının müxtəlif ərazilərində kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkil edilməsi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 150 manatdır. Qeyd edək ki, ölkədə müxtəlif vaxtlarda, adətən bayramlar ərəfəsində satış-yarmarkalar təşkil olunur. Ancaq bu, bir faktdır ki, yerlərdə məhsulu özü yetişdirən kəndliləri paytaxtdakı bazarlarda görmək mümkün deyil. Çünki məhsulunu Bakıdakı satış-yarmarkalara gətirərkən yol xərci, həmin müddət ərzində müəyyən qonaq evi ilə təmini vəsait tələb etdiyindən, həmin yarmarkalar heç də kəndli üçün əlçatan olmur. Onu da vurğulayaq ki, bir sıra ölkələrdə həftənin müəyyən günləri məhəllələrdə kiçik bazarlar təşkil edilir və kəndlilər öz məhsullarını bu bazarlarda sata bilirlər. Yeri gəlmişkən, Azərbaycanda yerli kartof son 2-3 həftədir ki, kəskin bahalaşıb. Bakı bazarlarında və supermarketlərdə yerli kartofa çox az rast gəlinir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin 9 ayında da 1 milyon tona yaxın kartof yığılıb. KTN kartofun bahalaşmasını onunla əlaqələndirir ki, əsas kartof istehsalçısı olan İran, Pakistan kimi ölkələrdə belə, istehsal azalıb, həmin ölkələrin özlərində idxala tələbat yaranıb.

Qeyd edilir ki, Azərbaycanda kartofun qiymət artımı idxal mənbələri hesabına yaranıb. Bir sıra mütəxəssislər isə ölkədə yerli kartofun tələbatı ödədiyini bildirirlər. Beləliklə, bu gün yerli istehsal tələbatı ödəyirsə və yerlərdə satış yarmarkaları təşkil olunarsa, həm kəndli məhsulunu özü sata bilər, həm də istehlakçı daha ucuz qiymətə məhsul əldə edə bilər.

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Cebhe.info-ya indiyədək Bakı şəhərində bir çox yarmarkalar keçirildiyini deyib:

“Həmin yarmarkaların sırasında “Bal yarmarkası” istisna təşkil edir, çünki burada həqiqətən də bölgələrdən gətirib bal satırlar. Meyvə-tərəvəz satışının həyata keçirildiyi digər kənd təsərrüfatı yarmarkalarının təşkili görüntü xarakteri daşıyıb. Bakının digər bazarlarından satılmayan məhsulları 10-50 qəpik ucuz qiymətə gətirib burada satmaqla guya yarmarkalar təşkil edirlər. Hesab edirəm ki, bu yarmarkaların reallığına diqqət yetirilməlidir. KTN-in rayonlarda 54 yerli idarəsi var və həmin idarələr məlumat hazırlamalıdırlar ki, onların yerləşdiyi ərazidə hansı məhsul boldur, Bakıya nə qədər gətirə bilərlər. Onlar fermerlərin Bakıya gəlməsini və bazarlarla təminini təşkil etməlidirlər. Heç bu yarmarkaya ciddi ehtiyac yoxdur.

Çünki bazarlar açmaq və həmin bazarlara fermerlərin girişini pulsuz etmək, məhəllələrdə satış yerləri düzəltmək lazımdır, həmin yerlərdə istehsalçının öz məhsullarını gətirib satması asanlaşdırılmalıdır. Yəni fermerin bazara əli asanlıqla çatmalıdır. O, istənilən an öz məhsulunu yığıb gətirib Bakı, Gəncə, Lənkəran və digər böyük şəhərlərdə satmaq imkanına malik olmalıdır. Yollarda hərəkəti asan olmalıdır, yol polisi ondan rüşvət almamalıdır, gətirib sərbəst şəkildə məhsulunu 1-2 günə satıb getməlidir. Belə olan halda məhsulun yerindəki qiyməti ilə şəhərlərdəki qiyməti arasındakı fərq azalacaq. Hazırda Bakı bazarlarına girmək mümkün deyil, yarmarkalara da giriş pulludur. Hökumət kəndlinin, fermerin əlini bazara çatdırmaqda səmimi olmalıdır. Bu istiqamətdə təcrübələr öyrənilməli, tətbiq edilməlidir. Biz 20 ildir ki, bu yarmarkaları eyni qaydada təşkil edirik, ancaq bu, xeyir vermir. Bu da korrupsiya mənbəyinə çevrilib”.

Ekspert deyir ki, kartof Azərbaycanda nadir tərəvəzlərdəndir ki, ölkə əhalisinin tələbatını tam ödəyə bilər: “Ancaq bununla yanaşı, idxal da olmalıdır və biz də ixrac edirik. Yəni bu mübadiləni aradan qaldırmaq düzgün də deyil. Lakin məsələ ondadır ki, bu gün kartofun qiymətinin qalxması nə xaricdəki kartofon qiymətinin bahalaşması, nə də yerli kartofun az istehsalı ilə bağlıdır. Ola bilər ki, builki müəyyən miqdarda az olsun. Ancaq qiymətin artmasına təsir edən əsas amil bu deyil. Qiymətin artmasına təsir edən əsas amil ölkədə ümumi qiymət artımı və bununla yanaşı enerji daşıyıcılarının qiymətlərinin artmasıdır. İlin əvvəlindən bəri bütün enerji daşıyıcılarının, qazın, dizel yanacağının, elektrik enerjisinin qiymətləri qalxıb. Bazarda bütün məhsulların qiyməti bahalaşırsa, təbii ki, kartofun da qiyməti bahalaşmalıdır. Kortofun qiymətinin qalxmasını inflyasiya ilə əlaqələndirirəm. Bu gün Azərbaycanda elan edirlər ki, 9 aya görə 5,2 faiz inflyasiya var, ancaq inandırıcı rəqəm deyil. Real rəqəmlər ikirəqəmli faizlərlə ifadə olunur. Ona görə də digər məhsulların qiyməti kimi kartofun da qiyməti qalxmalıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.